• çərşənbə axşamı, 10 dekabr, 14:53
  • Baku Bakı 7°C

Eşqin metafizikası

07.01.19 11:45 17044
Eşqin metafizikası
Eşq Orta əsrlər ədəbiyyatında ən başlıca mövzulardan biri kimi çıxış edir. Bunun da səbəbini Orta əsrlərin mahiyyətində axtarmaq lazımdır. Sovet elmi Orta əsrləri xurafat və istibdad dövrü kimi səciyyələndirirdi. Elə təsəvvür yaranırdı ki, Orta əsrlərdə günəş heç çıxmırmış. Nə maarif, nə mərifət, nə mədəniyyət varmış. Bəs necə olmuşdu ki, məhz Orta əsrlər dövründə İslam kimi bir din, "Qurani-Kərim” kimi bir kitab və Məhəmməd peyğəmbər, İbni Sina, Nizami Gəncəvi, Füzuli kimi şəxsiyyətlər yaranmışdı? Deməli, Orta əsrlər dövrü işıqlı dövr olmuşdur və işıqlı şəxsiyyətlər yetişdirmişdir.
Bəşəriyyət tarixinə fikir verəndə, Qədim dövr, Orta əsrlər dövrü və Yeni dövrü göz önünə gətirəndə, qeyd etməmək olmur ki, bu dövrlərin içərisində ən möhtəşəmi, ən məzmunlusu, ən mənəviyyatlısı məhz Orta əsrlər dövrü olmuşdur. O dövrün insanlarındakı mənəviyyat, inam, ruhi saflıq heç bir dövrdə olmamışdı. Elə poeziyanı götürək. Nizami, Füzuli dühası sonrakı yüzillərdə nə təkrarlanmış, nə də poeziya nəinki onlardan yüksəyə, onların səviyyəsinə belə çatmışdır. Çata da bilməzdi. Çünki Orta əsrlər dövrü bir dəfə olmuş və o bir daha təkrarlanmayacaq, necə ki, insan öz həyatında bir dəfə gənc olur və gənclik onun sonrakı həyatında heç vaxt təkrarlanmır. Orta əsrlər dövrü də bəşəriyyətin gənclik dövrü idi və onu səciyyələndirən başlıca amil ruhun oyanışı, ruhi oyanış idi. Orta əsrlər insanı hər şeydən əvvəl ruh əhli olmuşdur. Ruhun da ən parlaq təzahürü eşq və din olmuşdur.
Ruhi oyanışın nə demək olduğunu dərk etmək üçün Qədim dövrün mahiyyətinə fikir vermək lazımdır. Qədim dövr hər şeydən əvvəl vücud əsri, qədim insan isə vücud əhli idi. Qədim dövrün insanı özünü yalnız maddi varlıq kimi dərk edirdi. Onun ruhu hələ oyanmamışdı. Qədim insanda uşaqlıq xisləti vardı. Ona görə də Marks Antik dövrü "bəşəriyyətin uşaqlıq dövrü” adlandırmışdı. Antik ədəbiyyatda və sənətdə təsvir obyekti insanın daxili aləmi, ruhi vəziyyəti deyil, məhz vücudu və onun fiziki gözəlliyi olmuşdur. Antik dövrün allahları da adi insanlar kimi yeyib-içir, kef çəkir, doğub-törəyirdi.
Antik dövrün ən səciyyəvi incəsənət növü olan heykəltəraşlıq insan bədənini çılpaq təsvir etməklə onun fiziki gözəlliyini öz təsvir predmetinə çevirir. İnsanın fiziki mahiyyəti, fiziki gözəlliyi onun dırnağından tutmuş saçına qədər çox məharətlə təsvir edilmişdir. Fiziki dəqiqlik və kamillik elə bir səviyyədə idi ki, sanki mərmərdən yonulmuş bu bədənin damarlarında axan qanı da hiss etmək olur. Bədənin bütün əzaları son dərəcə dəqiq təsvir edilmişdir. Lakin bircə şey təəccüb doğurur – antik heykəllərdə insanın gözləri bütöv və bəbəksiz təsvir olunmuşdur. Bu gözlər sanki baxmır və görmür. Bunun da səbəbi ondadır ki, baxan göz, bəbək ruh evinin qapısıdır. Antik insan üçün ruh evinin qapısı isə bağlı idi.
Duyğular aləminə gəlincə, Antik sənətdə və ədəbiyyatda öz əksini tapan yalnız fiziki duyğular – qorxu, ağrı, əzab və s. olmuşdu. Laokonun üzündəki ifadə fiziki ağrının ifadəsidir. Zəncirlənmiş Prometeyin də ağrıyan vücudu idi – qartallar onun qaraciyərini didib parçalayır və Prometey işgəncələr içində bu ağrıya dözürdü. Onun möhtəşəmliyi də, faciəviliyi də məhz bu dözümdə ifadə olunurdu. Şekspirin Hamletinin də, Nizaminin Məcnununun da ağrıyan vücudu deyil, qəlbi və ruhudur. Hamlet dünyanın dərdini çəkir. Dünya çat vermişdir və o mənim ürəyimdən keçir, – Hamlet belə deyirdi. Məcnunun da ağrıyan vücudu deyil, qəlbidir. Anasının Məcnunla səhradakı görüşünü yada salaq. Ana oğlunun ayağından tikanı çıxarır. Məcnun isə bunu hiss etmir. Zavallı ana haradan biləydi ki, Məcnunu ağrıdan onun ürəyindəki tikandır, onu da yalnız Leyli çıxara bilərdi. Odur ki, ana evə oğulsuz qayıdır və bu ayrılığa dözməyib vəfat edir. Bu da Məcnunun öz eşqi yolunda verdiyi qurbanların ən böyüyüdür. Məcnun faciəsinin səbəbi də elə bundadır – yalnız Allah yolunda verilə biləcək qurbanları o, Leylinin yolunda vermişdi. Deməli, Leyli onun üçün ilahi məqamda qərar tutmuşdu.
Beləiklə, Qədim dövrün insanı vücud əhli olaraq ruhi aləmdən xəbərsiz yaşadı. Orta əsr insanı vücudu, real dünyanı miskin bir varlıq kimi rədd edərək ruha tapındı. Sanki onun ruhu əbədi yuxudan oyandı və bununla da Orta əsr insanı yeni mahiyyət, yeni mövcudluq tapdı. Ruhi aləm onunçün əzablı olduğu qədər də nəşəli oldu. İnsan ruhun yolunda bütün əzablara mətanətlə sinə gərdi. Çünki bu onun yeganə mövcudluq dünyası və mövcudluq forması idi.
Nə idi bu ruhi oyanış deyilən bir şey ki, onun sayəsində maddi aləm, real həyat insanın gözündə bir heçə çevrilmişdi? Ruhun naminə vücud miskin bir varlıq kimi rədd edildi, rahiblik, dərvişlik, sufilik və s. ruhi həyatı vəsf edən cərəyanlar yarandı. Bu kontekstdə İsa Məsih obrazını və xristianlığın yaranmasını da yada salaq. İsa Məsihin şəxsiyyətində ruhun oyanışı əsas yer tutur və dini, metafizik məna daşıyır. Bununla da yeni etika, yeni mənəviyyat, yeni insan, yeni dünyagörüşü yaranır. İsa Məsih otuz yaşlarına qədər adi, çoxuşaqlı ailədə böyümüş, zəhmətlə yaşamış, dülgərliklə məşğul olmuşdu. Lakin birdən-birə o, bütün bunları atıb səhraya üz tutmuş, real dünya, qohum-əqrəba onun gözlərində mənasız və gərəksiz olmuşdur. Qohum-qardaşı onun üçün xəcalət çəkmişdi. Lakin heç nə onu tutduğu yeni yoldan döndərə bilməmişdi. İsayla bağlı nə baş vermişdi? Real dünyanın insanı olan İsa Məsih birdən-birə ruhi dünyanın insanına çevrilmişdi, yəni onun ruhu oyanmışdı, ali, ilahi varlığı dərk etmişdi. İsanın Ponti Pilatla görüşü son dərəcə mənalı və fəlsəfi səhnədir. Ponti Pilat Antik dövrün insanı olaraq gerçəkliyə bağlı təfəkkür sahibidir. Onunçün gerçəklik hər şeydir, ondan kənarda heç nə yoxdur. İsa isə ruhi dünyanın sakini kimi bu gerçəklikdən ayrılmış, başqa bir həqiqətin insanına çevrilmişdir. Onunçün ruhi aləmdən, ilahi həqiqətdən başqa heç nə mövcud deyildir. Bu iki insan dünyaya ayrı-ayrı sistemdən baxırdılar.
Eşqə mübtəla olmuş Məcnun da təxminən belə bir ruhi vəziyyətdə bulunur. Eşq onun ruhi gözlərinin açılması və ruhi oyanışıdır. Eşq Məcnun üçün adicə mehr-məhəbbət, istək, sevgi, ehtiras deyil. Onun eşqi inamdır, metafizikadır, yeni dünyagörüşüdür. Nədir Məcnunu çöllərə salan, tənhalığa sövq edən? Yəqin ki, onun ruh oyanışı və ali varlığa tapınmasıdır.
Məcnun eşqi Orta əsrlər ruhunun ifadəsidir, din ərəfəsidir, onun gəlişini müjdələyən hadisədir. Dünyəvi dinlərin yaranmasından öncə onların ruhunu ifadə edən hadisələr baş verir, əsərlər yaranır. Bu cür əsərlər sanki haqdan yaranır və canlı şəkildə doğulur. İslam dinini qabaqlayan bu cür əsərlərdən biri də "Leyli-Məcnun” əfsanəsi olmuşdur ki, onu da Nizami qələmə alaraq onun ilkin ruhunu, dinsayağı metafizikasını saxlaya bilmişdir. Məcnun eşqi din qədər təmənnasız və ruhi cəhətdən alidir. O, elə bir səviyyəyə çatır ki, bütün təmənnalar ortadan götürülür, eşq özü özünün məqsədinə çevrilir. Daim Leylini arzulayan Məcnun vüsal məqamı çatanda, özünü ziddiyyətli aparır. İbn-Səlamın ölümündən sonra Leyli ata evinə qayıdır və Zeydi çağırıb ona təzə paltar verir və Məcnunun dalınca göndərir. Zeyd Məcnunu səhrada tapıb, onu geyindirib Leylinin çadırına gətirir. Səhradakı çılpaq, ayağıyalın, başıaçıq Məcnun aylı-ulduzlu səmanın altında sanki dünyanın sakini idi. Təzə paltar geyəndə o, sanki hamıya oxşadı, təbiətdən ayrılıb cəmiyyətə sarı yaxınlaşdı. Məcnun Leylinin çadırında məişət əhlinə çevrilmək vacibliyi qarşısında qalır. Lakin Məcnun Leylinin çadırına sığımır, bu dünya ona dar gəlir, vüsal da, murad da onu göylərdən yerə endirməyə yönəlir. Leyli qollarını Məcnunun boynuna salanda və murad məqamının çatdığını bildirəndə, Məcnun görür ki, bıçaq sümüyə dirənib, yəni o göyləri tərk edib, yerlərə, məişət səviyyəsinə enməli, Leylinin ərinə çevrilməlidir. Ona görə də Məcnun birdən əynindəki paltarı cırıb tökməyə başlayır, yəni məişətdən, onun səadətindən imtina edərək səhraya, öz ilahi eşqinin göylərinə qayıdır. Zeyd də onun dalınca gəlir və onu danlamaq, ittiham etmək əvəzində onu və onun eşqini tərifləyir, bu eşqin saflığından, təmənnasızlığından danışır. Aydın hiss olunur ki, Nizami Məcnun eşqi barədə öz fikirlərini Zeydin dili ilə söyləyir. Məcnun insanlardan qaçaraq, cəmiyyətdən və məişətdən uzaqlaşaraq yenidən təbiətə, aylı-ulduzlu səmanın altına qayıdır. Ona yemək və azuqə verən insanların gətirdikləri payı heyvanlara verir, özü isə ot-əncərlə, yəni təbiətin ona verə biləcəyi qidayla kifayətlənir. Bu da o deməkdir ki, Məcnun cəmiyyətin deyil, məhz təbiətin nümayəndəsidir. Burada Məcnun zahidlik xisləti qazanır. Zahid insanlardan qaçaraq dağlarda, mağaralarda tək-tənha yaşamaqla öz Allahı ilə təkbətək qalmaq istədiyi kimi, Məcnun da səhrada vəhşi heyvanların arasında insanlardan üz çevirib özünü tənhalığa düçar edir. Məqsəd də öz ilahisi Leyli ilə təkbətək qalmaq, ona səcdə etməkdir. Burada məhəbbət artıq səcdə səviyyəsinə çatır və Məcnun eşqi din xisləti kəsb edir.
Bu yolda Leyli Məcnuna yoldaşlıq edə bilməzdi. Leyli adi qadındır, lakin öz məhəbbətində dönməzdir. O, Məcnundan savayı heç kəsə ərə getmək istəmir və bununla da öz məhəbbətinin möhtəşəmliyini nümayiş etdirir. Bununla belə, Leylinin məhəbbətinin bir məqsədi vardır – Məcnuna qovuşmaq, ona ərə getmək, ailə, övlad sahibi olmaq. Məcnun ülvi eşqə, səmavi eşq isə Leyliyə yaddır. O, yer əhlidir, yerdə möhkəm dayanıb və ondan ayrılaraq səma arzusunda deyildir. Ona görə də Məcnun onu tərk edəndə Leyli onun ilahi məhəbbətini tərifləmir, onu təsdiq etmir, sadəcə olaraq, ayrılığa dözə bilməyib vəfat edir. Öz ölümüylə Leyli məhəbbətinin ucalığını qorumuş olur.
Burada Füzulinin Leylisi yada düşür. Eyni vəziyyətdə o da Məcnuna vüsal məqamı çatdığını bildirir. Lakin görəndə ki, Məcnun vüsaldan və muraddan imtina edir, o Məcnuna onu sınadığını söyləyir və onun eşqinin həqiqi və ilahi eşq, saf və təmənnasız olduğunu bildirir. Zeydin Məcnuna dediyi sözləri Füzulinin Leylisi öz sevgilisinə söyləyir. Bununla da Füzulinin Leylisi Məcnunun ilahisi olmağı üstün tutur. Deməli, Füzulinin Leylisində müəyyən mənada məcnunluq da vardır. Sanki onun bir ayağı yerdə, digəri göydədir. Lakin o yerdən ayrılıb səma əhlinə çevrilə bilmir.
Bu, yalnız Hüseyn Cavidin Xumarına nəsib olan xüsusiyyətdir. Cavid Xumarı lap əzəldən, hələ Sənanın onu tanımadığı, görmədiyi bir vaxtda səma əhli kimi, mələklərin arasında təsvir edir. Sənanın Xədicəylə söhbəti zamanı, yəni Sənan ailə, məhəbbət, məişət haqqında düşündüyü bir vaxtda, Xumar onu göylərə səsləyir, yerlərin ona layiq olmadığından danışır. Lakin bu, xəyal idi. Sonralar Sənan Xumarı görüb onu sevəndə məhz səma əhli kimi sevdi, yəni nə Sənan, nə Xumar ailə, məişət haqqında düşünürdülər, yalnız eşq barəsində düşünürdülər. Xumar anasının vəsiyyətinə əsasən ərə getməkdən imtina etmiş və öz həyatını monastırda başa vurmaq barəsində düşünürdü. Lakin bu məqamda Sənan peyda olur və o, sanki Xumarın monastırına çevrilir. Monastırda Allaha səcdə etmək istəyən Xumar Sənanla birlikdə eşqə tapınır. Odur ki, əsərin sonunda onların hər ikisi səmaya ucalır. Bu, eşqin səması idi. Dində real həyatın əleyhinə ilahi dünya qoyulur. Cavid estetikasında isə real həyatın, məişətin, cəmiyyətin əleyhinə eşq dünyası qoyulur. Deməli, eşq yeni bir din kimi təqdim olunur.
Mənzərə tamamlansın deyə, burada bir əsərə də müraciət edək. Bu da Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəridir. Buradakı sevənlər – Təhminə və Zaur – məişətdən ayrılıb yalnız beşmərtəbəli evin altıncı mərtəbəsinə yüksələ bildilər, o da liftlə. Bu da o deməkdir ki, XX əsrin insanları idrak əhlidir və ruhun göyləri onlar üçün birdəfəlik qapanmışdır.
Beləliklə, Azərbaycan ədəbiyyatında eşq mövzusu Nizamindən başlayaraq uzun bir yol keçir. Bu yolda eşq öz zirvəsinə məhz H.Cavidin "Şeyx Sənan” əsərində çatır. Burada eşq sevənlər üçün ilahi məqama, din səviyyəsinə yetişir.
Məmməd Qocayev







banner

Oxşar Xəbərlər