• çərşənbə axşamı, 19 mart, 11:25
  • Baku Bakı 8°C

Baharda “Payız yağmurları”

24.06.19 13:25 17934
Baharda “Payız yağmurları”
Qələm dostum, istedadlı şair-publisist Həyat Şəmi bu ilin ilk bahar günlərində yenicə işıq üzü görmüş bir kitabı (tərcümə edib) imzalayıb mənə bağışlayanda, öncə əsərin cəlbedici adı diqqətimi çəkdi: "Payız yağmurları”. Həyata yarızarafat, yarıgerçək dedim: "Yaz günəşinin bərq vurduğu açıq səmada payız yağmurları cövlan edə bilməz. İlk baharda tez-tez yağıb, bir göz qırpımında kəsən yaz yağışı olsaydı, yenə başqa məsələ!”
Gülümsəyib zarafata elə zarafatla da cavab verdi: "Kitabın müəllifi bu şeirləri payız yağmurları zamanı yazıb, mən tərcümə edənədək bahar məni qabaqladı və xeyir duasını əsirgəmədi”.
Həyatın həyat eşqi və şövqlə dilimizə çevirdiyi şeirləri oxuyanda isə... özümü elə yaz yağışı çiləyən, xoş ovqat yaradan baharda hiss elədim:

Gəl, rəsm çəkək...
Nöqtələr –
yağış olsun,
Rəngli kağızda ağ boya –
Duman sürünsün...
İslansın yağış altında
mavi köynəyin...
Birdən yanıma qaçsan,
Onda neyləyim?


Tatarıstan Respublikasının xalq şairi Razil Vəliyevin bu şeiri Həyat Şəminin haqqında bəhs etdiyim tərcümə kitabındakı kövrək, duyğulu nəzm nümunələrindən biridir. Bir şair qəlbinin həzin pıçıltılarıdır bu misralar:

Fırçamı rəngə boyayım –
Göy, gömgöy rəngə.
Çəkim gözünün dərdini,
Bu şeirdə də...
Gözündəki göz yaşını
silim işimdən...
Qəmzə qoyum yanağına
bir gülüşünlə...


"Payız yağmurları” türk dünyası çağdaş poeziyasının sevilən şairlərindən olan Razil Vəliyevin dilimizə çevrilmiş ilk kitabıdır Azərbaycanca və tatarca şeirlərin toplandığı bu kitab (Bakı, "Xan” nəşriyyatı, 2019) Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə (layihə rəhbəri və baş redaktor – tanınmış şair-publisist Əkbər Qoşalıdır) nəşr edilib. Həyat Şəmi şeirləri rusca və tatarcadan bizim türkcəmizə çevirərkən müəllifin bu poetik nümunələrindəki lirik duyğularına, zərif hisslərinə sayğı ilə yanaşıb. Şairin payız və bu bolluq fəslində yağan yağışlar barədə şeirləri o qədər pozitiv və ürəkaçandır ki, tərcüməçi də sövq-təbii bu nikbin ovqata köklənir. Həmin şeirlərdə məhəbbətlə qələmə alınmış maraqlı bir payız obrazı, surəti var:

Payız...
Gözüsulu,
Gözəl bir qız!
Paltarı al-əlvan
alışıb-yanır...
Ağaclar çətiri,
Üzündən bolluq tökülür,
Qoxusu bihuş edən
meyvə ətri...
Payız...
Gözəl bir qız,
Başında dumandan şal,
meyvə dodağında bal.


Yaxud:

Doğma yurda
Payız gəlib – qızılı,
Gözəl üzlü, sarı donlu bir qızdı!
Yer kürəsi yaz açıb o üzündə,
Bu üzündə hələ, hələ payızdı...


Həyat Şəmi dörd şeir kitabını tərcümə edib. Çuvaş şairi Raisa Sarbinin "Hər qürubda sən varsan”, Tatarıstanın xalq şairi Robert Minnullinin "Ətirli yarpaqlar” və Türkiyə poeziyasının sevilən nümayəndəsi Tuğrul Tanyolun "Sən əlimdən tutanda” şeirlər kitablarını dilimizə çevirib.
Təbiidir ki, tərcümə sənətini sevmədən və bununla bağlı bilgilərin olmadan hər hansı bir bədii parçanı bacarıqla, səlis tərcümə etmək mümkün deyil. Azərbaycanda bədii tərcümə sənətinin yaranma tarixi XIV əsrə aid edilir. Tərcüməşunaslıq elmi isə zaman-zaman təşəkkül tapıb. Tərcümə nəzəriyyəsinə dair kitablar, dərsliklər yazılıb. Dünya poeziyasının dilimizdə canlandırılmış gözəl nümunələri var. Ədəbiyyatımızın görkəmli nümayəndələrinin dünya söz sənəti korifeylərinin yaradıcılığından tərcümələrini bir anlıq göz önünə gətirək.
Dahi A.S.Puşkinin "Yevgeni Onegin” poemasını məharətlə tərcümə etdik­dən sonra:
Axıtdım alnımın incə tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şeirinin şah əsərini
Çevirdim Vaqifin şirin dilinə, – yazmışdı unudulmaz xalq şairimiz Səməd Vurğun. Yaxud dillər əzbəri olan neçə-neçə tərcümə əsəri fəxr-fəxarət hissi doğurur.
Həyat Şəmi ilə tərcümə sənəti, xüsusən peşəkar tərcümə barədə danışırıq. Deyir ki, müəllif tərcümə fəaliyyəti zamanı bu işin mahiyyətini bilməli, əsas prinsiplərindən agah olmalıdır. Bu, çox maraqlı bir ədəbi prosesdir. Bədii söz sənətinin tərcüməsi də bu qəbildəndir. İntuitiv və intellektual tərcümə, təbii ki, bir-birindən fərqlidir.
Həyat Şəminin fikrincə, tərcümə prosesində sərbəstlik nə qədər arzuolunan və vacibdirsə, müəllifin mətnini gözləmək, necə deyərlər, mətnə sədaqət bir o qədər mütləqdir. Tərcüməçinin mətnə müvafiq öz tapıntılarının olması, canlandırdığı, ərsəyə gətirdiyi əsərə iç dünyasından gələn nöqtəni qoyması da məqbul sayılır. Tərcümə zamanı Həyat üçün dilimizin gözəlliklərinə, poetikasına sədaqət birinci dərəcəlidir.
Bu fikirləri dinlədikdən sonra "Payızın yağmurları” kitabındakı tərcümə şeirlərinin dilinin bunca şirin və axıcı olmasının fərqindəydim. Axı, Həyatın öz şeirlərinin dili də gözəl, səlis və rəvandır.
Qələm dostumun bu tərcümə əsərini "təbiət kitabı” da adlandırmaq olar. Bu kitabda əsrarəngiz təbiət gözəlliklərini vəsf edən poetik nümunələr bir deyil, iki deyil. Razil Vəliyevin ana təbiətlə mehr-ülfəti Həyat Şəminin yurd sevgisi, el-obanın təbii gözəlliklərindən zövq almaq duyğusu ilə üst-üstə düşüb, arınıb-durulub:

***
Hardasan sən, harda, ey gözəl lalə?
Yoxsa sarıb səni dumanlı halə.
Ah, çobanyastığı çiçəkləndimi?
"Sevir, sevmir”, – deyə ləçəkləndimi?


Tatarıstan poeziyasının ünlü simasının məhəbbət şeirləri də Həyat Şəminin təfsirində bir qədər də cilalanıb, çox səmimi, həyati və inandırıcıdır:

Güvən öyrədəcəm mən sənə, gülüm,
Güvən bu sevgiyə, dərd-qəmi unut!
İcazə ver bir az, yanına gəlim,
Sahil sıldırımdı, qalx, əlimdən tut.


Həyat Şəminin şeirləri çağdaş poeziyamızda bədii-estetik məziyyətləri ilə diqqəti çəkən qələm nümunələridir. Xanım şairimiz tərcüməçilik fəaliyyətinə görə VI Bakı Kitab Bayramının Milli Kulturoloji ödülünə və 2013-cü ildə Dünya Gənc Türk Yazarlar Birliyinin "Türk dünyasına xidmət” ödülünə layiq görülüb. O, Mikayıl Müşfiq mükafatı laureatıdır.
Tarix üzrə fəlsəfə doktoru olan Həyat Şəminin bu günlərdə "Azərbaycanda dini-siyasi hərəkatlar” (VIII-IX əsrlər) adlı monoqrafiyası nəşr edilib.
Şeirləri qardaş türk xalqlarının türkcəsinə uyğunlaşdırılaraq, həmçinin rus, Ukrayna, ingilis, italyan dillərinə çevrilərək çap edilmişdir.

Zemfira Məhərrəmli
yazıçı-publisist
banner

Oxşar Xəbərlər