Artvin - Ardahan

Budəfəki
səfərim Artvin-Ardahan istiqamətində idi. Gürcüstan sərhəddindən Sarp adlanan
(sərt qayalıqlarla əhatəli məkan deməkdir) ilçəyə, yəni qəsəbəyə, oradan
Hopaya, Hopadan da Artvin şəhərinin Arxavi ilçəsinə yol aldıq. Türkiyənin
şimal-qərbində yerləşən Artvin şəhərinin Arxavi ilçəsi yaşılın 7000 çalarının
mövcud olduğu yerdir, deyirlər. Qeyd edim ki, bu səfər Türkiyəyə "karayolu”yla
olan ilk səfərim idi. Bunaqədərki səyahətlərimi uçuşlarla etdiyimdən coğrafiyayla,
doğayla, təbiətlə bu qədər yaxın və doğma olmamışdım. Yol hər nə qədər uzun
olsa da, yorucu deyildi. Hələ yol yoldaşımın da tarixçi və ədəbiyyatçı olduğunu
qeyd etsəm, yolun nədən yorucu olmadığı gün kimi aydın olacaq.
Avtobusumuz
Batum şəhərindən etibarən Qara dəniz sahilləri boyunca hərəkət edirdi (bu yol
İstanbula qədər uzanır). Bələdçi Arxaviyə çatdığımızı elan etdi. Biz avtobusdan
endik. Arxavidə bizi ilk olaraq rütubətli, nəm, isti hava və Ilqaz Yeşilçimen
adlı ədəbiyyat müəllimi qarşıladı (Azərbaycanda "ı” hərfiylə başlayan söz belə
olmasa da,Türkiyədə hətta bu hərflə başlayan adlar mövcuddur: Ilqaz, Ilqıt və
sairə). Rütubətli havanın vücuda verdiyi yapışqanlılıq hissi hər nə qədər xoş
olmasa da, gəldiyim diyarı – ilçəni sevməyə başladım. Bu ilçənin adı Türkiyə
türkcəsində Arhavi olsa da, yerli lazların dilində Arkabi kimi deyilməkdə və
yazılmaqdadır (hətta burada "Arkabi” adlı bir mini marketə də rast gəldim).
Rütubətli Arxavidə gecələdik və sabahın sübh şəfəqləri yeni bir günün başlanğıcından
xəbər verirdi.
Arxavi ilçəsinin verdiyi özəl və gözəl
təəssüratlar osmanlıcada ifadə olunan "Təbdili-məkanda fərahlıq vardır” fikrini
bir daha təsdiqlədi. Qara dəniz (Pont)
sahillərində yer alan bu ilçə bir tərəfdən meşə və yaşıllıqlarla örtülü dağlarla,
digər tərəfdən isə Qara dənizin ilıq suları yalayan sahillə əhatə olunub.
"Karadeniz” bölgəsi adlanan bu ərazilərdə buralara xas çay plantasiyaları dağ ətəklərində
səliqəylə uzanmaqda, hər evin həyətində çay bağçalarına rast gəlinməkdədir. Bu
yerlərin brendi çaydır, bir də, deyəsən, fındıq. Türkiyənin dövlət çay
istehsalı zavodu olan "Çaykur” bu ilçədədir. Arxavinin mərkəzi küçələriylə
yeriyərkən çay zavodlarının borularından qalxan çay qoxulu tüstülər insanın
ruhuna rahatlıq gətirir. Hər dəfə bu çay ətrini hiss etdiyimdə içimdə çay içmək
istəyi yaranırdı. Sadəcə "Çaykur” deyil, bir çox çay brendlərinin də burada
istehsal sahələri var ki, bunlardan biri də Böyük Britaniyanın dünya miqyasında
məşhur çay brendi olan "Lipton”dur. "Lipton” buradan əldə etdiyi çayları
dünyanın dörd bir tərəfinə göndərməkdədir. Çay, ümumiyyətlə bütün Qaradəniz
bölgəsinin dolanışıq mənbəyidir. Hətta, qaradənizlilərin parfümləri belə
çaydandır.
İlçənin
bağ-bağatları ya fındıq ağaclarından, ya da çay bağçalarından ibarətdir. Arxavinin
yaşıllıqlarla əhatəli bir dağının tam təpəsində "Rakani” adlı çay bağçasında
səhər yeməyini yedik. Cəmisi 25 lira (təxminən 7 manat) pul tutan bu səhər
yeməyinə nələr daxil idi, nələr. Bircə onu deyim ki, bizim buralarda o qədər
naz-nemətli bir səhər yeməyinin qiyməti aşağısı 50 manat olardı...
Axşama
doğru Arxavidə günbatımının çox fərqli şəkillərdə olduğunu söylədilər və
müşahidə etmək qərarına gəldim. Qara dəniz bəzən o qədər bərraq və aydın
görünür ki, deyilənə görə, açıq havalarda qarşı tərəfdəki Krım sahillərini
gözlə görmək mümkün olur. Bölgəyə də adını verən Qara dəniz bəzən sakit görünsə
də, onun fırtınaları tarixdən məşhurdur. "Qara dənizdə gəmilərinmi batıb?”
ifadəsi də bu fırtınaların xalqın dilində əks olunmuş bariz nümunəsidir. Günəşin Qara dəniz üzərindən qürub etməsini
gözlərimizlə görmək üçün tarixçi dostumuz İbrahim Söyləməzlə yüksəklikdə
yerləşən bir sahil restoranına getdik. Tarixdən, siyasətdən, ədəbiyyatdan
söhbət edərkən Günəşin qürub vaxtı gəlib çatdı. Telefonun kamerasını açıb bir
neçə dəqiqəlik yaddaşa aldım.
Növbəti
gün Arxavinin tarixi və təbii gözəlliklərinin iç-içə olduğu "Çifte Köprü” (Qoşa
Körpü) adlanan iki bitişik kəmər körpünü görmək üçün 100 lira taksi pulu verib
Ortacalar kəndinə yol aldıq. Kənd nə kənd! Dağların qoynunda, dağ çaylarının
sahilində uyuyan səpsərin, yamyaşıl bir kiçik kənd, bu kəndi məşhur edən isə
"Çifte Köprü”südür. Ortacalar
kəmər körpüləri Arxavinin Ortacalar kəndinə 2,5 km məsafədə Küçükköy və
Arılı köylərinin yolayrıcında bir-birinə dik şəkildə perpendikulyar olaraq
salınmış körpülərdir. İki körpünün ikisi də bir-birinin eynisi olmaqla bərabər və
simmetrik tikilmişdir. Körpü üzərindən keçən yol düz deyil, aşırımlıdır. Memari
strukturları baxımından və dar olduğundan körpülər bu gün, sadəcə piyadaların
keçməsi üçün əlverişlidir. Tarixən isə bu körpülər at arabaları, minik
vasitələri və insanların keçməsi üçün nəzərdə tutulmuşdu. Körpülərin
yaxınlığında buranı ziyarətə gələn turistlərin rahat hərəkət edə bilməsi, həm
nəqliyyat, həm də piyadaların keçməsi üçün əlverişli olan müasir körpülər inşa
edilib.
"Çifte
Köprü” isə tarixi abidə kimi qorunub-saxlanılmaqda, turistlərin ziyarət məkanı
kimi dəyərləndirilməkdədir. Körpünün uzunluğu 280 metrdir və 2002-ci ildə
tarixi özəllikləri saxlanılmaqla əsaslı təmir olunmuşdur.
Arxavinin
ən qədim tarixi abidələrindən hesab olunan bu "Çifte Köprü”nün XVIII əsrdə Osmanlı dönəmində inşa edildiyi
söylənilməkdədir. Bugünə qədər körpülərin tikildiyi dəqiq zamanı təsdiq edən
hər hansı bir tarixi daş yazı və ya mənbə tapılmamışdır. Amma körpülər tarixi
memarlıq üslubu ilə Osmanlı dönəminin bariz nümunəsidir. Körpülər Kamilat və
Soğucak (Soyuqca) nehirlərinin qovşağında çaylar üzərindən salınmışdır. Bu
çaylar öz başlanğıcını dağlardan aldığından və bizim Körpüləri ziyarətimiz
zamanı bir saatlıq güclü yağış yağdığından çaylardan birinin suyu bulanıq,
digərininki isə dupduru axmaqda idi. Bulanıq sulu çayla, durusulu çayın
qovuşduğu yerdə maraqlı bir mənzərə alınmışdı. Bir neçə saat duruluqla
bulanıqlığın qovuşduğu sularda - Çifte Köprü üzərində təmiz nəfəs aldıq,
bölgədə "muhlama” adıyla məşhur olan, Azərbaycanda isə "quymaq” adlanan
yeməkdən yedik.
Daha
sonrakı gün Arxavi ilçəsinin İmam Hatib liseyində kitab təqdimatına dəvət
olunduq. Liseyin girişindən çıxışına
qədər Türk tarixinin dahi şəxsiyyətlərinin (Mövlana, Yunus Əmrə, Məhəmməd
Füzuli, Fateh Sultan Mehmet və sairənin) şagirdlərə örnək olacaq kəlamlarının,
deyimlərinin divarlara həkk olunmuş, asılmış şəkilləri ilə qarşılaşdıq. Liseyin
ilk girişində isə divara "Qurani-Kərim”dən "Aləq” surəsinin "İqra”, yəni "Oxu”
kəliməsi ilə başlayan ilk ayələri yazılmışdı ki, bu da diqqətimizdən qaçmadı.
Bir məktəb üçün, bir təhsil ocağı üçün bundan dəyərli söz ola bilməzdi, məncə.
Həmin günün axşamı isə Arxavinin sahilində tarixçilər Hayrulla Kur, İbrahim
Söyləməz və digərləri ilə türk qəhvəsi içdik.
Ertəsi gün Artvinə bağlı Şavşat ilçəsinə doğru yol
aldıq. Yollar dağlardan, dərələrdən, çay sahillərindən, ormanlardan keçirdi. 3
saatlıq yol boyu gördüyüm təbiət gözəlliklərini sözlə ifadə etməkdə çətinlik
çəkirəm. Artvindən Ardahana doğru yolda Türkiyənin ən iti axan çayı olan
Çoruhla tanış oldum. Çoruh çayı Bayburtdan başlayıb Batumda Qara dənizə
qarışır. Çoruh çayı üzərində SES-lər (Su Elektrik Stansiyaları) gördüm.
Şavşata çatanda bizi Ardahan Universitetinin
tar müəllimi Yusuf Altun və rəfiqəsi Halimə Kızıltoprak qarşıladılar.
Artvin,
Arxavi, Şavşat, Ardahan tarixən Qıpçaq Atabəy dövlətinin tərkibində olub. Bu
səbəbdən yaşıllıqların qoynundakı Şavşatın yerli əhalisinin əksəriyyəti Axısqa
türkləridir. Artvin, Ardahan və Ərzurum adları qədim Roma dövlətinin əyalət
sistemində ortaya çıxan adlardır. "Art + vin”, "Art+ahan”, "Art+ze” (Artze des
Romano – Artzerum, Arzırum, daha sonra isə Ərzurum şəklini almışdır) şəklindən
günümüzə çatan bu adlarda ortaq nöqtə olaraq "Art” sözü – yer, yurd deməkdir.
Artze, Artvin - Aşağı yurd, Yuxarı yurd deməkdir.
Hər
tərəfi şam ağacları ilə əhatəli olan Şavşatda bizi qarşılayan dostlarımızla
səhər yeməyi yemək üçün bir yaylağa doğru hərəkət etdik. Türkiyədə Artvin
şəhərinə "Göyə qonşu torpaqlar” deyirlər ki, bunun həqiqət olduğunu o yaylaq
başında hiss etdim. Hər yanı çəmənlərlə
əhatəli yaylağın başı buludlara dəyirdi. Şuşanın başıdumanlı dağları yadıma
düşdü...
Bu
yamaclarda ciyərlərimizi oksigenlə doldurduqdan sonra Şavşat Qaragölə doğru
yola düşdük. Qaragöl Artvinin Şavşat ilçəsinin 25 km şimalında yerləşən və
tarixən torpaq sürüşməsindən sonra əmələ gələn bir göldür. Göl sahəsi Qaragöl Sahara Milli Parkında
yerləşir.
Qaragöl meşəliyin
içində qara mirvari dənəsi kimi dururdu. Qaragöldə gəzərkən bir qarabağlı kimi
Vətən torpağına həsr etdiyim bu şeir parçası yadıma gəldi:
Nələr varmış bu fələyin
oyununda,
Qara qızıl xəzinədir
qoynunda,
Meşələri boyunbağı
boynunda,
Dağılmayan danəsinə
qurbanam.
Qaragöldən
ayrılıb Ardahana doğru yol aldıq. Ardahana girərkən, sadəcə Artvindən deyil,
Qaradəniz bölgəsindən də çıxmış olduq. Artıq çevrəmizi əhatə edən qara şam
ağacları, yaşıl meşəli dağlar əvəzinə bizi yaylalı və hələ də başı qarlı dağlar
qarşılamağa başladı. Dağların yamaclarında qoyun sürüləri, yaylaq evləri,
alaçıqlar diqqətimi çəkirdi. Beləcə, şimali-şərq Anadolu bölgəsinə girmiş olduq
ki, buralara hər nə qədər fərqli adlar verilsə də, coğrafi baxımdan elə
Qafqazın özü idi. Ardahan dağlarından Ərzuruma sarı boylandım və növbəti
səfərimi Ərzurum dağlarına edəcəyimi düşündüm.
Gecəni Halimə
Kızıltoprağın evində qonaq oldum. Hər cür izzəti-ikramda bulundu. Gözəlliyi,
gülərüzü və evdarlığı mənə Azərbaycan türk qızlarını xatırlatdı.
Sabahısı günü Çıldır ilçə mərkəzində
yerləşən Aşıq Şenliyin heykəlini ziyarət etdik. Aşıq Şenlik Qarapapaq
Türklərindən böyük bir ozandır. Qars,
Axısqa, Borçalı, Tiflis, Gümrü və İrəvanı gəzərək dövrünün ozanları ilə
deyişmələr söyləmişdir. 1913-cü ildə İrəvan səfəri zamanı rəqib saz şairlərinin
qısqanclığıyla yeməyinə zəhər qatılmış və məmləkəti Çıldıra çatmamış yolda
Arpaçay ilçəsində vəfat etmişdir.
Çıldır ilçə mərkəzindən ayrıldıqdan bir az sonra
Çıldır gölünə qalxdıq. Çıldır gölü qədim zamanlarda vulkandan axan lava axını
nəticəsində əmələ gəlmiş bir göldür. Qışda bu gölün üzəri buz qatıyla örtülür
və çıldırlılar həmin vaxt burada "Çıldır göl festivalı” təşkil edərlər. Atlı
xizəkləri ilə buzla örtülü göl üzərində şoular göstərərlər. Qışda Çıldır
gölündə balıq tutmaq istəyən balıqçılar gölün müəyyən bir nöqtəsini gedib
əllərindəki kiçik külünglərlə buzu deşər və balıq tutmağa başlarlar. Biz də
Çıldır gölünün sahilində yerləşən gözəl bir restoranda əyləşib Çıldır gölündən
tutulub qızardılmış buraya məxsus Sarı sazan balığı yedik.
Gecə yenidən Ardahan şəhərinə geri döndük. Və sabah
çantamızda toplanmış gözəl təəssüratlarla can Azərbaycanımıza doğru yol aldıq.