Tramp ABŞ-yə “qızıl dövr”ü yaşadacaqmı?
Andiçmə mərasimindəki və sonrakı bəyanatlarından da göründüyü kimi, Tramp xarici siyasətdə çox enerjili və fəaldır. O, ABŞ-nin xarici siyasətinə ciddi düzəlişlər etmək niyyətindədir. Bunun nə dərəcədə real olacağını isə zaman göstərəcək.
Növbəti dəfə ABŞ Prezidenti vəzifəsinin icrasına başlayan Donald Tramp ölkə tarixinə ən qocaman lider kimi düşüb. O, “ABŞ-nin qızıl əsri məhz indi başlayır” deyərək, Birləşmiş Ştatların var-dövlətini artıracağını, ərazisini genişləndirəcəyini, bayrağını Mars da daxil olmaqla, yeni üfüqlərə asacağını bəyan edib. Ölkəyə gəlirlərin xaricdən gələcəyini və bunun üçün Xarici Gəlir Xidmətinin yaradıldığını bildirib. Tramp ölkənin yenidən varlanacağını, inflyasiyanı azaltmaq üçün administrasiyasının dərhal işə başlayacağını dilə gətirib. ABŞ yenidən istehsal edən bir ölkə olacaq deyən Tramp, ölkədə neft və qaz üzrə qazma işlərinin sürətlənəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ hökumətində yalnız kişi və qadın olmaqla, iki cinsin siyasəti olacaq, “dəri rənginə baxmadan ləyaqət qiymətləndiriləcək”.
İsrail-HƏMAS atəşkəsinə toxunan ABŞ Prezidenti bildirib ki, onun administrasiyası Yaxın Şərqdə sülhyaradıcı və birləşdirici olacaq. Tramp andiçmə mərasimində xüsusi olaraq Rusiya-Ukrayna müharibəsi barədə danışmasa da, dünyadakı müharibələri bitirəcəyini vəd edib. Rusiya Prezidenti Vladimir Putin də andiçmə mərasimindən əvvəl Trampı prezident seçilməsi münasibətilə təbrik edib. Bu o deməkdir ki, Putin Trampla görüşməyə hazırdır. Putin sanksiyalardan qurtulmaq və Trampla Avropa dövlətləri arasında ixtilafı dərinləşdirmək üçün Ağ Evin yeni sahibinin atəşkəs tələbini qəbul edə bilər.
Beləliklə, qarşıdakı dörd il dünya tarixinə sürprizlərlə dolu dövr kimi düşə bilər. Hər şey isə iki fövqəldövlətin prezidentlərinin görüşündən və qəbul ediləcək qərarlardan asılı olacaq. Donald Trampla Vladimir Putin arasında görüşün bu ilin martında keçiriləcəyi ehtimal edilir.
Bəs görəsən, Tramp Ukrayna və Fələstin münaqişələri ilə bağlı real nəticələrə nail ola biləcəkmi?
Sülh olmasa, sanksiyalar olacaq
Jurnalistlər Trampdan Putin danışıqlar masasına oturmasa, Vaşinqtonun Rusiyaya yeni sanksiyalar tətbiq edib-etməyəcəyini soruşublar. ABŞ Prezidenti bu suala “elə görünür” cavabını verib. Tramp komandasının Ukraynaya əlavə silah göndərilməsi imkanlarını da nəzərdən keçirdiyini bildirib. Halbuki seçki kampaniyası zamanı o, Bayden administrasiyasının Ukraynaya verdiyi yardımların çox olması ilə bağlı sərt çıxışlar edib. Xatırladaq ki, seçki kampaniyası zamanı Tramp vəzifəyə başladıqdan sonra 24 saat ərzində Ukraynada müharibəni bitirəcəyinə söz vermişdi. Son həftələrdə o, bu bəyanatından geri çəkilib. Bir çox analitiklər düşünürlər ki, müharibənin yaxın zamanda bitməsi çətindir. Çünki rəsmi Kiyev NATO və Avropa İttifaqına inteqrasiyada israrlıdır. Rusiya isə buna qarşıdır. Belə bir şəraitdə ortaq məxrəcə gəlmək, hansısa razılaşmaya getmək çətindir.
Tramp daha əvvəl bildirib ki, Putin Ukrayna müharibəsini bitirmək üçün razılaşmaya getməkdən imtina etməklə Rusiyanı “məhv edir”. Fərziyyələr var ki, Tramp Putinin Ukrayna ilə bağlı mövqeyini dəyişdirmək üçün Kremlin Arktika, Yaxın Şərq və Afrika kimi regionlardakı maraqlarına qarşı addımlar ata bilər. Eyni zamanda, Kremlin müttəfiqləri - İran və Şimali Koreyaya təzyiq göstərilməsi də mümkündür. Trampın bu açıqlamalarından öncə Fransa Prezidenti Emmanuel Makron sülh danışıqlarından əvvəl Kiyevin mövqelərinin gücləndirilməsinin vacibliyi ilə bağlı çıxış edib. Müharibənin uzun müddət davam etmə ehtimalına toxunan Makron “özümüzü aldatmayaq, bu münaqişə bir neçə günə həll olunmayacaq” deyə Fransa hərbçilərinin qarşısındakı çıxışında bildirib.
24 saat 100 günlə əvəzlənib
“The Wall Street Journal” (WSJ) isə yazır ki, Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa münaqişəni 100 gün ərzində başa çatdırmaqla bağlı tapşırıq verib. Qəzetin qiymətləndirmələrinə görə, “Rusiya ilə sazişin bağlanması Trampın təsəvvür etdiyindən daha çətin olacaq". Mənbələr Trampın Ukrayna üzrə danışıqlar prosesinin gedişinə şəxsən nəzarət etmək niyyətində olduğunu bildiriblər. Kelloqun keçmiş həmkarları onun müstəqil fiqur olmadığını və tamamilə prezidentdən asılı olduğunu iddia edirlər.
ABŞ hökumətinin Qəzza siyasəti necə olacaq?
İsrail-Fələstin münaqişəsi də Trampın əsas gündəm mövzularındandır. Məlum olduğu kimi, Tramp hələ vəzifəsinin icrasına başlamadan Qəzzada atəşkəsin əldə edilməsində rol oynayıb. Tərəflər ABŞ-nin vasitəçiliyi ilə üçmərhələli atəşkəs razılaşması əldə ediblər. Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff 11 yanvar tarixində İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Rəsmilərin sözlərinə görə, gərgin keçən görüş zamanı Vitkoff atəşkəslə bağlı israr edib. Daha sonra Dohaya gedən Vitkoff atəşkəs görüşmələrinə də qatılıb. HƏMAS-ın nümayəndəsi bildirib ki, Trampın yeni administrasiyasının təzyiqi olmasaydı, razılaşmanın mümkün ola biləcəyini təsəvvürünə belə gətirə bilməzdi.
Bəs atəşkəs razılaşmasının davamında ABŞ hökumətinin Qəzza siyasəti necə olacaq? Trampın Qəzza ilə bağlı hansı siyasəti yürüdəcəyi maraq doğuran suallar sırasındadır. Yeni prezidentin komandasından olan rəsmilərdən biri ABŞ-nin qaçqın fələstinliləri köçə məcbur edəcəyini iddia edib. O, Stiv Vitkoffun atəşkəs zamanı Qəzzaya səfər edəcəyini də qeyd edib.
Ümumilikdə, andiçmə mərasimndəki və sonrakı bəyanatlardan da göründüyü kimi, Tramp xarici siyasətdə çox enerjili və fəaldır. O, ABŞ-nin xarici siyasətinə ciddi düzəlişlər etmək niyyətindədir. Bunun nə dərəcədə real olacağını isə zaman göstərəcək.
Azər Nuriyev