41 yaşda verilən çətin qərar
Karyerasını bitirən isveçli futbol ulduzu Zlatan İbrahimoviç həm meydanlardakı oyunu, həm də qeyri-adi həyat tərzi ilə yaddaşlarda iz buraxdı. Azarkeşlər onu uzun illər xoş xatirələrlə yada salacaqlar.
Daha bir ulduz futbol meydanlarına əlvida dedi. Bu günlərdə isveçli futbolçu Zlatan İbrahimoviç karyerasını başa vurduğunu açıqladı. Özü də gözlənilmədən... Baxmayaraq ki, Zlatan bu qərarı 41 yaşında verdi, amma hələ də çoxları onun özündə daha bir il oynamaq üçün güc tapacağına inanırdı. Amma başa çatmaqda olan mövsümdə yaş öz sözünü dedi. Zədələr mövsüm boyu Zlatana aman vermədi. O, “Milan”da başa çatan mövsümdə cəmi 4 oyunda meydana çıxa bildi.
2020-ci ildən "Milan"da çıxış edən isveçli ulduz İtaliyaya qayıdan kimi səviyyəsini ortaya qoydu. Əsl cəngavər kimi komandanı ətrafında toplayaraq inanılmazı etməyi bacardı. “Milan” uzun illər sonra məhdud büdcə ilə 2021-2022-ci il mövsümündə İtaliya çempionu adına layiq görüldü. Bu mövsüm isə Çempionlar Liqasında yarımfinal oynadı. İbrahimoviçdən əvvəlki “Milan”ın bu uğurlara imza atacağını kim iddia etsəydi, ona istehza edərdilər. Amma İbrahimoviçli “Milan” bacardı.
Z.İbrahimoviç çox parlaq futbolçu karyerası yaşadı. Karyerası ərzində "Milan"la yanaşı, Niderlandda "Ayaks", İtaliyada "Yuventus" və "İnter", İspaniyada "Barselona", Fransada PSJ və İngiltərədə "Mançester Yunayted" kimi komandaların da formasını geyindi.
Bütün zamanların ən böyük hücumçularından biri
O, bütün zamanların ən böyük hücumçularından biri kimi qəbul edilir və İsveç yığmasının da şəriksiz lideri idi. İbrahimoviç 20 illik beynəlxalq karyerası ərzində İsveç milli komandasının heyətində 100 və daha çox oyun keçirmiş on bir oyunçudan biridir. O, 62 qolla ölkənin bütün zamanların ən çox qol vuran oyunçusudur. İsveçi 2002 və 2006 FIFA Dünya Kuboklarında, həmçinin 2004, 2008, 2012 və 2016 UEFA Avropa Çempionatlarında təmsil edib. O, 2007-ci ildən 2016-cı ilə qədər ardıcıl 10 dəfə olmaqla, 12 dəfə rekord göstərici olan ilin isveçli oyunçusuna verilən “Qızıl Top” mükafatına layiq görülüb. İbrahimoviçin İngiltərəyə qarşı 35 metrlik cərimə zərbəsindən vurduğu qol 2013 FİFA Puskaş Mükafatını qazanıb və dünyanın ən yaxşı qollarından biri hesab olunur.
Həm də bəxtsiz futbolçu kimi qiymətləndirilə bilər
Zlatan həm də bəxtsiz futbolçu kimi qiymətləndirilə bilər. 2015-ci ildə UEFA onu UEFA Çempionlar Liqasını qazana bilməyən ən yaxşı oyunçu kimi qiymətləndirib. 2019-cu ildə isə FourFourTwo jurnalı onu heç vaxt yarışmada qalib gəlməyən üçüncü ən böyük oyunçu adlandırıb. 2014-cü ilin dekabrında İsveçin “Dagens Nyheter” qəzeti onu tennisçi Björn Borqdan sonra ikinci ən böyük İsveç idmançısı seçib.
Tanrıya və axirətə inanmır
Zlatan həqiqətən unikal futbolçu idi. O, özünü milliyyətcə qarışıq isveçli adlandırırdı. Atası müsəlman bosniyalı Şefik İbrahimoviç, anası katolik xorvat Jurka Graviç idi. İbrahimoviç altı yaşında bir cüt buts aldıqdan sonra futbol oynamağa başlayıb.
İsveçli hücumçu açıq şəkildə Tanrıya və axirətə inanmadığını bildirir: "Yalnız özümə inanıram. Bu, həyatdır. Öləndə ölürsən. Heç bilmirəm dəfn mərasimi və məzar istəyirəm, ya yox. Axı məni sevənlər həmin vaxt əziyyət çəkəcəklər. Xurafat da mənlik deyil. "Uğurlar" sözü xoşuma gəlmir, mənə lazım deyil. Çünki nəyin necə ediləcəyinə özüm qərar verirəm".
Qeyri-adi davranışlar və açıqlamalar
Zlatan həm də qeyri-adi davranışları və açıqlamaları ilə diqqət çəkirdi. Məsələn, müsahibələrində deyirdi ki, əsəbiləşməsə, yaxşı oynaya bilmir. Karyerası ərzində bir çox qalmaqallar yaşamışdı. Ən çox danışılan qalmaqalı “Barselona”da çalışarkən baş məşqçisi Pep Qvardiola ilə olmuşdu. İsveçli futbolçu ispan məşqçinin stilini bəyənmirdi və bunu açıq ifadə edirdi. Onun ən sevimli məşqçisi Joze Mouriniyo idi. “Barsa”da olarkən onun Messi ilə də ulduzunun barışmaması barədə xəbərlər yayılmışdı. Məsələ burasındadır ki, İbrahimoviç özünü dünyanın ən yaxşı oyunçusu hesab edirdi. Bu da həmin titulu daşıyan Messinin xoşuna gəlmirdi.
Zlatan Ronaldo haqqında da tikanlı sözlər işlədirdi: “Məncə, Ronaldo bütün mükafatları Messinin almasını seyr edən yaxşı bir tamaşaçıdır. O, ən yaxşı üç futbolçu arasında yer almağı haqq etmir. Ondan yaxşı ən azı 10 futbolçu var”.
Pioli: “İnanılmaz əzmə sahib biridir”
“Milan”ın çalışdırıcısı Stefano Pioli hücumçu Zlatan İbrahimoviçin karyerasını bitirməsi barədə danışarkən onu nümunəvi futbolçu adlandırıb: “O, həm meydanda, həm də meydandan kənarda bizə çox kömək edirdi. Nümunəvi futbolçu idi. İnanılmaz əzmə sahib biridir. “Milan”ın gənc futbolçularının çox şeyi dərindən dərk etməsində onun əməyi olub. Zlatanla fərqli-fərqli mövzuları müzakirə edirdim. Özünü hər zaman çempion kimi aparırdı”.
Kaspi.az