• bazar, 26 Yanvar, 11:49
  • Baku Bakı 7°C

Azərbaycanın Trampdan gözləntiləri - TƏHLİL

25.01.25 04:20 250
Azərbaycanın Trampdan gözləntiləri - TƏHLİL

ABŞ-nin yeni prezidentinin enerji gündəmi Azərbaycanın maraqları ilə uyğundur. Bakının Cənub Qaz Dəhlizi kimi transregional enerji təşəbbüslərindəki rolu ABŞ üçün qiymətlidir. 

Donald Trampın ABŞ-nin 47-ci prezidenti kimi andiçmə mərasimdəki nitqi əsasən daxili problemlərə yönəlsə də, orada qlobal təhlükəsizlik və beynəlxalq münasibətlərin gələcəyinə də vurğular var idi. ABŞ-nin yeni dövrdəki strategiyası təbii ki, Azərbaycanın da diqqət mərkəzindədir. Bakı Vaşinqtonla Tramp administrasiyası dövründə səmərəli, qarşılıqlı hörmət və maraqların təmininə əsaslanan əlaqələr qurmaqda maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampa ünvanladığı təbrik məktubunun xarakteri və məzmunu da Bakının Ağ Evdən konstruktiv istiqamətlərdəki gözləntilərini ifadə edir. 

Trampın bəzi sərəncamlarına ümumi baxış 

Trampın Oval Ofisdəki kürsüsünə əyləşər-əyləşməz imzaladığı sərəncamlar ABŞ-nin daxili prioritetlərdə müdafiə və təhlükəsizlik siyasətinin güc vasitəsilə həyata keçiriləcəyini vurğulayır. Xüsusilə Meksika kartellərinin xarici terror təşkilatı kimi tanınması, ABŞ-nin cənub sərhədləri boyunca fövqəladə vəziyyət elan edilməsi, sərhədə qoşunların yerləşdirilməsi qərarı sərhəd təhlükəsizliyi planlarında uğurlu nəticə əldə etməyinə hesablanıb. İlk baxışda Trampın sərəncamlarındakı “daxili kataloq” ABŞ-nin öz prioritetlərinə cavab vermək üçün qlobal fəaliyyətini məhdudlaşdıracağı təəssüratları yarada bilərdi. Lakin yeni prezidentin xarici siyasət doktrinasına da xüsusi diqqət yetirəcəyinə dair proqnozlar var. Trampın nitqində ABŞ-nin müttəfiqləri və ya ittifaqlar haqqında heç bir söz yox idi. Amma andiçmədən sonra Trampın ABŞ-ni Ümumdünya Səhiyyə Təşkilatından, Paris İqlim Sazişindən çıxarmaq barədəki qərarları, Rusiyaya Ukraynadakı müharibəni dayandırmaq barədəki ultimatumu Vaşinqtonun beynəlxalq rəqabət arenasında fərqli siyasət izləyəcəyini söyləməyə əsas verir. Trampın elan etdiyi prioritetlər aşağıdakı kimi təsnifləndirilə bilər: 

- ABŞ-nin qlobal fəaliyyəti yenidən nəzərdən keçiriləcək,

- Bununla paralel olaraq, ABŞ-nin beynəlxalq təhlükəsizlik və sabitliyin təminatçısı kimi rol almaq üçün imtiyazları genişləndiriləcək. 

Co Baydendən fərqli olaraq...

Donald Trampın ölkəsini strateji güc vitrinində ən önə çıxarmaq planı ABŞ-nin xaricdəki maraqlarının təmini üçün lazım olan maliyyələri məhdudlaşdırmaqla müşayiət oluna bilər. Yəni, demokratlardan, o cümlədən sələfi Co Baydendən fərqli olaraq, cənab Tramp beynəlxalq və regional konyunkturadakı “demokratik” hərəkatlara, “demokrat” dövlət və hökumət başçılarına Ağ Evin təyin etdiyi büdcəni ya dondura, ya da onu əhəmiyyətli şəkildə azalda bilər. Bu, ABŞ-nin beynəlxalq müdafiə siyasətindəki öhdəliklərini azaldacaq bir akt deyil. Sadəcə, Vaşinqtonda düşünürlər ki, izafi xərclərə getmədən də supergüc iddialarının yerinə yetirilməsi mümkündür. ABŞ belə olan halda az məsuliyyətlə daha böyük işlər görməyi qarşıya məqsəd qoya bilər ki, onun bu siyasətinin Cənubi Qafqazdan da yan keçməyəcəyi şübhəsizdir. 

Enerji gündəmi Azərbaycanın maraqlarına uyğundur

Trampın Panama kanalını geri alacağına dair vədi, strateji dəyərinə görə Qrenlandiyaya olan marağı Azərbaycana prioritetlərindəki vurğuları ABŞ-yə rahat izah etmək imkanları qazandırır. Bu mənada, Azərbaycan lideri İlham Əliyevin Donald Trampa məktubu Cənubi Qafqazın sülh və təhlükəsizlik naminə fərqli şəkildə yenidən qurulmasında ABŞ-nin faydalı iştirak perspektivinin qiymətləndirilməsidir. 

Tramp administrasiyası artıq milli enerji fövqəladə vəziyyəti elan edərək, daxili və xarici siyasətinin əsası kimi “enerji üstünlüyünü” vurğulayıb. Bu, o iddiaya əsaslanır ki, enerji təhlükəsizliyi qlobal rəqabətin getdikcə daha vacib bir elementinə çevrilir. Trampın enerji gündəmi Azərbaycanın maraqları ilə uyğundur. Çünki Azərbaycanın Cənub Qaz Dəhlizi kimi transregional enerji təşəbbüslərindəki rolu ABŞ üçün hədsiz qiymətlidir. Bunları nəzərə alaraq, Azərbaycan Cənubi Qafqazda 2025-ci ildə geosiyasi təsir imkanlarını genişləndirəcək addımlara ABŞ-nin maraqlarının inteqrasiyasını hədəfləmiş kimi görünür. Azərbaycan onun da analizini aparır ki, Cənubi Qafqaz regionunda ABŞ-nin yeri Vaşinqtonun Rusiya, Çin və İranla əlaqələrinin necə olacağından asılı ola bilər. Böyük ehtimalla İlham Əliyevin ABŞ rəsmiləri ilə gələcək təmasları zamanı bu amil nəzərə alınacaq. Cənubi Qafqaz səhnəsindəki enerji siyasəti ilə yanaşı, Zəngəzur dəhlizi layihəsi Azərbaycan-ABŞ münasibətlərini yeniləyən təsirli amil ola bilər. Bu mənada ABŞ-nin gündəliyində Bayden administrasiyası dövründəkinin əksinə olaraq, Ermənistanın yeri ən aşağı səflərə doğru düşə bilər. Üstəlik, Azərbaycan Trampın yanaşmalarından onu da proqnozlaşdırır ki, Ağ Ev növbəti dörd ildə Cənubi Qafqazda Rusiya ilə məsafəli davranacaq. Bütün bunlar rəsmi Bakı üçün əlavə imkanlar yarada bilər. 

Aqşin Kərimov

banner

Oxşar Xəbərlər