• bazar ertəsi, 03 mart, 11:10
  • Baku Bakı 4°C

Öcalandan “silahları yerə qoyun” çağırışı 

01.03.25 16:25 0
Öcalandan “silahları yerə qoyun” çağırışı 

Türkiyənin artan gücü və Ərdoğanın qətiyyəti fonunda PKK-nın başqa bir çıxış yolu da qalmayıb. Əks seçimin onlar üçün hansı nəticələr doğuracağını gözəl anlayırlar.  

Türkiyə terrorla mücadilə mövzusunda tarixi anlara şahidlik edir. Son illərdə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkə daxilində, Suriyada, İraqda həyata keçirilən anti-terror əməliyyatları terrorun kökünün kəsilməsi istiqamətində real nəticələr verməyə başlayıb. 
İllər öncə saxlanılaraq Türkiyəyə gətirilən, İmralıda ömürlük həbsə məhkum edilən PKK lideri Abdullah Öcalan fevralın 27-də öz tərəfdarlarına müraciət ünvanlayaraq, “heç bir şərt irəli sürmədən silahları yerə qoyun” çağırışı edib. O, terror təşkilatının özünü buraxmasını istəyib. Müraciətində Türkiyə Cümhuriyyətinin terror təşkilatına son qoyduğunu bəyan edib. “Federasiya, muxtariyyət tələbləri artıq real deyil” vurğusu isə bir dövrün sona çatdığını əks etdirən başqa bir etirafdır.

Rəsmi Ankaranın bu çağırışa reaksiyası hələlik təmkinlidir. Türk mətbuatı hökumətdəki mənbələrə istinadən yazır ki, dövlət növbəti prosesi “ehtiyatlı nikbinliklə” izləyəcək. PKK-nın silahlı qanadının çağırışa hansı reaksiya verəcəyi də mühüm amildir. 

Türk ordusu son ana qədər dayanmayacaq

Türk ordusunun da prosesə münasibəti diqqət mərkəzindədir. Çağırışa baxmayaraq, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terror təşkilatı PKK-ya qarşı “Pəncə” əməliyyatlarını davam etdirir. Qəndil kimi daxili bölgələrə qarşı hava əməliyyatları fasiləsiz davam edir. Suriyanın şimalında “Fərat Qalxanı”, “Zeytun budağı” və “Sülh bulağı” əməliyyatı bölgələrində, həmçinin Tişrin bəndi ətrafında İHA əməliyyatları dayandırılmayacaq. Mübarizənin PKK-YPG-nin silahı yerə qoyduğu günə qədər qətiyyətlə davam edəcəyi bildirilir. 

Terrorun acı nəticələri

40 ildən artıq Türkiyədə terror əsdirən PKK-nın bu illər ərzində ölkəyə vurduğu maddi və mənəvi ziyan, aldığı canlarla bağlı statistika da mövcud mənzərənin əhəmiyyətini göstərir. Hesablamalara görə, 1984-2019-cu illər arasında terrorun vurduğu zərərin ümumi hesablana bilən dəyəri təxminən 3 trilyon 722 milyard lirədir. Əgər terror olmasaydı, bu vəsaitlə 100 İstanbul 3-cü Körpüsü, Veysel Eroğlu Anbarı kimi 100 bənd, 100 min kilometr yüksək sürətli dəmir yolu, 1000 su elektrik stansiyası, 1000 orta ölçülü beynəlxalq hava limanı, 24 sinif otağı olan 1000 məktəb inşa edilə bilərdi. 

Bu illər ərzində terror nəticəsində şəhid olanların sayı 15 minə yaxınlaşıb. Ölən terrorçuların sayının 50 minə çatdığı təxmin edilir. Milli Müdafiə Nazirliyinin açıq mənbələrində əks olunan rəqəmlərə görə, 1984-cü il avqustun 15-dən 2024-cü il avqustun 15-dək ümumilikdə 14 902 məmur və mülki şəxs şəhid olub. Şəhidlərin 8 486-sı Türkiyə Silahlı Qüvvələrinin əsgərləri, polislər və mühafizəçilərdir. Ümumilikdə 21 667 məmur yaralanıb. 

40 ildə öldürülən PKK-lıların sayı 46 276-ya çatıb. Son aylar və aşkarlanmayanlar da daxil olmaqla, bu rəqəmin 50 min civarında olduğu təxmin edilir. Bu müddət ərzində ümumilikdə 12 065 terrorçu yaxalanıb. Ölən və təslim olaraq zərərsizləşdirilən terrorçuların sayı təxminən 75 minə çatıb.

“Təbii ki, sabotaj etmək istəyən strukturlar olacaq”

Türkiyəli ekspertlərin də məsələyə münasibəti ehtiyatlıdır. AKP-nin keçmiş millət vəkili Əli İhsan Arslanın sözlərinə görə, əsas məsələ “silahlarınızı yerə qoyun” çağırışı idi: “Təbii ki, sabotaj etmək istəyən strukturlar olacaq. Amma biz qərarlı olsaq və xalq olaraq bu işin arxasında dayansaq, uğurun gələcəyinə inanıram”.

Beynəlxalq reaksiyalar müsbətdir

Öcalanın çağırışına ilkin beynəlxalq reaksiyalar da artıq məlumdur. Ağ ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuqes Öcalanın terror təşkilatı PKK-nın özünü buraxması çağırışını “bunun sülhün əldə olunmasına kömək edəcəyinə inanırıq” sözləri ilə dəyərləndirib. Almaniya Xarici İşlər Nazirliyi də açıqlamasında bildirib ki, zorakılığa son qoyulması mühüm addımdır: “Biz prosesi dəstəkləmək üçün əlimizdən gələni etməyə hazırıq”. 

BMT Baş katibi Antonio Quterreş də Öcalanın etdiyi yeni müraciəti alqışlayır. Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında bildirib. O qeyd edib ki, BMT vəziyyəti yaxından izləyir: “Bu, son dərəcə vacib xəbərdir. Növbəti addımlar barədə daha ətraflı məlumat əldə etməyə çalışırıq. Bu məsələ bizim üçün olduqca önəmlidir. Söhbət uzun illərdir davam edən və çoxsaylı insan ölümü ilə nəticələnən münaqişədən gedir. Müraciət müəyyən mənada ümid yaradır. Baş katib prosesdə iştirak edən bütün tərəflərlə işləməyə həmişə hazırdır”.

Terrorçuların seçimi qalmayıb

Siyasi leksikonla desək, artıq top terror təşkilatının İraq və Suriyada mənzillənən qərargahlarındadır. Son məlumatlara görə, PKK martın 21-də qurultay çağıraraq bu müraciəti müzakirə edəcək və yekun qərarını verəcək. Öcalanın çağırışına qruplaşmanın Suriya qolu kimi tanınan PYD-nin lideri Saleh Müslümdən də cavab gəlib. PYD lideri Öcalanın müraciətini dəstəkləyib. "Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, silahı yerə qoymağı qəbul edirik", - deyə o bildirib. Əslində mövcud beynəlxalq konyunkturada, Türkiyənin artan gücü və Ərdoğanın qətiyyəti fonunda terror təşkilatının başqa bir çıxış yolunun qalmadığı da aydındır. Əks seçimin onlar üçün hansı nəticələr doğuracağını gözəl anlayırlar.  Türkiyə Prezidenti bir müddət əvvəl xüsusi vurğulamışdı ki, terrorçular ya silahı yerə qoymalıdırlar, ya da öz məzarlarını qazmalıdırlar. 

Azər Nuriyev

banner

Oxşar Xəbərlər