• şənbə, 10 May, 09:47
  • Baku Bakı 15°C

Ulu Öndərin şah əsəri

10.05.25 05:16 72
Ulu Öndərin şah əsəri

Heydər Əliyev: “Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir”.

Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin 30 ili tamam olur.

Mühüm qanunvericilik bazası

1995-ci il 12 noyabr müstəqil Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Ümummilli Lider Heydər Əliyevin birbaşa rəhbərliyi və təşəbbüsü ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq referendumu ilə qəbul edilib. Özündə insan hüquq və azadlıqlarını, demokratik dəyərləri, hakimiyyətin dəqiq bölgüsünü ehtiva edən ilk Konstitusiya sonrakı dövrlərdə ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil edib.

Ulu Öndər Heydər Əliyevin xalqın iradəsini əks etdirən müstəqil Azərbaycanın ilk Konstitusiyasına verdiyi dəyər onun dövlətimizin gələcək həyatında nə dərəcədə müstəsna rol oynadığını aydın ehtiva edir: “Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır. Xalqımız bu Konstitusiyanın müddəalarından istifadə edərək Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün əsaslar yaratmış, bütün təminatları vermişdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” ilə bağlı sərəncamında da qeyd edildiyi kimi, bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynayıb.

Dövlətçilik qarşısındakı ən böyük xidmətlərdən biri

İlk Konstitusiyamızın qəbulunu Ulu Öndər Heydər Əliyevin şah əsəri də adlandırırlar. Həqiqətən də ölkənin əsas qanununun hazırlanması, Ümummilli Liderin rəhbərliyi ilə hər bir maddə ilə bağlı ayrı-ayrılıqda təşkil edilən müzakirələr, həmin illərdə Azərbaycandakı mövcud vəziyyət təhlil edildikdə bu müqəddəs missiyanın hansı zəhmət hesabına uğurla yekunlaşdığını təsəvvür etmək mümkündür. Bu çətin və şərəfli missiyanın öhdəsindən isə yalnız və yalnız Heydər Əliyev kimi görkəmli və zəngin idarəçilik təcrübəsinə malik dövlət xadimi gələ bilərdi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindəndir.

Demokratik dəyərlərə sadiqlik

Beş bölmə, 12 fəsil, 158 maddədən ibarət ilk milli Konstitusiyada BMT-nin 1948-ci il 10 dekabr tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit olunub. Konstitusiyanın üçdə birinin insan hüquq və azadlıqları ilə bağlı olması Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan humanist siyasətin, dövlətin hər bir vətəndaşa diqqət və qayğısının təzahürüdür. Əsas Qanunda insan hüquq və azadlıqlarına geniş yer verilməsi, həm də müstəqil Azərbaycanın demokratik ənənələrə, insan hüquqları ideyalarına, vətəndaş cəmiyyətinə sadiqliyinin ifadəsi idi. Ulu Öndərin 1996-cı il 1 noyabr tarixli Fərmanı ilə hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.

Konstitusiyanın əsas tələbini reallaşdıran Zəfər

Azərbaycan Konstitusiyasının ilk maddəsində dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğu qeyd olunur. Ümummilli Liderin müstəqil Azərbaycanın qurulmasında yorulmaz fəaliyyətinin əsas ilham mənbəyi, dayağı məhz xalqının öz liderinə olan sonsuz etimadı və sevgisi idi. Bu etimadın kulminasiya nöqtəsi 2020-ci ildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə nəticələnən Vətən müharibəsində əldə etdiyimiz Zəfərimizdir. Bu Zəfərin memarı isə Heydər Əliyev yolunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir.

Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib. Lakin uzun illər ərzində işğal faktının mövcudluğu əsas qanunun tələb etdiyi bu vəzifənin icrasını qeyri-mümkün edirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş Zəfər həm də Azərbaycan Konstitusiyasının əsas müddəalarının tam olaraq həyata keçirilməsi, ölkənin ali qanununun bütün suveren ərazilərimizdə hüquqi cəhətdən qüvvəyə minməsinin zəmanətidir.

Son illərdə həyata keçirilən islahatlar, qalib ordu və güclü iqtisadiyyat, ən əsası - Heydər Əliyev ideyalarına əsaslanan siyasi kurs, hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısı, demokratik və hüquqi dövlət quruculuğunun prinsiplərini müəyyənləşdirən Konstitusiya müstəqil Azərbaycanın əbədi olaraq mövcudluğunun təminatıdır.

Azad Əliyev

banner

Oxşar Xəbərlər