GÖZLƏNİLMƏZ YAZIÇI

Aləm
Kəngərli gözlənilməz yazıçı, düşündürücü qələm sahibi, dəyərli dost və yaxşı insandır. Aləmin hekayələrində güclü
"haqqımüdafiə” sistemi var. Bu da A.Kəngərlinin daxili aləmindən xəbər verir.
"Naməlum
adam” kitabında Aləm bəyin povest və hekayələri çap olunub. Bu günün ictimai,
siyasi, psixoloji vəziyyəti ilə səsləşən hekayələr bir-birindən öz gözəlliyi
ilə fərqlənir. Müəllifin vətən, torpaq, millət sevgisindən qaynaqlanır ki,
kitabın ilk hekayəsi onun "Vətən” hekayəsidir. Hekayədə ədəbi dil qaydaları,
üsulları ilə açıq-aşkar şəkildə oxucuya çatdırılmış xeyli həyat həqiqətləri
var. Kişi çarəsizliyi, torpaq həsrəti, övlad və vətən sevgisi arasında
vurnuxmalar, qərarsızlıqlar, milli mentalitet və dəyərlər fərqliliyinin
dəhşətləri içində yaşamaq faciəsi kimi epizodlar yazıçının ustalığından xəbər
verir. Hekayədə Səfər kişi min bir əziyyətlərlə öz doğma vətəninə qayıdır.
Obrazın daxili aləminə varmağı bacaran Aləm Kəngərli vətən sevgisini Səfər
kişinin doğma torpağına atdığı ilk addımlarda verə bilib. Elə vağzaldaca
Səfərin çiyninə tanış əlin qonması hadisəsi ilə müəllif vətənin müqəddəsliyini,
o müqəddəsliyin aliliyini və paklığını göstərib. Həm də elə göstərib ki, bir
oxucu kimi şəxsən mənə elə gəldi ki, Səfərin çiyninə qonan tanış əl vətənin öz
əlidir.
"Ehsan” hekayəsi kitabdakı ən maraqlı hekayədir.
Həyatın hər üzünə güzgü tutan bu hekayə Göyüş kişinin timsalında köhnə, mərd
kişilərin obrazını birə-bir nisbətdə canlandırmaqdadır. Mais kişinin uzun
müddət xəstə yatağından sonrakı ölümü və yas mərasimində baş verən hadisələr
göstərir ki, Aləm Kəngərli həyat yaranandan bəri şərlə xeyrin necə mübarizədə
olduğunu və bu çəkişmələrin iç həqiqətlərini bir yazıçı, qələm adamı kimi
asanlıqla görə, dərk edə və qələmə ala bilir. Müəllif bu hekayədə həmçinin
insanın ölümündən sonra bu dünyadakı izlərinə, nişanələrinə, qazandığı hörmət
və ya nifrətinə qələmi ilə işıq tutur. "Ehsan” hekayəsində Göyüş kişinin iti
həyatın və bəlkə də, insanların başqa üzüdür.
Aləm Kəngərli bu it obrazının alt qatında qabarıq şəkildə və ustalıqla
sübut edib ki, həqiqətən də, ot kökü üstündə bitər. Digər tərəfdən hekayədə
Göyüş kişinin iti öz anasına çəkməmişdi, oxşarlığı az idi, anası kimi cəld,
sədaqətli və qorxmaz deyildi. Eyni zamanda hekayədə paralel göstərilmiş və çox
incə, həm də çox dərin məntiqi əlaqəsi olan hadisələr cərəyan edir. Məsələn,
Mais kişinin pis insan olması, oğlu Dilavərin də ona çəkməsi it obrazı ilə müqayisədə
oxucunu kifayət qədər dərin düşüncələrə qərq edir. Mais kişinin ehsanının sonda
itə qismət olması isə (həm də kökü üstə bitməmiş, anasına çəkməmiş itə) isə
ibrətamizdir.
Dünya
ədəbiyyatında elə yazıçılar var ki, bir hekayə və ya bir romanla ədəbiyyatda
qalıblar. O hekayə və ya romandan sonra nə qədər yazsalar və yazmasalar da
vəziyyət dəyişməyəcək. Düşünürəm ki, Aləm Kəngərli "Ehsan” hekayəsindən sonra
ayağını ayağının üzərinə aşırıb yazıçı kimi öz həyatını yaşaya bilər. Mən bir
yazıçı kimi çox az yazılara paxıllıq etmişəm. "Ehsan” hekayəsi ən çox paxıllıq
etdiyim əsərlərdəndir. "Kaş onu mən yazaydım” deyəcəyim qədər möhtəşəmdir.
"Naməlum
adam” kitabı ilə Aləm Kəngərli ədəbi hadisə yaratdı. Bu hadisə öz qoynuna elə
hekayələr alıb ki, o hekayələrlə insanlıq həqiqətlərinin və dünyanın sonunacan
getmək mümkündür. Buna "Atasının balası”, "Kisəçi”, "Ağsaqqal”, "İki qonşu”
hekayələrini misal çəkmək olar. Bu hekayələrdə müəllif ədəbi-bədii silahını
eyni nöqtəyə tuşlayıb. Hər bir yazıçı öz əsəri ilə danışır. Əsər yazıçının içinə
tutulmuş güzgüdür. Bütün hekayələr və povest Kəngərlinin daxilən necə bir
yazıçı, insan, vətəndaş olduğunu, xalqına, millətinə, torpağına münasibətini,
cəmiyyətdə baş verən haqsızlıqlara etirazını, yazıçı və vətəndaş mövqeyini
birmənalı olaraq açıq-aşkar göstərir. Yuxarıda adını qeyd etdiyimiz dörd
hekayədə isə bu və ya digər məsələlər daha qabarıq verilmişdir. Məsələn,
müəllif milli-mənəvi dəyərlərimizə qarşı çıxan, xalqı, milləti ələ salmağa
çalışan qara fikirli insanların iç üzünü göstərib. Yazıçının uğuru da odur ki,
dünya hadisələrinə düzgün və dolğun yanaşmağı, onu həssaslıqla qələmə almağı bacarsın.
Bu səbəbdən Aləm Kəngərlinin dili fərqli, özünəməxsusdur.
A.Kəngərli
həyatdan süzülüb gələn yazıçıdır. Onun yaratdığı obrazlar bizim ətrafımızda
yaşayan, hər gün üz-üzə gəldiyimiz real insan obrazlarıdır. "Naməlum adam”
kitabı Aləm Kəngərlinin yaşantılarıdır. Bir növ müəllif operator rolunu
oynayır. Əgər burada kamera hadisəni olduğu kimi göstərirsə, məsələnin görünməyən
tərəfini vermirsə, Aləm Kəngərli hekayələrində həm məsələnin real mahiyyətini,
həm görünməyən tərəflərini, həm də bütün müsbət və mənfi cəhətlərini
işıqlandırır.
"Darıxan
ürəklər” hekayəsi A.Kəngərlinin maraqla oxunan əsərlərindəndir. Hekayə müəllifin
ədəbi düşüncələrinin həqiqətə bükülmüş şəkildə təqdimatıdır. Lakin müəllif
haqsızlıqlara müdaxilə, etiraz edə bilmir. Buna baxmayaraq, özünü haqqın
yanında görür və haqqın kimliyini dərk edir. Daxili aləmində çarəsizliyə və
haqsızlığa üsyan bütün dillərə tərcümə olunmuş şəkildədir. Ümumiyyətlə, Aləm
Kəngərlinin nəsri öz yazıçı daxilindən süzülüb gələn eyniistiqamətli ədalət
hissidir. O yazıçı ki, onun bütün ömrü vurhavurda, qovhaqovda keçib, əllərindən
həyat və ədəbiyyat zəhməti, qabarı əskik olmayıb.
Aləm
Kəngərlinin "Naməlum adam” adlı kitabında yer alan "Naməlum adam” povestini
oxuyanda oxucu tamamən başqa bir aləmə düşür. Əsər çox sadə dildə yazılıb. Bu
gün hər hansı bir alim, yazıçı, mühəndis, heykəltəraş və ya ömründə heç bir
kitab oxumayan adam belə bu povestə nəzər salsa, həm həzm edər, həm ləzzət
alar, həm də özü üçün müəyyən nəticələr çıxarar. Müəllif bu kitabda cəmiyyətimizdə
gözə görünməyən ən xırda haqsızlıqlara qədər bütün həqiqətlərin mesajını verə
bilib. Məsələn, Simuzərin bütün işçilərdən çox maaş alması buna sübut ola bilər.
Çünki Simuzər Dilbərə daha yaxın, sirdaş kimi idi.
Povestin
əvvəlində "gündüzün aydınlığı qaranlığa
qovuşub əridikcə” ifadəsini verməklə müəllif yaxşı mənada oxucunu
heyrətləndirir və bir neçə həmlə ilə onu mətnə tabe etməyi bacarır.
Məlumdur
ki, bu gün dünya ədəbiyyatında detektiv əsərlər ciddi ədəbi nümunə sayılmır.
"Naməlum adam” povesti detektiv əsərə yaxın olsa da, tam o deyil. Oxucunu çəkən
başqa bədii qatqılar da var. Məsələn, əsərdə bədiilik çox yüksəkdir, bədii
dildə ötürülmüş məna yükü, tənqid, istehza, rişxənd və məsləhətlər deməyə əsas
verir ki, bu povest ciddi ədəbi nümunədir. Əgər daxili qatlara varsaq həm də
qeyd etmək olar ki, əsərdə həyata söykənmiş fantastik nüanslar da az deyil.
Bununla da müəllif öz yazıçı təfəkkürünün aliliyini göstərməyi bacarıb.
Povestin
bəlkə də, on qat canlandığı hissə alma ağacına söykənən saqqallı adamın peyda
olması ilə başlayır. Mənə elə gəlir ki, bu əsərin ən böyük uğuru ümumilikdə
götürəndə danışıq dili ilə bədii dilin orta hissəsində hansısa bir tərzdə
yazılmasıdır. O tərz ki, bugünkü oxucu o qayəni, üslubu başa düşür, qavrayır və
sevir. Yəni povest oxucu dilində yazılıb. Bir yazıçının oxucunu bu qədər dəqiq
hiss etməsi, həqiqətən də, alqışlanacaq hadisədir.
Dilbərin
saqqallı adamla görüşlərindən sonra keçirdiyi narahatlıq hisslərini Aləm
Kəngərli tam şəkildə verə bilib. Yazıçı öz əsərində eyni zamanda həm cinayətkar,
həm də xeyirxah ola bilirsə, yəni Dilbər xanımla bərabər, yaşlı mühafizəçini
öldürən yalançı "hamilə qadın” obrazını da yaradırsa, bu, yazıçının ustalığında
xəbər verir.
Bu
povest araşdırmaçıya, tənqidçiyə, təhlilçiyə, oxucuya danışmaq üçün çox
mətləblər, ipucları, mövzular verir. Məsələn, Aydın müəllimin ölüm sirri
oxucunu xeyli fikirləşməyə vadar edir. Oxucu başqa düşüncələrə qərq olduğu
halda Aləm Müəllif şəkil tablosunun muzeydən oğurlanmasını göstərməklə həyatın
təsadüflüyünü, balaca bir uşaq tərəfindən oğurlanmasını qeyd etməklə isə
həyatın vasitəçilik üzərində qurulması fəlsəfəsini açıq-aşkar göstərib. Parkın
ortasında qəpik-quruşa satılan, sonra insanların ölümünə səbəb olan qiymətli tablonun
povestdəki mənası həyatımızın dərin qatlarında bizi düşündürən və incidən həyat
həqiqətidir.
"Naməlum
adam” povestində Amil müəllim qeyrətli
övlad, vicdanlı məmur,
vətənpərvər rəhbər obrazı kimi oxucunun diqqətini öz üzərinə çəkir.
Bütün hekayələrdə, povestlərdə, romanlarda bir xilaskara ehtiyac var. Bu günün
dünya oxucusunun isə ən azı bədii əsərlərdə xilaskara ehtiyac duyması
danılmazdır. Bu və digər üstünlüyünə görə deyə bilərik ki, əsərin zənginliyi,
məna yükü, bədii dili sonacan qorunub-saxlanılıb və bu gün yazılan bədii
əsərlər arasında kəskin seçiləndir. Bütün bunlar isə Aləm Kəngərlinin usta bir
yazıçı olmasından, oxucunun dilini bilməsindən, ədəbiyyatın tələblərindən
xəbərdar olmasından və öz qələminə inanıb, güvənməsindən, eyni zamanda da
gözlənilməz olmasından xəbər verir.
Elşad
Barat