• şənbə, 01 Fevral, 08:56
  • Baku Bakı 0°C

"Böhranı yaradan Fransa tərəfidir"

01.02.25 00:18 116
"Böhranı yaradan Fransa tərəfidir"

Fərid Şəfiyev: “Bu böhranı yaradan Fransa tərəfidir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa ilə daim əlaqələr qurmağa çalışır. Bizim Fransa ilə iqtisadi əlaqələrimiz, eləcə də enerji sahəsində əməkdaşlığımız var. İki ölkə arasında münasibətlərin soyumasına səbəb olan faktorlardan biri də erməni diasporudur”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Bakıda "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusuna həsr olunmuş beynəlxalq tədbir öz işinə başlayıb.

"Səbəbkar erməni diasporudur"

BMTM İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycan-Fransa münasibətlərinin soyumasının səbəbkarı erməni diasporudur. Onun sözlərinə görə, Azərbaycanın bir sıra Avropa ölkələri ilə çox konstruktiv əlaqələri var, amma hazırda Fransa ilə münasibətlərdə böhran yaşanır: "Təbii ki, bu böhranı yaradan Fransa tərəfidir. Azərbaycan daim BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa ilə əlaqələr qurmağa çalışır. Bizim Fransa ilə iqtisadi əlaqələrimiz, eləcə də enerji sahəsində əməkdaşlığımız var. İki ölkə arasında münasibətlərin soyumasına səbəb olan faktorlardan biri də erməni diasporudur".

F.Şəfiyev bildirib ki, Fransa ilə bağlı araşdırmaların davam etdirilməsi, fransız dilinin öyrənilməsi vacibdir: "Son vaxtlar Fransa səfirliyi Azərbaycandan viza müraciətlərinin artdığını açıqlayıb. Bu da normal haldır. Çünki Azərbaycan Fransa mədəniyyətinə qarşı mübarizə aparmır və vətəndaşlarımız da bu ölkənin mədəniyyət nümunələrini görmək istəyə bilər".

"Makronun gəlişindən sonra münasibətlər süquta uğradı"

Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, Emmanuel Makron hakimiyyətə gəldikdən sonra Azərbaycan əleyhinə siyasət yürütməyə başlayıb. O qeyd edib ki, tarixən Fransa ilə Azərbaycanın güclü praqmatik və mədəni əlaqələr mövcud olub: "Azərbaycanın əksər məşhur ziyalıları Cümhuriyyət dövründə təhsillərini məhz Fransada alıblar. Əhməd bəy Ağaoğlu kimi ziyalılar öyrəndiklərini gəlib ölkəmizdə tətbiq etmişdilər. Yəni tarixən bizim belə güclü əlaqələrimiz olub. Sovet İttifaqının süqutundan sonra Fransa özünü neytral göstərməyə çalışırdı. Amma görünürdü ki, Ermənistana Fransanın diplomatik dəstəyi var. Fransız siyasətçilərin Ermənistana rəğbəti aşkar görünürdü".

T.Gəncəliyev qeyd edib ki, 2003-cü ildən bəri Fransa-Azərbaycan münasibətləri yeni bir müstəviyə qədəm qoyub: "Azərbaycanın güclənməsi Fransada bəzi dairələri ciddi narahat edirdi. Fransada erməni diasporu onların elitasına birbaşa təsir etmək gücünə malikdir".
Deputat vurğulayıb ki, 2017-ci ildə Makron hakimiyyətə gəldikdən sonra münasibətlər bir növ süquta uğradı: "2020-ci ilə qədər Fransa Ermənistana gizli şəkildə dəstək göstərirdisə, İkinci Qarabağ müharibəsindən sonra Fransa anti-Azərbaycan münasibətini açıq şəkildə nümayiş etdirməyə başladı".

"Münasibətlərin bərpası üçün potensial var"

“Conflicts” jurnalının direktoru Gil Mixaelinin sözlərinə görə, Azərbaycan və Fransa münasibətlərin bərpası üçün potensiala malikdir. Onun qənaətincə, belə bir tədbirin təşkili Azərbaycanın Fransa ilə münasibətləri müzakirə etməyə çalışdığını göstərir. "Mən nəzərdə tuturam ki, Azərbaycan sadəcə "nə etmək olar, bu işləmir, bizim başqa prioritetlərimiz var" deyə bilərdi. Amma bunu etmədi. Tənqidlərə, bəlkə də kədər və ya qəzəbə baxmayaraq, qarşılıqlı maraq yüksək olaraq qalır. Mən hesab edirəm ki, məhz bunun üzərində dialoq qurmaq olar. Fransa və Azərbaycan daha yaxşı vaxtlar da yaşayıb, amma onlar düşmən deyillər", - o qeyd edib.

Bəzi Qərb dövlətlərinin Azərbaycana münasibəti dəyişib

Lazur Sahili Universitetinin ictimai hüquq professoru Kristian Vallar deyib ki, bəzi Qərb dövlətlərinin 2020-ci ildən sonra Azərbaycana münasibəti nəzərəçarpacaq dərəcədə dəyişib. Onun sözlərinə görə, bu daha çox özünü ölkənin ərazi bütövlüyünü bərpa etməsinə olan reaksiyada göstərib. K.Vallar bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin qaytarılması faktı rəsmi Paris də daxil olmaqla, bir sıra ölkələrin mənfi reaksiyasına səbəb olub: "Fransa həmişə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib. 2020-ci ilə qədər Bakı və Paris arasında münasibətlər dinamik və məhsuldar şəkildə inkişaf edib. 2017-ci ildə ilk səfərim zamanı Bakıda fransız diplomatları ilə görüşdüm və onlar iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişaf perspektivlərini qeyd etdilər. Lakin 2020-ci ildən sonra bütün uğurlu proseslər dayandı. Azərbaycan Cənubi Qafqaz regionunda mühüm yer tutur".

 

banner

Oxşar Xəbərlər