• bazar ertəsi, 02 dekabr, 01:16
  • Baku Bakı 8°C

Dostoyevskini, Kafkanı, Pamuku sevməyənlər

29.11.18 09:38 16000
Dostoyevskini, Kafkanı, Pamuku sevməyənlər
Mənim Bukovskidən zəhləm gedir. Heç cür bu yazıçını sevə bilməmişəm. Mənə elə gəlir ki, o öz ədəbsizliyini yenilik kimi sırımağa çalışıb. Bukovskidə estetik gözəllik yoxdur.
Bizim bəzi avara dostlar isə Bukovskinin dəlisidirlər. Onlara elə gəlir ki, bu cür həyat tərzi və bu həyat tərzinin ədəbiyyata çevrilməsi (daha doğrusu çevrilə bilməməsi) müstəsna hadisədir.
Özünü Bukovskiyə oxşadan, Bukovski kimi həyat tərzi keçirən o qədər gənc bədbəxt görmüşəm ki... Heyf onlardan...
Ümumiyyətlə, bizdə başqalarının bioqrafiyaları ilə yaşamaq istəyi var. Hansısa bir məşhurla özünü tay tutmaq bizim yazarların xəstəliyidir. İçki, eyş-işrət, "macəra dolu Amerika” – bu, bizim istedad meyarımızdır.
Təzə-təzə yazmağa başladığım vaxtlar idi. Bir məclisdə yaxşıca içirdik. Araqla başlayıb pivə ilə bitən günlərimizdən danışıram. Məclisin şirin yerində ürəyim darıxdı, pivəni bakala süzməyə ərindim, götürüb birbaşa butulkadan içdim. Yazarlarımızdan biri bu mənzərəyə heyrətlə baxdı və öz heyrətini bu cür ifadə etdi:
"Baxın e... Görün necə istedadlı adamdır”.
İndi görürəm ki, içməyi yaradıcılıq hesab edən gənclik yetişir. Təbii ki, bunda Bukovskinin və dəxi yazıçıların günahı var.
Sözüm onda yox... Keçən günlər öz Facebook daxmamda kiçik bir sorğu keçirdim. Soruşdum ki, ey camahatı-müslüman, sizin sevmədiyiniz yazıçılar varmı? (Özüm yazının girişindəki kimi Bukovskini sevmədiyimi bildirmişdim) Yağış kimi selləmə rəylər töküldü statusun altına. Yığıb-yığışdıra bilmədim. Və açığı deyim, eynən pivəni butulkayla içdiyim vaxt heyrətlənən dostumuz kimi dəhşətli heyrət məni qoynuna aldı. Gəlin, xalqımızın kiçik hissəsinin sevmədiyi yazıçılara göz ataq:
Birinci yerdə: Dostoyevski
İkinci yerdə: Kafka
Üçüncü yerdə: Orxan Pamuk
Dördüncü yerdə: Borxes...
Sonrakı yerlərdə Çexovun, Qorkinin, Corc Oruelin, Herman Hessenin, hətta Ekonun adını çəkənlər vardı...
Heyrət, ey büt!
Sizə də ilk dördlüyə düşənlər qəribə gəlmədimi? Dostoyevskini deyirəm... O Dostoyevski ki, "Cinayət və Cəza”nı, "İdiot”u, "Şeytanlar”ı, "Karamazov qardaşları”nı yazıb. Bütün dünyanın marağında olan, əsərləri bir neçə rejissora (məsələn, Zeki Demirkubuza) ciddi mənada təsir edən yazıçıdan danışırıq.
Hələ Kafka... Onu necə sevməmək olar? Anlamaqda çətinlik çəkirəm. "Ədəbiyyatdan kənar hər şey məndə ikrah hissi doğurur” deyən Kafka. "Məhkəmə”, "Çevrilmə” kimi əsərlər yazan və əsərlərini yandırmaq istəyən yazıçını necə sevməmək olar?
Orxan Pamukla Borxesi hardasa anlaya bilərəm. Bəlkə də bizim oxucu üçün çox anlaşılmazdı. Borxes göndərmələrlə, yuxu labirinti, güzgü effekti ilə işləyir, o, daha çox yazıçıların yazıçısıdır. Yəni yazan adamlar üçün Borxes heyrət doğurur. Pamuk da eynən. Amma hər ikisi eyni zamanda oxucu üçün də bolluca material göndərir. Borxes Argentinadakı kafelərdə bıçaqlaşan adamları təsvir edir, Pamuk bizi İstanbulun qaranlıqlarına doğru aparır.
Çexovun, Qorkininin adını görəndə isə gözlərim bərəldi. Bir insana bəlkə də "ədəbiyyat nədir” sualını ən yaxşı izah edə biləcək iki müəllifdən söhbət gedir. Mən heç bir kitabı üzü açmayan bir qohumumuza Qorkinin "Arxip baba və Lyonka” hekayəsini oxuyanda gözləri dolmuşdu. Ədəbiyyatın ən sadə və ən pak tərəfidir Qorki və Çexov. Onları sevməmək mümkünsüz.
Ümumiyyətlə, mənə elə gəlir ki, bir oxucunu, hətta bir insanı sevmədiyi adamlara görə tanımaq olar. Sevdiklərimiz aydındı, onlar göz qabağındadır. Hərdən mənə elə gəlir ki, sevgi yalançı, aldadıcı hisdir. Ən səmimi hiss nifrətdi. O, bir insanı daha dəqiq göstərir.
Mən keçirdiyim bu kiçik sorğudan belə qənaətə gəldim: bizdə hazırlıqlı oxucu çox az, barmaqla sayılacaq qədərdi. Yox, mən demirəm ki, hamı Dostoyevskini, Kafkanı sevməlidir. Qətiyyən! Amma və lakin! Dünyanın bəlli bir kriteriyası var. Sən sevməsən də, onu qəbul etməlisən. Məsələn, sənə görə Kafka darıxdırıcı ola bilər. Ancaq haqqında ən çox yazılan, ən çox danışılan da Kafkadır. Və bütün yazıçılara bu və ya digər şəkildə təsir edib.
Düşünürəm ki, sevmədiklərimizə təkrar qayıtmalıyıq. Onlara bir daha "şans” verməliyik. Bəlkə, gözümüzdən qaçırdığımız nələrsə var? Ola bilməzmi?
Hə, əziz oxucu, bəlkə mən yanılıram. Bəlkə sən həqiqəti deyəsən: Hansı yazıçını sevmirsən?
Ayxan Ayvaz
banner

Oxşar Xəbərlər