• cümə, 29 Mart, 16:54
  • Baku Bakı 14°C

“Bu məsuliyyətli vəzifələrin öhdəsindən gələcəyik“

12.06.14 13:16 1092
“Bu məsuliyyətli vəzifələrin öhdəsindən gələcəyik“
Bakıda 2015-ci ildə ilk Avropa Oyunlarının keçirilməsi doğrudan da Azərbaycan dövlətinin, Azərbaycan, Avropa ictimaiyyətinin həyatında tarixi hadisədir. Trend-in məlumatına görə, bunu iyunun 13-15-də Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatına həsr olunmuş mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov deyib.
A.Həsənov bildirib: "Mən əminəm ki, bir ildən sonra biz hamımız sevinəcəyik ki, belə bir gözəl gün olub və ondan sonra da bunun nəticələrini hamımız görəcəyik".
Vitse-prezident deyib ki, Azərbaycan Gimnastika Federasiyasının ilk Avropa Oyunlarında 6 idman növü ilə təmsil olunması həm maraqlı, həm də müəyyən dərəcədə çətin olacaq: "Böyük Milli Gimnastika Arenamız, onun yanında məşqçi korpusu var, biz ondan da istifadə edəcəyik. Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsi ilə sıx əməkdaşlıq edirik. Onlarla bir yerdə bu məsuliyyətli vəzifələrin öhdəsindən gələcəyik".
İtaliyalı jurnalistin 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarının təşkilinə Azərbaycanın Rio-De-Janeyrodan daha hazır olmasına dair sualına cavabında isə A.Həsənov deyib ki, Azərbaycan bu Olimpiya Oyunlarını da keçirməyə hazırdır və ambisiyalıdır: "Həqiqətən də Azərbaycanın bugünkü inkişafı onu göstərir ki, biz hər bir yüksək səviyyəli idman, eləcə də digər tədbirlərin keçirilməsinə hazırıq. Mən istəməzdim ki, biz kiminsə yerinə bu yarışmanı keçirək, amma bizim öz vaxtımız gələcək, təsnifatlarda bizi seçəcəklər, amma həmişə hazır oluruq. Yəni 2016, 2020-yə də, hər ilə hazırıq".
Braziliyada bü gün start götürəcək futbol üzrə dünya çempionatında kimə azarkeşlik etdiyinə gəlincə, AGF vitse-prezidenti ilk növbədə Azərbaycana azarkeşlik etdiyini bildirib: "Mən təbii ki, Azərbaycana azarkeşlik edirəm. İnşallah, o günlər də olacaq. Biz onu qürur hissi ilə deyəcəyik. Ümumiyyətlə, futbolu sevməmək mümkün deyil".
A.Həsənov 70-ci illərdən bu yana Almaniya millisinə azarkeşlik etdiyini də açıqlayıb: "Azərbaycandan sonra Almaniya. Görək nə olur".
banner

Oxşar Xəbərlər