Yağış buludlarını göndərən adam

Young Artists – Gənc Yaradıcılar adlı ideya müəllifi və
təşkilatçılığı Mürsəlova Pərvinə məxsus dərnəkdir. Dərnək müasir Amerika və ya
multikultural Amerika ədəbiyyatı incilərinin (kiçik hekayələr, şeirlər,
əsərlər) tərcüməsi, redaktəsidir. Dərnək iştirakçısı olan tələbələr öz
tərcümələrindən olan hissələr və ya tərcümə zamanı qarşılaşdıqları diqqətə
layiq faktları izləyicilərlə bölüşürlər. Ən əsası isə bu tələbələr öz
yaradıcılıq məhsulları; şeirləri, esseləri ilə də izləyiciləri tanış
edirlər.
Bir
Onu qovaq ağacının altında tapdılar. Onun Leviscins
şalvar-pencəyinin rəngi solmuş, açıq maviyə çalırdı. Elə buna görə də onu
asanlıqla tapdılar. Bu böyük qovaq ağacı geniş, quraq vadidə tək-tənha dayanmış,
kiçik meşəlikdəki digər qovaqlardan ayrı düşmüşdü. O, bəlkə də, bundan bir neçə
gün əvvəl ölmüşdü, otardığı qoyunlar isə vadinin hər tərəfinə səpələnmişdi.
Leon və onun qaynı Ken qoyunları qabaqlarına qatıb düşərgədəki tövləyə
saldılar, sonra isə qovaq ağacının yanına tələsdilər. Ken yük maşınını dərin
qumun içindən vadinin kənarına sürüb gətirənə qədər Leon ağacın altında onu gözlədi.
Qızmar günəş altında gözlərini qıymış Leon onun pencəyinin düymələrini açdı.
İndi bu yerlərdə ilin ən isti çağı idi. Lakin, şimal-qərbdə yerləşən hündür
mavi dağların başı qarla örtülü idi. Ken təxminən əlli mil aşağı yuvarlandı,
özü ilə əlində qırmızı bir adyal da gətirmişdi.
Qoca kişinin cansız bədənini adyala bükməzdən
əvvəl Leon cibindən bir ip çıxardı və qocanın uzun ağ saçlarına balaca, boz
rəngli bir lələk bağladı. Ken ona boya qabını verdi. Leon qocanın qəhvəyi
qırışlı alnına ağ, irəli çıxmış almacıq sümüklərinə isə mavi zolaqlar çəkdi. Sonra
isə dayandı və Kenə baxdı. Ken boz rəngli balaca lələyi xəfifcə titrədən küləyə
bir çimdik qarğıdalı unu və çiçək tozcuqları səpdi. Leon işinə davam edərək
qocanın yekə burnunun aşağısına sarı zolaqlar çəkdi. Nəhayət, onun çənəsini
yaşıla boyayanda Leon gülümsədi:
"Baba, bizə yağış buludları göndər”. Onlar
qocanın adyala bükülmüş nəşini pikapın[1]
arxasına ehmalca qoyub üstünü müşəmbə ilə örtdülər və puebloya[2]
yollandılar.
Onlar əsas yoldan torpaq pueblo yoluna
döndülər. Bazar və poçt idarəsini təzəcə ötmüşdülər ki, Paul Atanın maşınının
qarşıdan gəldiyini gördülər. Kişi onları görən kimi maşının sürətini azaltdı və
salamlaşmaq üçün saxladı. Gənc keşiş maşının pəncərəsindən qabağa əyildi.
"Qoca Teofilonu tapdınızmı?” deyə soruşdu.
Leon maşını saxladı. "Sabahın xeyir, Müqəddəs
Ata. Biz elə indi qışlaqdan qayıdırdıq. Hər şey yolundadır”.
"Allaha şükürlər olsun. Teofilo çox yaşlıdır. Siz
onun təkbaşına düşərgədə qalmasına imkan verə bilməzdiniz”.
"Xeyr,
o daha bunu edə bilməyəcək”.
"Yaxşı, bunu başa düşdüyünüzə sevindim. Ümid
edirəm ki, bu həftə sizi Ayində görə biləcəm, keçən bazar gəlmədiniz. Bacarsanız,
qoca Teofilonu da özünüzlə gətirin”. Keşiş gülümsədi və maşını işə salanda onlara
əl elədi.
İki
Luiza və Tereza onları gözləyirdi. Süfrə hazır
idi, qəhvə isə böyük dəmir sobanın üstündə qaynayırdı. Leon əvvəlcə Luizaya, sonra
isə Terezaya baxdı.
"Biz onu düşərgənin yaxınlığındakı quru vadidə
– qovaq ağacının altında tapdıq. Mənə elə gəlir ki, o, dincini almaq üçün
oturmuş və bir də ordan qalxa bilməmişdir”. Leon qocanın yatağına tərəf getdi.
Qırmızı
damalı şal çırpılmış və səliqə ilə çarpayının üstünə salınmışdı. Balışın yanına
qəhvəyi, təzə flanel köynək və bir dəst təzə cins şalvar-pencək qoyulmuşdu. Leon
və Ken qırmızı adyalı gətirəndə Luiza şüşə qapını açıb, əli ilə saxlamışdı. Onlar
qocaya təzə paltarlar geyindirəndən sonra, onsuz da, büzüşmüş bədəni daha da
kiçik göründü.
Günorta vaxtı idi, kilsədə Angelus[3]
zəngləri çalınırdı. Onlar soya və isti çörək yedilər, Tereza qəhvə süzənə qədər
heç kim dinib-danışmadı.
Ken ayağa qalxdı və jaketini geyindi. "Mən
qəbirqazanlarla danışmalıyam. Torpağın təkcə üst qatı donub, axşama qədər qazıb
hazır edə bilərik”.
Leon başını razılıq əlamətiylə tərpətdi və
qəhvəsini içib qurtarmaq üçün tələsdi. Ken gedəndən bir müddət sonra qohum-qonşu
Teofilonun ailəsinə başsağlığı verməyə gəldi, qəbirqazanlar işlərini qurtarıb
gələndə yesinlər deyə onlara yemək də gətirmişdilər.
Üç
Qərbdə
göyün üzündə sarımtıl işıqlar parlayırdı. Luiza çöldə əlləri cibində dayanmışdı.
O, əyninə böyük olsa da, Leonun yaşıl əsgər paltarını geyinmişdi. Cənazə mərasimi
bitdi, qoca kişilər şamlarını və dərman çantalarını götürüb getdilər. Luiza
cənazənin pikapa qoyulmasını gözlədi, o vaxta qədər bir söz demədi. O , Leonun qoluna
toxundu və Leon onun əllərində qoca kişinin bədəninə səpdiyi qarğıdalı ununun qalıqlarını
gördü. O, danışırdı, amma Leon qulaq asmırdı.
"Nə dedin? Eşitmədim”.
"Deyirəm ki, bir məsələ haqqında düşünürəm”.
"Nə haqqında?”
"Əgər keşiş babanın üstünə müqəddəs su çiləsə,
o daha susamayacaq”.
Leon Teofilonun yaydakı bayram rəqsi üçün
aldığı mokasinlərə gözünü zilləmişdi. Qırmızı adyalın altından mokasinlərin
təkcə burnu görünürdü. Hava soyuyur, külək darısqal pueblo küçələrindəki tozu
havaya sovururdu. Günəş qış fəslində görünməz olduğu hündür təpənin başına
qalxmışdı. Soyuqdan tir-tir titrəyən Luiza Leonla üzbəüz dayanmışdı. Leon
jaketinin yaxasını düymələyib, yük maşınının qapısını açdı.
"Əgər orda olsa, onunla görüşəcəm”.
Dörd
Ken pikapı kilsənin qarşısında saxladı, Leon
maşından düşdü, sonra isə Ken maşını camaatın toplaşdığı qəbiristanlığa sarı
sürdü. Üzəri Quzu simvolları[4]
ilə bəzədilmiş naxışlı qapını döydü. Başını yuxarı qaldıranda qədim İspan kilsə
zənglərindən və bürclərindən süzülən zəif günəş şüalarına nəzər yetirdi.
Keşiş qapını açıb onu qarşısında görəndə çox
sevindi.
"İçəri keç! Axşam çağı səni bura gətirən səbəb
nədir?”
Keşiş mətbəxə tərəf getdi, Leon isə əlində
tutduğu papağının qulaqcıqlarını oynada-oynada qonaq otağını gözdən keçirirdi:
qəhvəyi rəngli divan, yaşıl kreslo və zəncirlə tavandan asılmış mis lampa.
Keşiş Leon üçün mətbəxdən oturacaq gətirdi.
"Yox, təşəkkür edirəm, Müqəddəs Ata. Mən
yalnız sizdən bir şey xahiş etmək üçün gəlmişəm. Müqəddəs suyunuzu
qəbiristanlığa gətirə bilərsinzimi?”
Keşiş üzünü çevirdi, pəncərədən həyətdəki
kölgələrə və rahibələrin yaşadığı monastırın yemək otağının pəncərələrinə baxdı.
Pərdələr elə qalın idi ki, içəri süzülən zəif işıqda yemək yeyən rahibələrin
üzünü görmək olmurdu. "Niyə onun öldüyünü mənə demədiniz? Hər halda, mən Son
duanı etməliydim”.
Leon gülümsədi: "Belə bir şey mümkün ola
bilməzdi, Müqəddəs Ata”.
Keşiş
qəhvəyi rəngli köhnə əbasına və onun didilmiş ətəklərinə baxa-baxa ciddiyyətlə
"Xristian dəfni üçün mümkün olardı” – dedi.
Leon onun mavi gözlərinə nəzər salanda necə də
yorğun olduğunu dərk etdi.
"Yaxşı, Müqəddəs Ata, biz yalnız onun üçün
çoxlu su istəyirik”.
Keşiş yaşıl kresloya əyləşib, parlaq üz qabığı
olan missioner jurnalını götürdü. O, cüzamlı xəstələr və bütpərəst şəkilləri
ilə dolu rəngli səhifələri gözünün ucu ilə belə baxmadan çevirməyə başladı.
"Bilirsən ki, mən bunu edə bilmərəm, Leon.
Orda son dualar oxunmalı, ən azından dəfn ayinləri yerinə yetirilməli idi”.
Leon yaşıl papağını başına qoyub, onun
qulaqlıqlarını aşağı saldı: "Gecdir, Müqəddəs Ata, mən getməliyəm”.
Leon qapını açanda Paul Ata ayağa qalxdı və "gözlə”
– dedi. O, digər otağa keçdi və bir qədər sonra uzun qəhvəyi paltosunu geyinib
qayıtdı. O, Leonla birlikdə qapıdan çıxdı və onu qaranlıq kilsə həyəti boyunca
və kilsənin qarşısındakı kərpic pilləkənlərdə müşayiət etdi. Hər ikisi alçaq
girişdən keçə bilmək üçün başlarını əydi. Onlar təpədən enib qəbiristanlığa
doğru yol alanda, günəş yavaş-yavaş dağların arxasında görünməz olurdu.
Keşiş astaca qəbirə yaxınlaşdı, belə donmuş
torpağın necə qazıldığına heyrətləndi; birdən buranın Nyu-Meksika olduğunu
xatırladı və çuxurun yanındakı buzlu qum qalağına baxdı. Bir-birinə çox yaxın
dayanmış adamların üzündən kiçik buxar buludları havaya qalxırdı. Keşiş bu
adamlara, bir kənarda üst-üstə yığılmış jaketlərə, əlcəklərə sarı rəngli
şarflara və ətrafdakı süprümlərə [5] baxdı. Onun nəzərləri qırmızı adyala sataşdı, Teofilonun əvvəllər belə
balaca olub-olmadığını yəqinləşdirə bilmədi. Əgər bu bol məhsul əldə etmək üçün
hazırlanan bir Hindu oyunu deyildisə, Teofilo indi düşərgədə heyvanları tövləyə
salmalı idi. Lakin Teofilo burada idi. Quru, soyuq küləklə üz-üzə dayanmış,
sonuncu dəfə gözlərini qıyaraq günəşə baxan Teofilo qırmızı yun adyalın içində
basdırılmasını gözləyirdi. Bu vaxt ətrafdakı insanların arxasından günəşin ilıq
şəfəqlərinin son zərrələri görünəcək, onların üzü isə kölgəyə bürünəcəkdi.
Barmaqları
o qədər sərt və qabar idi ki, müqəddəs su ilə dolu qabı açmağa çətinlik
çəkirdi. Qırmızı adyalın üzərinə daman su dənəcikləri tünd buz ləkələrinə
çevrildi.
Onun
qəbirə çilədiyi su, tutqun və soyuq torpağa çatana qədər yox oldu; bu ona
nəyisə xatırlatdı – nə olduğunu xatırlamağa çalışdı, çünki bilirdi ki, əgər
bunu xatırlasa, nə olduğunu da dərk edəcək.
O,
daha çox su çilədi, qab tam boşalana qədər onu silkələdi. Qürub edən günəşin
işığında yerə səpilən bu su avqustda günəş parlarkən yağan, solmuş çiçəklərə
toxunmağa belə macal tapmadan buxarlanıb göyə qalxan yağışa bənzəyirdi.
Külək keşişin qəhvəyi Fransiskon paltosunu
yellədir, adyalın üstünə səpilmiş qarğıdalı unu və tozcuqları göyə sovururdu. Onlar
bağlamanı yerə qoydular və başdan-ayağa qədər düyünlənmiş adyalın möhkəm
kəndirdən vurulmuş düyünlərini səbirlə açdılar. Günəş batmışdı, əsas yolun
üstündəki Şərqə gedən cığır boyunca faralar yanırdı. Keşiş sakitcə uzaqlaşdı,
Leon onu təpəni qalxana, qalın hündür divarlar arxasında görünməz olana qədər
izlədi. Sonra isə qərbdən süzülən solğun qırmızı işıqları özündə əks etdirən başıqarlı,
əzəmətli mavi dağlara tərəf döndü. İndi özünü yaxşı hiss edirdi, çünki iş
tamamlanmışdı. O, müqəddəs suyun çilənməsindən çox məmnun idi; və beləliklə,
qoca kişi arxayınlıqla yağış dolu böyük buludlarını onlara göndərə bilərdi.
İngilis dilindən
tərcümə edən: İsrəfilova Elanə