Təhlükəsizlik üçün enerji - TƏHLİL
Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edib. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılardır.
Regionun enerji sahəsində mühüm hadisəsi olan Bakı Enerji Həftəsi iyunun 4-də başlayıb və iyunun 6-dək davam edib. Bakı Enerji Həftəsi “Caspian Oil&Gas” və “Caspian Power” sərgilərini özündə birləşdirib.
Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir. Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir.
Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edib. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılardır. Sərgi sahəsinin 40 faizi isə tanınmış şirkətlərə, bu mühüm tədbirin daimi iştirakçılarına məxsusdur.
Baydendən güclü siqnal
Öncəliklə deyək ki, ABŞ Prezidenti Cozef Baydenin Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlaması böyük bir tablonu əks etdirir.
Bu tablo ABŞ ilə Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrini gücləndirməyə və dərinləşdirməyə təşviq edən sahələrin inkişafı üçün irəli sürülən yol xəritəsi kimi qiymətləndirilə bilər. Baydenin məktubu ABŞ-nin Azərbaycanla əlaqələrdəki alt-qatı təsvir etməyə imkan verir.
Bununla Ağ Ev bəyan edir ki:
1. ABŞ-nin Azərbaycan vasitəsilə Cənubi Qafqazda qarşılıqlı maraqları inkişaf etdirməsi vacibdir.
2. ABŞ Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan strateji genişlənmə siyasətinə Azərbaycan vasitəsilə dəstək alətləri axtarır.
Təbii ki, bu iki məqamın öz hədəfinə çatması üçün ABŞ Azərbaycanın Avropanın enerji bazarlarındakı güclənən oyunçuluq qabiliyyətini dəstəkləməyə davam etməlidir. Nəzərə almaq lazımdır ki, ABŞ dünyanın ən böyük neft istehsalçısı və təbii maye qaz ixracatçısı kimi beynəlxalq enerji təhlükəsizliyinin dəstəklənməsində mühüm rol oynayır. Həmin kontekstdə Azərbaycanın Avropaya həm də yaşıl enerji resursları ixrac etmək potensialı ABŞ-ni regiona hərtərəfli yanaşmasını nəzərdən keçirməyə təşviq edir. Çünki ABŞ “yaşıl yol”un cızacağı yeni beynəlxalq geostrateji nizamda Azərbaycanın da əhəmiyyətli yer tutacağını bilir. Bu mənada ABŞ Baydenin timsalında Azərbaycanda keçiriləcək COP29 mötəbər tədbirinə dəstək verir. Böyük ehtimal ki, ABŞ COP29 çərçivəsində Azərbaycanın enerji təhlükəsizliyindəki rolunu şaxələndirmək üçün Bakıya yeni təkliflər də verəcək. Bu fikri qüvvətləndirəcək amil kimi Baydenin məktubda “Azərbaycan xüsusilə Avropada qlobal enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalır” deməsini göstərə bilərik. Bu yanaşma ABŞ-Azərbaycan əlaqələrində daha geniş vizyonu ortaya qoyur.
Digər məktublar nəyi göstərir?
Onu da qeyd edək ki, bu qlobal tədbirə ABŞ lideri ilə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da məktub ünvanlayıb.
Tədbirdə həmçinin Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru Kristina Lobillo Borrero, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays, Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Baş direktoru Françesko La Kamera çıxış edib.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoyublar.
Verilən bəyanatları və təməlqoyma mərasimini ümumiləşdirsək, bu fikri irəli sürə bilərik ki, Azərbaycanın enerji istehsalına, o cümlədən bərpa olunan enerjinin ixracına yönəlik addımlarına dəstəklər ifadə edilir. COP29 isə, belə demək mümkündürsə, Azərbaycanın enerji siyasəti aktı üçün həlledici bir mərhələ təşkil edir.
Bakı qlobal oyunçuların cazibə mərkəzinə düşür
Təbii ki, Azərbaycanın strateji portfelini zənginləşdirməsi rəqiblər tərəfindən əhəmiyyətli risklərlə üzləşə bilər. Bu baxımdan Bakı Enerji Həftəsində verilən qlobal dəstək Bakıya qarşı kampaniya aparan mərkəzlərə də tutarlı mesajlardır. Bu, gələcəkdə qarşılaşa biləcəyimiz kampaniyalarda Azərbaycanın müdafiə immunitetini gücləndirəcək. Bakının mövqeləndiyi strateji nöqtələr sözsüz ki, Qərb, Rusiya və Çin arasında gedən mübarizəyə də təsir edir.
Ümumilikdə Azərbaycanın Cənubi Qafqazın təhlükəsizliyinə böyük töhfələrinə enerji potensiallarını da əlavə etməsi:
1. Rəsmi Bakının qlobal güc rəqabətinə münasibətdə orta və uzunmüddətli xarici siyasət prioritetlərini genişləndirir,
2. Rəsmi Bakının regionda yeni geosiyasi status yaratmasına gətirib çıxarır və bu, qlobal oyunçuların cazibə mərkəzinə düşür.
Mümkün risklərə qarşı uzunmüddətli strategiya
Bunu əminliklə vurğulamaq olar ki, Azərbaycanın enerji təhlükəsizliyindəki rolu regional sülh yaratmaq və onu saxlamaq üçün zəruri bir alətə çevrilir. Son hadisələr və qarşıdan gələn COP29 Azərbaycanın enerji, iqtisadiyyat və milli təhlükəsizlik arasındakı əlaqələri yenidən diqqət mərkəzində saxlamasını stimullaşdırır. Azərbaycan bu üstünlüklərindən istifadə edərək mümkün risklərə qarşı böyük ölçüdə dəstək qazanıb uzunmüddətli strategiya üzərində işləyəcək.
Aqşin Kərimov