• çərşənbə axşamı, 19 mart, 14:55
  • Baku Bakı 8°C

Vəli Məhəmməd Xoca Oğuznaməsi

23.07.19 15:30 47256
Vəli Məhəmməd Xoca Oğuznaməsi
Türk xalqlarının tarixi və mədəniyyəti baxımından mühüm əhəmiyyət daşıyan yeni tapılmış Oğuznamə əlyazmasının artıq Türkiyədə bir neçə nəşri meydana çıxmışdır. Bunlar prof. Yusif Azmun, prof. Mətin Ekici tərəfindən hazırlanıb çap edilən və "Modern Türklük Araşdırmaları Dergisi”ndə yer alan nəşrlərdir. Əlyazmanı prof. Yusif Azmun "Söyləmələr və İki Yeni Boy ilə Türkmən Səhra Nüshası”, prof. Mətin Ekici "Dədə Korqut kitabı. Türküstan/Türkmən Səhra Nüshası. Soylamalar və 13-cü boy – Salur Qazanın Yeddi Başlı Ejderhayı Öldürməsi”, dərgi isə "Dədə Korqut Kitabı”nın Günbəd Yazması” adı ilə çap etmişdir. Çox böyük diqqət və qayğı ilə, elmi şərh və izahlarla, türk dünyasına böyük sayqı ilə və sevərəkdən meydana çıxan bu nəşrlər folklorşünaslığın inkişafında mühüm rol oynayacaqdır. Amma bir məsələ var ki, hər nəşr fərqli şəkildə adlandırıldığından tədqiqatçıları və oxucuları xeyli seçim qarşısında qoyur. Bunu nəzərə alaraq heç bir münasibət ifadə etmədən əlyazmanı onu tapana dərin hörmət əlaməti olaraq "Vəli Məhəmməd Xoca Oğuznaməsi” adlandırmağı qərarlaşdırdıq.
Çox ciddi tarixi və fəlsəfi məzmun daşıyan Oğuznamə 25 fəsildən ibarətdir. Bu fəsillərin həcmi eyni deyildir və həcm fərqliliyi şifahi mətnin əlaməti kimi özünü göstərir. Oğuznamənin bəzi fəsillərində ifadə olunan fəlsəfi düşüncə, müdriklik amili, bəzi fəsillərində isə müşahidə olunan süjet əlamətləri 25 fəsli bu və ya digər dərəcədə bir-birinə müəyyən tellərlə bağlayır. Mətnin təhkiyəsi, dilinin axıcılığı da bu məsələdə az rol oynamır. Birinci fəsildə Tanrıdan, onun qüdrətindən və Məhəmməd də daxil olmaqla digər peyğəmbərlərlə yanaşı, Dədə Qorqudun da adı çəkilir və onun belə bir nəsihəti xatırlanır: "Dostlar, dua qılayım cavanmərdləri görmək üçün”. Əslində, birinci fəsli Oğuznamənin müqəddiməsi də hesab etmək olar.
Oğuznamədə "Kidabi-Dədə Qorqud”dan bizə tanış olan bir çox obrazların adı keçir: Dədə Qorqud, Bayındır padşah, Salur Qazan, Burla xatun, Qıyan oğlu Dəli Dondar, Qara Budaq, Yeynək, Əmən. Yeni obrazlar da var: Lələ Qılbaş, Səlcuq bəy və sair.
Doqquzuncu fəsildə Bayındır "səksən min İç Oğuzun, doxsan min Daş Oğuzun padşahı” kimi təqdim olunur. Bundan xeyli əvvəl – hələ ikinci fəsildə Qazanın və "eşik ağası başı” Qara Budağın adı çəkilməklə yanaşı, əsas diqqət Salur Qazana yönəldilir. "Düşmənlərin qorxusu,.. qəriblərin arxası,.. qəniminə heybət ilə baxanda ürək yaran, ayağın üzəngiyə basanda doqquz tümən Gürcüstana ürkü salan” Qazandan söhbət gedir. Əslində, bunu Mətndə Salur Qazanın əsas qəhrəman olacağına işarə kimi də başa düşmək olar. Yaddan çıxmamış qeyd edək ki, doqquzuncu fəsildə Salur Qazanın adının qarşısında "Ulaş oğlu” ifadəsi də işlədilmişdir. Bütün obrazlarla müqayisədə ən çox hərəkətdə olan obraz da elə Qazandır.
Oğuznamədə adı çəkilən digər obrazların təqdimatı isə belədir:
Qıyan oğlu Dəli Dondar: "Təbrizdə at nalladan, Arazla Kürün suyunu içib keçən, Qubaya talan salan, Şirvanla Şamaxını tutan, Minqışlaq içinə ürkü salan, Dağıstana tufan salan, Dərbəndi təpib alan, Şah dağının üstündə kölgəlik düzəldən, Samur çayının üstündə içki quran, Tabasaran sultanı, qalın Bayat aqası, divanbəyi”.
Qara Budaq: "Hələbi alan, Şamı alan, taxti-Misirdə sultan olan,.. yatmaz, uymaz dövlətli, sərhədlərin yamacı, elçilərin cavabı, çöl yerlərin hasarı, Qazanla atası Qaragünəyə ümid olan, böyüdükcə düşmənin ödün yaran, qarıdıqca qəniminə qan qusduran”.
Yeynək: "On altı Canı Bəyin zərbinə qayım duran, hərəsini bir zərbinən yekkə-yekkə atdan salan, tanımayıb dayısı Qazana keşiş deyib ağzın söyən, Qara Budağnan zərbi bərabər gələn, Bəydilinin böyüyü”.
Əmən: "Varıban Məkkədə peyğəmbərin üzün görən, bığlarını yeddi yerdə çalıb dügən, hayqıranda bığlarının dibindən buğda dənli qan daşlanan, ölümünü saymayan”.
Xüsusilə qeyd etmək lazımdır ki, hamısında olmasa da fəsillərin çoxunda sonda Dədə Qorqudun adı çəkilir. Yalnız 4, 6, 12, 14, 16, 17, 20, 21-ci fəsillərin axırında Dədə Qorqud adına rast gəlinmir. Dədə Qorqudun adı çəkilən məqamlarda onun xeyir-duası eşidilir. Məsələn: "Haqq Təala dövlətinə bilgi versin” (2-ci fəsil), "Yalqızlıkda qadir Allah saxlasın canınızı” (3-cü fəsil), "Dədə Qorqud Oğuzun vəsfini nə qədər eləsə tükənməz” (5-ci fəsil), "Gələn günün xeyirə dönsün” (7-ci fəsil), "Sakınmayıb söz söyləsən sonra utanıb geri oturur” (8-ci fəsil), "Oğuzun vəsfin başa yetirə bilməz” (9-cu fəsil), "Əcəl sizcə güc ölümə tuş olmazmı?” (10-cu fəsil), "Haqq Təala saxlasın canınızı” (11-ci fəsil), "Keçən günləriniz keçibdir, gələn günlər xeyirə dönsün” (13-cü fəsil), "İki qapılı karvansaratək bu cahanı bir ev gördüm, bir qapıdan girəndə o qapıdan çıxan gördüm” (18-ci), "Nakəs bəylər talanıban pozulsa yaxşıdır” (19-cu), "Qoç igidə mədəd olsun” (23-cü), "Qazan kimi qoçaq igid dünyadan gəldi keçdi” (25-ci fəsil). Altıncı və on ikinci fəsillərin sonunda biri digərini xatırladan aforizmlər verilmişdir: Altıncı fəsil: "Mərd igidin tərifini qoç igidə söyləməsə, qola qopuz götürdüyü hammal kimi gəzdirdiyi nəyə yarar, nəyə yarar”; On ikinci fəsil: "Alp ozanlar ərdəmlidir mərd igidi mərd igidə tərif etmək”. On yeddinci fəsil Qazanın və Burla xatunun adının çəkilməsi ilə başa çatır. Bu faktlar şifahi mətnin əlamətləri kimi meydana çıxır, bəzilərini isə katibin əlavəsi də hesab etmək olar.
Türk xalqlarının tarixini, fəlsəfi dünyagörüşünü, zəngin mədəniyyətini, etnoqrafiyasını, dilini, dinini, məişətini əks etdirən oğuznamələr yalnız türklərin özü üçün deyil, bütün bəşəriyyət üçün faydalı və əhəmiyyətlidir. Xalq təfəkkürünün məhsulu olan hər bir mətn kiçikliyindən və böyüklüyündən asılı olmayaraq, insanların keçmişini, düşüncə tərzini, həyata münasibətini əks etdirməklə yanaşı, həmçinin gələcək nəsillər naminə yaradılmışdır. Ona görə də zamanından asılı olmayaraq, əldə edilən hər bir folklor nümunəsi mədəni hadisə deməkdir.
Obrazların təqdimatı və Mətnin ümumi ruhu ilk növbədə qəhrəmanlığın təcəssümünü və təntənəsini təsbit edir. Məlumdur ki, istər "Kitabi-Dədə Qorqud”da, istər digər qəhrəmanlıq dastanlarımızda, istərsə də nağıllarımızda və başqa folklor nümunələrində ayrı-ayrı obrazların simasında xalqın şücaəti və mərdanəliyi müxtəlif bədii formalarda (məsələn: qılıncla, çox yeməklə və s.) öz ifadəsini tapmışdır. Bu cür süjetlərdə əsas məqsəd gücü və yenilməzliyi nümayiş etdirmək, xalqın mübarizəyə inamını daha da artırmaqdır. Əslində, həmin tipli folklor nümunələrinin yaradılmasında da sözün qüdrətini göstərməkdən qabaq qəhrəmanlıq amalı, Vətən sevgisi əsas ideya olmuşdur.
Bu ideyaya uyğun olaraq Mətnin son fəsilləri Salur Qazanın ova çıxması süjeti üzərində qurulubdur. Bu da Oğuz igidlərinin yaşayışlarındakı və dastan ənənəsindəki həyat tərzlərindən qaynaqlanmışdır. Süjetdən məlum olur ki, Salur Qazan əsgərləri ilə bir yerdə ovda olarkən heç nə əldə edə bilmir və əliboş da geri qayıtmaq istəmir. Bu səbəbdən əsgərlərdən ayrılıb hökmən ov ovlamaq istəyir. Onun bu istəyi yurdda inamın sındırılmaması məqsədi daşıyır: "Bu qədər yol getməsinə rəğmən bir şey ovlayammadı. Pərvərdigara əl açıb "mən bəylərimdən bir ov ovluyalım deyə ayrıldım. Bir ov ovluyalım, yurduma ovsuz getməyəlim. Yurduma, orduma sən məni ovsuz göndərmə”. Bu yalvarışdan sonra alçaq yerlərə göz gəzdirib ov aradı”. Salur Qazan ov aradığı bir məqamda yeddibaşlı əjdaha ilə qarşılaşır.
Xalq düşüncəsinin məhsulu olan folklor nümunələrində insanın gücü, yenilməzliyi "Kitabi-Dədə Qorqud”un özündə də müxtəlif üsullarla nümayiş etdirilir. Lap elə birinci boyda buğaya qalib gələn gənc oğlana Buğac adı verilməsi, yaxud Oğuz elini təngə gətirən Təpəgözün Basat tərəfindən öldürülməsi və yaxud da qorxmazlıq baxımından Dəli Domrulun Əzrayılla davası eposun ən maraqlı səhifələrindəndir. Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsinə də həmin ənənənin bir vahidi kimi baxmaq olar. Hansının əvvəl, hansının axır olmasını nəzərə almadan gücün nümayişi üçün davamlı bir silsilə özünü göstərməkdədir: buğa, Təpəgöz, əjdaha və Əzrayılla döyüş.
Elə əjdaha ilə ilk dəfə qarşılaşdığı məqamda Salur Qazanın qorxmazlığı və şücaəti maraqlı bir bədii üsulla təcəssüm etdirilmişdir. Orada Salur Qazana 10 mindən başlayaraq onun üzərinə gələn düşmənin sayını xatırladırlar, həmçinin bu xatırlatma 10 min-10 min artırılır: 20, 30, 40, 50, 60, 70, 80, 90 və 100 minə çatdıqda o, düşmənlə döyüşə getməyə hazırlaşır. Bu rəqəmlər silsiləsi, xüsusilə onların artan hədlə inkişafı gücü ifadə etməyin bir üsuludur. Maraqlıdır ki, nəticədə də Salur Qazanın qalib gəlməsi məhz rəqəmlərlə ifadə olunmuşdur: "...savaş yapdım, 7 gün 7 gecə kafirlərə qılınc çaldım, 7 gündən sonra ətrafıma baxdım, 7 kafir qılıncım qarşısında vuruşmaya girişməyincə 100 min kafirin qırıldığını ondan anladım”.
Yeri gəlmişkən, qeyd etməyə ehtiyac vardır ki, Oğuznamədə həm "Kitabi-Dədə Qorqud”un, həm "Koroğlu” dastanının, həm də nağılların təsiri aydın duyulmaqdadır. Mətnin sonunda 7 gün 7 gecə şadyanalıq edilməsi nağıllardan gəlmə deyimdir. Amma yuxarıda nümunə gətirdiyimiz cümlədə qeyri-şüuri şəkildə meydana çıxan 7-lərin düzülüşü (formalizmə baxmayın!) "Koroğlu” dastanının təsirini nişanlamış olur və 7777 dəlini xatırladır.
Mətndə "Kitabi-Dədə Qorqud”la müqayisədə 7 rəqəmi xüsusi yer tutur. Mətnin strukturu baxımından əvvəlcə sadalanmış həmin 7-ləri yeddibaşlı əjdahanın təqdiminə bir giriş də hesab etmək olar. Yəni assosiativ olaraq yeddibaşlı əjdaha anlayışının özü də həmin 7-ləri qeyri-ixtiyari olaraq mətnə gətirə bilər. Burada epos ənənəsi ilə təhkiyə üzərində düşüncənin vəhdəti aydın görünür.
Salur Qazanın qorxmazlığı və şücaəti Lələsi ilə söhbətində də aydın şəkildə üzə çıxır. O, Lələ Qılbaşa belə bir sualla müraciət edir: əjdaha ilə vuruşmağa gedimmi? Bir az tərəddüd etsə də, Salur Qazanı yaxşı tanıdığından, onsuz da əjdahanın üstünə gedəcəyini bildiyindən onu daha da ruhlandıran Lələ: "Bəyim, qarşı yatan Qara dağın göz bəbəyi sənsən. Daşqın axan çayların durğunu sənsən. İlxının ayğırı sənsən. Dəvə sürüsünün buğrası sənsən. Qoyunların qoçu sənsən. Ərənlərin sərdarı sənsən. İgidlərin köç yeri sənsən. Əjdaha dediklərin əsli bir yalandır. O yalanın üstünə getməlisən”, – dedi.
Yeri gəlmişkən qeyd edək ki, Lələ Qılbaş obrazı, xüsusilə də Lələ adı Mətnə aid kağız materialını təhlil etmədən belə Mətnin meydana çıxma tarixi barədə müəyyən bilgi əldə etməyə imkan verir. Məlumdur ki, Lələ institutu Səfəvilər dövrünə aiddir, Səfəvilər sarayında dünyaya gələn uşaqları tərbiyə etmək üçün onları lələlərin ixtiyarına verərdilər və mərkəzdən uzaqlara göndərərdilər. Lələ Qılbaşın sonradan tək-tənha olan Salur Qazana köməyə gəlməsi uzaqlıq anlayışının da qeyri-şüuri olaraq mətnə daxil olmasına şərait yaratmışdır. Beləliklə, aydınlaşır ki, Mətn ən yaxşı halda XVII əsrə aiddir, bəlkə də elə Şah Abbas dövrünün məhsuludur. Həm də belə bir cəhət "Kitabi-Dədə Qorqud” motivlərinin hələ eposun F.Dits tərəfindən tapılmasından qabaq el arasında yaşadığını təsdiq etmiş olur.
Mətndə, şübhəsiz ki, əjdaha şərtidir, əsas məsələ nəhəng bir düşmənin – yeddibaşlı əjdahanın məğlub edilməsidir. Əjdahaya qalib gəlməzdən öncə Qazan xanın mərdanəliyi söyləyici tərəfindən xüsusilə diqqətə çatdırılmışdır. Belə ki, o, yatmış əjdahaya hücum etmək, onu yatmış şəkildə oxa tutmaqdan, yəni rahatca qalib gəlməkdən qəti şəkildə imtina edir: "Yatmış, uyurkən ər öldürmək mərdlik olmaz. Hiylə ilə bir kişini vurmaq ər oğluna yaraşan bir vuruşma olmaz”. Atalar sözləri təsiri bağışlayan həmin nümunələr fikir baxımından "Kitabi-Dədə Qorqud”un müqəddiməsindəki atalar sözlərini xatırladır, hətta maraqlıdır ki, "olmaz” ifadəsini nəzərə alsaq ("Kül təpəcik olmaz”, "Əski pambıq bez olmaz” və s.), üslubi imkanlar da üst-üstə düşür. Məna yükü isə Oğuz bəylərinin dədə-babadan qalma mənəvi zənginliyinin, mərdi-mərdanəliyinin təsdiqidir və Mətnin ənənəyə tabe olmasının əyani faktlarındandır.
Mətndə əjdahanın nəhəngliyi və qorxuncluğu yalnız formal baxımdan, yəni insanların təfəkküründə, sadəcə olaraq, bədheybət bir məxluq kimi qalan əjdaha anlayışı ilə məhdudlaşmır. Bu cür məhdudiyyət zahiri effekt yaradaraq bədii nümunə üçün qüsurlu görünərdi. Ona görə də söyləyici əjdahanın nəhəngliyini xüsusi detallarla nəzərə çarpdırmaq istəyir və buna nail olur. Belə ki, Salur Qazan əjdahanı oyadandan sonra onun dağı lərzəyə gətirməsi, atəş püskürməsi ilə öz gücünü nümayiş etdirməsi nəql olunur. Hətta əjdahanın nəfəs çəkməsi ilə hər şeylə bərabər, Qazan xan da atın üstündən ona doğru sürüklənməyə başlayır. Maraqlıdır ki, Mətndə güc, qüvvət mənasında "nəfəs çəkmək” anlayışı əjdahadan qabaq Qazanın özünə aid edilmişdir. Belə ki, Mətnin XVII fəslində Salur Qazanın "fəxriyyəsi” təsirini bağışlayan parçada deyilir: "...göy üzündə bulud oldum, alçaq yerlərə çiskin oldum. Uca dağların başına duman olan Qazan idim. Yeddi başlı yer evreni oluban quyruq çaldım, dağ dolandım, ahu saçdım, yer boyadım, nəfəs çəkib son sümürən Qazan idim”. Bu fakt sübut edir ki, Mətn güclərin qarşılaşmasını əks etdirir.
Ölüm-dirim qarşısında qalan Qazan xanın bu məqamda yeganə yolu Tanrıdan ümid diləməsidir. Bu mənada Mətn türk xalqlarının Tanrıya inam bəsləməsi ənənəsini qoruyub saxlayır. Salur Qazan Tanrıya üz tutaraq yalvarır: "Ya gördüyünü göyə yetirən görklü Tanrı! Ya urduğunu ulatmayan ulu Tanrı! Çox kimsələr səni göydə istər, möminlərin könlündəsən, sadiqlərin dilindəsən. Allah Tarı sənə bir deyənin ağzın öpüm, iki deyənin ağzın çarpım! Axar çaylar üstünə körpü salım, qalmışların əlin tutum, yalanqacların sırtın örtüm! Deməsinlər son çağında Qazanı bir ilan uddu, ya Pərvərdigar! Sən mənə bir nicat vergil!” Bu yalvarışdan sonra əjdaha ilə Qazan arasında bir qaya peyda olur və Salur Qazan qalib gəlmək üçün ondan qalxan kimi istifadə edir.
Yeri gəlmişkən qeyd edək ki, Salur Qazanın Tanrıya ucalan yalvarışı "Kitabi-Dədə Qorqud”dakı kimi dini ricətləri əhatə edən katib əlavəsi deyil, o, bütünlüklə Mətnin içərisinə hopmuşdur. Ona görə ki, Salur Qazanın yalvarışı birbaşa süjet xətti ilə əlaqədardır, eyni zamanda, hadisələrin inkişafında mühüm əhəmiyyət daşıyır. Tanrının bu yalvarışı eşitməsi və Qazana yardım göstərməsi "Kitabi-Dədə Qorqud”dakı katib əlavələri ilə deyil, Səyrəyin Tanrıya müraciəti, Tanrıya şükür eləməsi və Tanrının ondan xoşu gəlib Səyrəklə xanımının yaşını 70 il artırması ilə müqayisə edilə bilər.
Salur Qazan əjdaha üzərində qələbə çalır: "Qazan qara polad sav qılıncın əlinə aldı, sıyra qılınc səyritdi üstünə. Yeddi başı bir boynundan qılıncladı, yerə saldı. Əjdahanın ağusu yer üzünə töküldü, ağusundan yer üzünə yanar-yanar odlar düşdü. Qazan xəncərini sancdı, qılıncın sancdı, bıçağını sancdı, əjdahanın üstündə bardaş qurdu”. Sonra Qazan əjdahanın dərisindən "qorxu bilməz canına don tikdirdi”. Yayına kiriş, qılıncına qın, atına örtük və kölgəlik tikdirdi. Əjdahanın qafasının dərisini başına papaq kimi qoydu.
Salur Qazanın əjdahaya "çevrilməsi” Oğuz elində təhlükə kimi qarşılanır, lakin Qara Budaq tezliklə buna aydınlıq gətirir və Bayındır padşah əjdaha dərisindən hazırlanmış kölgəliyin altında bardaş qurub oturandan sonra 7 gün, 7 gecə qonaqlıq – şadyanalıq olur. Bu şadyanalıq onu sübut edir ki, Salur Qazanın qələbəsi, sadəcə olaraq, Qazanın deyil, bütün Oğuz elinin qələbəsidir.
Vəli Məhəmməd Xoca Oğuznaməsi həm türk xalqlarının Oğuznamə yaradıcılığı, həm onların həyat tərzi və dünyagörüşü, həm də folklorşünaslıq baxımından çox böyük əhəmiyyətə malikdir.
banner

Oxşar Xəbərlər