1500 məktəbi gözləyən reallıq
Şagird sayı yüzdən az olan məktəblərin gələcək taleyinin necə olacağı ilə bağlı nigaranlıq artır. Nazir vəd edir ki, söhbət yalnız məktəbin fəaliyyətinin dayandırılmasından getmir. Buraya məktəblərin birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir
“Ölkədə 1500 məktəb bağlanacaq” xəbəri sosial şəbəkələrdə və mediada tirajlanaraq cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Valideynlər “uşaqlarımızın taleyi necə olacaq?”, müəllimlər “işsiz qalacağıq?” deyə narahatlıq keçirdilər. Elm və təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasını qeyd etdi: “Ölkədə fəaliyyət göstərən təxminən 4 400 məktəbin 1 500-də yüzdən az şagird təhsil alır. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir”.
Təbii ki, hər bir yeniliyin proses zamanı müəyyən çətinlikləri də meydana çıxır. “Rasionallaşmanın həyata keçiriləcəyi təqdirdə müəllim və şagirdlər hansı problemlə üzləşə bilərlər” sualı isə həmin məktəblərdə çalışan müəllimlərin taleyi, şagirdlərin bir kənddən digər kənd məktəbinə necə yollanması və s. ilə bağlı əlavə suallar doğurur.
Siniflərdə uşaq sayı azalır
Xaçmaz rayonu, Çarxı kənd orta məktəbin alman dili müəllimi Tavat İsgəndərova bildirir ki, bu xəbəri eşidincə, iş yerlərini itirə biləcəklərinə görə narahatlıq keçiriblər: “Qonşu kəndlərdə məktəblər var ki, orada təhsil 9 illikdir. O məktəblərin 10-11-ci sinif uşaqları gəlib bizim kənddəki iki məktəbdə oxuyurlar. Əsasən də oğlan uşaqları gəlir. Qızlar çox vaxt 9-cu sinifdən sonra dərslərini davam etdirmirlər. Başqa kəndə oxumağa getmək onlar üçün problemə çevrilir. Amma avtobus ayrılsa, bu problem həll olunar. Digər problem ailələrin iş dalıyca Bakıya köçmələridir. Nəticədə siniflərdə uşaq sayı azalır. Həmçinin ailələrdə də uşaq sayının az olması problemi dərinləşdirir”.
Cəlilabad rayon Nizami adına şəhər 1 saylı Məktəb-liseyin müəllimi Asya Yusifova etiraf edir ki, yaxın kəndlərdə elə məktəblər var ki, bir sinifdə 5-10 uşaq oxuyur: “Eşitdiyimə görə, rayonda bir neçə kənd birləşib bir məktəbdə dərs keçir. Bir kənddən o biri kəndə getmək, xüsusən ibtidai sinif uşaqları üçün çətinlik törədər”. A.Yusifovanın fikrincə, valideynlərin bu məsələdə narahat olmağa haqları olsa da, müəllimlərin narahatlığı əsassızdır: “Müəllimlər MİQ imtahanı verib onlar üçün sərfəli olan məktəbə təyin olunacaqlar. Bununla belə, bir məktəb köçürülərsə, müəllimləri də köçürülür və heç kəs işsiz qalmır. Ancaq uşaqlar üçün çətinlik yarana bilər. Çünki bir kənddən digər kəndə getmək çətinliyi olur”.
Daha yüksək səviyyəli təhsil imkanları üçün
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) katibi Günay Əkbərova hesab edir ki, məktəblərin faəliyyətinin rasionallaşdırılması adambaşı maliyyələşmə sisteminə keçidin vacib tərkib hissəsidir: “Bu yanaşma azsaylı şagirdi olan məktəblərə ayrılan böyük vəsaitin daha effektiv və səmərəli şəkildə istifadə edilməsini, şagirdlərin daha yaxşı şəraitdə və yüksək standartlarda təhsil alma imkanlarının genişləndirilməsini hədəfləyir”. İŞ katibi bildirir ki, son tədris ilində şagird sayı 10-dan az olan 142 məktəbin fəaliyyəti rasionallaşdırılıb: “Bu proses çərçivəsində bəzi məktəblər birləşdirilib, digərlərinin isə fəaliyyət istiqaməti dəyişdirilib və ya peşə təmayüllü siniflər açılıb. Bu dəyişikliklər daha yüksək səviyyəli təhsil imkanları təmin etmək məqsədi daşıyır”. G.Əkbərova hesab edir ki, bu proses mənfi mənada qiymətləndirilməməlidir. Belə ki, illər ərzində insanların yaşayış yerlərinin dəyişməsi, xüsusilə şəhər və rayon mərkəzlərinə köçü nəticəsində bəzi kənd və qəsəbələrdə şagird sayı əhəmiyyətli dərəcədə azalıb. Bu səbəbdən, az şagirdi olan məktəblərin fəaliyyətinin dayandırılması və ya daha sıx əhalisi olan ərazilərdə yeni məktəblərin açılması zərurətə çevrilib: “Düşünürəm ki, rasionallaşdırma prosesində təkcə iqtisadi göstəricilər deyil, eyni zamanda uşaqların və müəllimlərin rifahı, icmanın ehtiyacları və təhsil imkanlarının bərabərliyi kimi meyarlar da nəzərə alınmalıdır. Həmin meyarlardan ən vacibi nəqliyyatın təmin edilməsidir. Şagirdlərin mərkəzləşdirilmiş məktəblərə rahat və təhlükəsiz şəkildə daşınması təmin edilməli, həmçinin texnologiyalardan istifadə edərək distant təhsil variantları genişləndirilməlidir. Bu, xüsusilə ucqar ərazilərdə yaşayan uşaqlar üçün vacibdir”. G.Əkbərovanın fikrincə, digər vacib məqam həmin məktəblərdə işləyən müəllimlərə yeni iş yerləri təklif edilməsidir: “Bundan əlavə, yerli icmalar bu prosesə cəlb edilməli, onların ehtiyac və narahatlıqları dinlənilməlidir. Bu, dəyişikliklərin daha asan qəbul edilməsinə kömək edəcək”.
Yəqin ki, çıxış yolu tapılacaq...
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova qeyd edir ki, ucqar dağ məktəblərində şagirdlər 5-6-ci siniflərdə oxuyarkən yaxın kəndlərdə olan ümumi və ya tam orta məktəblərə yönəlirlər: “Bu proses onsuz da avtomatik baş verir. İbtidai təhsilini öz məktəbində oxuyub, sonra başqa məktəblərə getməkdənsə, birbaşa digər məktəblərə getmək elə də böyük problem yaratmaz. Çətinlik yol və məsafə baxımından ola bilər, amma məktəblərin birləşdiriləcəyi təqdirdə aralarındakı məsafə və ora gedəcək şagird sayı nəzərə alınacaq. Hesab edirəm ki, nazirlik daha yaxın məsafədə olan məktəblərin birləşdirilməsi ilə bağlı qərar verəcək”. Müəllimlərin narahatlığına gəlincə, P.Qədimova hesab edir ki, müəllimlər də digər məktəbə köçürülə bilərlər: “Bu, yerdəyişmə vasitəsi ilə ola bilər. Nazirlik müəllimlərin işsiz qalmasında maraqlı deyil. Bu baxımdan, yəqin ki, optimal bir çıxış yolu tapılacaq”.
Təranə Məhərrəmova