• şənbə, 26 Sentyabr, 06:27
  • Baku Bakı 21°C

Yolumuza işıq salan gün

26.09.26 05:08 26
Yolumuza işıq salan gün

27 Sentyabr həm də Vətənə olan sevginin, ehtiramın təcəssümüdür. İllər keçəcək, zaman dəyişəcək, lakin Vətən uğrunda şəhid olan qəhrəmanlarımıza olan hörmətimiz, ehtiramımız, onların bizlərə əmanət qoyub getdiyi qalib Azərbaycana olan sevgimiz heç bir zaman dəyişməyəcək.

Bəzən bizlər üçün təqvimdə qeyd olunan adi bir gün bütöv bir xalqın, dövlətin taleyini dəyişir, qürurun rəmzinə çevrilir. Aylar, illər keçsə də, bu gün milyonların yaddaşında əbədi həkk olunur. 27 Sentyabr - Anım Günü Azərbaycan xalqı üçün məhz belə bir gündür. 

Bu gün yalnız bir müharibənin başlanğıcını xatırladan, Zəfər yolumuza işıq salan tarix deyil. Bu gün həm də Zəfərə aparan yolda, 44 günlük Vətən müharibəsində doğma torpaqlarımızın 35 illik işğal əsarətindən azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız qarşısında mənəvi borcumuzu dərk etdiyimiz, düşündüyümüz gündür.

Qəlbimizdə, yaddaşımızda yaşayırlar

Altı il öncə, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq başlayan və 44 gün davam edən müharibə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu qələbə müstəqil və müasir Azərbaycanın tarixində yeni inkişaf mərhələsinin, qalib dövlət səhifəsinin əsasını qoydu. Lakin Zəfərə aparan yol heç də kitablarda oxuduğumuz, eşitdiklərimiz kimi asan olmayıb. Bu qələbənin əsasında minlərlə igid Azərbaycan övladının qanı, canı bahasına ortaya qoyduğu dəmir və dönməz iradə dayanır. Azərbaycan üç mindən çox qəhrəman övladını Vətənin azadlığı kimi müqəddəs amal uğrunda şəhid verib. Onların hər biri əslində heç də yarımçıq qalmış tale kimi dəyərləndirilməməlidir. Çünki ömürləri qısa olsa da, şəhidlərimiz müstəqil Azərbaycan dövləti, xalqı var olduqca qəlbimizdə, yaddaşımızda yaşayır və yaşayacaq.  

Milyonları birləşdirən müqəddəs amal

Milyonların yaşadığı həyat, sahib olduqları imkanlar fərqli olsa da, 27 Sentyabr tarixi bu qədər fərqli insanları bir amal  – Vətənin azadlığı uğrunda birləşdirdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bir əmri ilə Azərbaycanın on minlərlə igid oğlu 30 illik işğala son qoymaq, Xocalının, Başlıbelin, Qaradağlının və daha neçə-neçə soyqırımılarının qisasını almaq üçün könüllü şəkildə ordu sıralarına yazıldı. Xalq Liderinə, Silahlı Qüvvələrinə sonsuz dəstəyini göstərdi. 

İtirən yox, itirdiklərimizi geri qaytaran olduq

Bəli, 27 Sentyabr bizlər üçün həm Anım, həm də Qürur günüdür. Çünki Zəfərə aparan yolun başlanğıcı məhz bu gündür. Şəhidlərimiz olsa da, xalq və dövlət olaraq Prezident İlham Əliyevin qətiyyəti, dəmir siyasi iradəsi və liderliyi ilə son 200 ildə heç kimin bacarmadığını bacardıq. İtirən yox, itirdiklərimizi geri qaytaran olduq. Dünyaya işğalla, soyqırımı ilə, separatizmlə barışmaz mövqenin, Vətən sevgisinin, xalq-dövlət-ordu birliyinin sarsılmazlığının necə olduğunu göstərdik. 

Keçmişi unutmamalıyıq

27 Sentyabr yalnız keçmişi xatırlamaq üçün deyil, həm də müharibənin ağır nəticələrini dərk etmək üçün bir fürsətdir. Ermənistan dövlətinin 30 ildən artıq davam edən işğal nəticəsində milyonlarla soydaşımıza yaşatdığı yurd həsrətini, on minlərlə şəhid və günahsız qurbanların xatirəsini bir daha xatırlamaq, keçmişin acı nəticələrindən dərs çıxartmaq üçün bir fürsət. Məhz bu səbəbdən, qələbəmiz haqqında danışarkən bu Zəfərin əsas memarları olan şəhidlərimizin, qazilərimizin fədakarlığını da daim xatırlamalıyıq. Necə ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfər edərkən, əlamətdar günlərdə, rəsmi görüşlərdə birmənalı olaraq bu Qələbənin minlərlə Azərbaycan övladının canı, qanı bahasına əldə edildiyini xüsusi olaraq vurğulayır, xatırladır. 

Tarixi yalnız tarixçilər yazmır

Bir xalqın tarixini yalnız tarixçilər yazmır. Onun əsas daşıyıcıları həmin tarixi yaşayan ailələr, müəllimlər, valideynlər, yazıçılar – hər birimizik. Bu səbəbdən Zəfər yolunun şahidləri olaraq bu gün bizim üzərimizə düşən məsuliyyət, vəzifə ikiqatdır. Gələcək nəsillərə 27 Sentyabr – Anım gününün mənasını düzgün çatdırmaq tarixi qələbə sevincini bizlərə bəxş edən şəhidlərimiz qarşısında müqəddəs borcumuzdur. Çünki bizdən sonra gələnlər üçün bu günlər sadəcə bir tarix olacaq, şanlı bir tarix. Vətən müharibəsi yolunun əzmini, əziyyətini, bu yolda ortaya qoyulan fədakarlıq nümunələrini daimi yaşatmaq, şəhidlərimizin qısa, lakin mənalı ömür hekayələrini əbədiləşdirmək bu günün vəzifəsidir, yəni bizlərin.  

Vətənə olan sevginin, ehtiramın təcəssümü

27 Sentyabr həm də Vətənə olan sevginin, ehtiramın təcəssümüdür. Gələcək nəsillər üçün vətənpərvərliyin ən gözəl nümunəsi isə məhz şəhidlərimizin, qazilərimizin qəhrəmanlıq dastanlarıdır. Şəhidlərin xatirəsini yaşadan gənc öz tarixini bilməli, milli dəyərlərinə hörmət etməli və ona miras qoyulanlara layiqincə sahib çıxmalıdır. Çünki şəhidlərin bizə əmanət etdiyi ən böyük dəyər yalnız keçmiş deyil, həm də gələcəkdir.

Dünyaya sülh çağırışı

27 Sentyabr həm də Azərbaycan dövlətinin, xalqının dünyaya sülh çağırışıdır. 30 illik qanlı münaqişə tarixini bağlamaq əzminin, inkişaf, təhlükəsiz həyata verdiyi dəyərin göstəricisidir. Çünki hazırda sahib olduğumuz sülh məhz Azərbaycanın minlərlə şəhid övladının qanı hesabına əldə olunub. Şəhidlərin xatirəsini yad etmək həm də sülhün nə qədər qiymətli olduğunu anlamaq deməkdir. 

İllər keçəcək, zaman dəyişəcək. Lakin Vətən uğrunda şəhid olan qəhrəmanlarımıza olan hörmətimiz, ehtiramımız, onların bizlərə əmanət qoyub getdiyi güclü, müstəqil, qalib Azərbaycana olan sevgimiz heç bir zaman dəyişməyəcək.
Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızı dərin hörmət və ehtiramla yad edirik!

Azad Əliyev 

banner

Oxşar Xəbərlər