383 transfer, 327 milyon avro xərc

Super Liqa klubları bu yay transferlərə çox böyük xərc çəkdilər. Yenə də əsas xərc çəkən “Qalatasaray”la “Fənərbağça” oldu. Digər klublar isə daha çox azad agent və ya aşağı ödənişli oyunçularla müqavilə imzaladılar.
Türkiyə Super Liqasında yay transfer pəncərəsi hərəkətli keçdi. Bu dəfə də bir neçə ulduz oyunçu qonşu ölkənin liqasına üz tutdu. Xüsusən, “Qalatasaray” və “Fənərbağça” transferlərdə fəallıq göstərdilər. “Beşiktaş”, “Başakşəhər”, “Trabzonspor” da bir neçə diqqətçəkən keçid həyata keçirdi. Beləliklə, artıq indidən demək olar ki, bu mövsüm “Fənərbağça” və “Qalatasaray” Türkiyə çempionu olmaq üçün əsas iddialılardır.
Super Liqa klubları bu yay transferlərə çox böyük xərc çəkdilər. Ümumilikdə klublar 383 transfer həyata keçirdilər. Bu keçidlər üçün xərclənən yekun məbləğ isə 327 milyon avrodan artıqdır. Sözügedən məbləğin əsas hissəsi isə məhz “Qalatasaray”la “Fənərbağça”nın payına düşür. Digər klublar daha çox azad agent və ya aşağı ödənişli oyunçularla müqavilə imzalayıblar.
Xərclərlə yanaşı, Türkiyə klublarının qazancı da məlum olub. Ümumilikdə 366 futbolçu komandaları tərk edib. Satışlardan yekun qazanc 166 milyon avrodan bir qədər artıq olub.
Kisənin ağzını açan “Qalatasaray”
Super Liqada yayın ən aktiv klubu “Qalatasaray” oldu. Son çempionun əsas transferi Viktor Osimhendir. Daha əvvəl komandada icarə əsasında çıxış edən nigeriyalı forvard “Napoli”dən birdəfəlik alındı. Onun üçün “Qalatasaray” 75 milyon avro ödədi. Bu, Türkiyə futbolu tarixində rekord transfer məbləğidir. İstanbul klubu bununla kifayətlənmədi. Müdafiəyə “Monako”dan Uilfrid Sinqo cəlb olundu. 24 yaşlı sağ cinah müdafiəçisi “sarı-qırmızılılar”a təxminən 31 milyon avroya başa gəldi. Fernando Musleranın gedişindən sonra boş qalan qapı isə Türkiyə millisinin qolkiperi Uğurcan Çakıra həvalə olundu. “Qalatasaray” qapıçı üçün “Trabzonspor”a 27.5 milyon avro verməyə razılaşdı. Bu da Türkiyə Super Liqasında meydan oyunçusu olmayan keçid üçün ən böyük məbləğdir.
“Qalatasaray” daha iki ulduz oyunçunu pulsuz cəlb etməyi bacardı. Onlardan biri Leroy Sanedir. “Bavariya”dan gələn və 32 milyon avro bazar dəyəri olan vinger komandanın hücum potensialını artıracaq. Transfer pəncərəsinin son günündə isə daha bir böyük keçid havayı başa gəldi. “Cim-bom” bu dəfə “Mançester Siti”dən İlkay Gündoğanı heyətinə qatdı.
Yenilənən “Fənərbağça”
“Fənərbağça” da transfer dövrünü aktiv keçirdi. Lakin “bülbüllər” “aslanlar” qədər böyük məbləğlər xərcləmədilər. “Fənər”lə bağlı əsas məqam baş məşqçi Joze Mourinyo ilə yolların ayrılmasıdır. Portuqaliyalı mütəxəssisi kimin əvəz edəcəyi də hələ bəlli deyil. Komandanın əsas transferi isə “Benfika”dan alınan Kərəm Aktürkoğludur. Bu keçid üçün klub 22.5 milyon avro ödədi. Ümumilikdə səs-küylü transferin komandaya necə fayda verəcəyi maraqla gözlənilir. Komandanın digər transferlərinə gəlincə, “Mançester Siti”dən Edersonun gəlişi qapı xəttindəki problemi həll etməyə hesablanıb. Klub ulduz qolkiper üçün ingilislərə 11 milyon avro ödəməli oldu. Hücum xəttinə isə Kərəmdən əlavə daha üç ciddi transfer həyata keçirildi. Burada xüsusən Con Duran diqqət çəkir. Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubundan icarəyə götürülən kolumbiyalı forvardın komandanın əsas qol silahı olacağı gözlənilir. Ona bu işdə Marko Asensio kömək etməlidir. “Real”dakı oyunu ilə ulduzlaşan ispaniyalı hücumameyilli yarımmüdafiəçi üçün Fransa PSJ-sinə 7.5 milyon avro ödənilib. Avstriyanın “Zaltsburq” klubundan gələn vinger Dorgelos Nene üçün isə klub 18 milyon avrosundan keçdi.
“Fənərbağça” müdafiə və yarımmüdafiəni də gücləndirdi
“Fənərbağça” müdafiə və yarımmüdafiə xətlərini də gücləndirdi. “Gent”dən 8 milyon avroya alınan Arçi Braunla “Vulverhempton”dan azad agent kimi cəlb olunan Nelson Semedu “arxa cəbhə”nin möhkəmliyinə cavabdeh olacaqlar. Onlara bu işdə PSJ-dən birdəfəlik alınan Milan Şkrinyar köməklik göstərəcək. Orta xətdə isə “Vest Hem”dən icarəyə götürülən Edson Alvares komandanın oyununa keyfiyyət qatmağa çalışacaq.
Ən dəyərli Türkiyə klubu hansıdır?
Transfer dövründən sonra Türkiyə Super Liqasında klubların dəyərləri yenilənib. Hazırda heyəti ən bahalı oyunçulardan təşkil olunan “Fənərbağça”dır. Komandanın heyətinin ümumi dəyəri 315 milyon avrodur. “Fənər”i əzəli rəqibi “Qalatasaray” izləyir. “Sarı-qırmızılar”ın oyunçularının ümumi qiyməti 298 milyon avro təşkil edir. “Üçlüy”ü qapayan “Beşiktaş”da bu rəqəm 169 milyon avrodur. Digər klublar arasında 100 milyonluq səddi keçə bilən yoxdur. Mütəxəssislərin əksəriyyəti yekun turnir cədvəlinin də məhz oyunçu keyfiyyətinə uyğun olacağını proqnozlaşdırırlar. “Fənərbağça” və “Qalatasaray” çempionluğa əsas iddiaçılar hesab olunur. “Beşiktaş”ın bürünc qazanacağı ehtimal edilirsə, “Başakşəhər”, “Trabzonspor” kimi klubların onlara çətinlik yaratmağa çalışacağı ehtimal olunur.
