Siyasi və iqtisadi dialoq məkanı
Davos Forumu dünyanın iqtisadi gündəliyinin formalaşmasında mühüm rol oynayır. Bu platformanın son müzakirələrinin beynəlxalq aləmdə yaşanan kataklizmlərlə, Donald Trampın yenidən Ağ Evə qayıtması ilə eyni vaxta təsadüf etməsi müzakirələrin əhəmiyyətini daha da artırır.
Ümumdünya İqtisadi Forumu (Davos Forumu) bu il də dünyanın yüzlərlə dövlət və hökumət başçılarını, aparıcı transmilli şirkətlərin rəhbərlərini bir araya topladı. Yanvarın 20-də start götürən Forum bir sıra mühüm məsələlərin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri sayılır.
Beş gün davam edən Forum zamanı iştirakçılar qlobal iqtisadiyyatda yeni artım mənbələri, biznes strategiyalarının əsas geoiqtisadi və texnoloji dəyişiklikləri nəzərə alınmaqla uyğunlaşdırılması, insan kapitalının inkişafına sərmayə qoyuluşu və cəmiyyətin inkişafına töhfə verən iş yerlərinin yaradılması kimi aktual məsəllər ətrafında müzakirələr aparıblar. Forum çərçivəsində yaşıl enerji, yaşıl iqtisadiyyat, ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi kimi aktuallıq kəsb edən məqamlar da diqqət mərkəzində olub.
Ölkəmiz üçün mühüm platforma
Prezident İlham Əliyevin Davos Forumunda iştirakı Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir. Qeyd edək ki, artıq uzun illərdir ölkəmizin Forumda ən ali səviyyədə iştirakı ənənəvi hal alıb. Bu baxımdan, Azərbaycan Davos Forumunun ən fəal iştirakçılarından biri kimi vurğulanır. Bu platforma vasitəsi ilə Azərbaycan özünün iqtisadi imkanlarını, investisiya, biznes mühitini, həyata keçirdiyi qlobal miqyaslı layihələri bir daha dünyaya təqdim edir.
Xarici investisiyanın cəlbi
Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunduqdan sonra bu formatlarda ən ali səviyyədə iştirak xüsusilə aktuallıq kəsb edir. Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərdə böyük infrastruktur layihələri həyata keçirir, ağıllı şəhər, ağıllı kənd, yaşıl iqtisadiyyat konsepsiyası reallaşdırır. Bununla belə, həmin ərazilərə xarici investisiyanın cəlbi, yeni iş yerlərinin yaradılması, sözügedən sahədə qabaqcıl texnoloji təcrübələrdən bəhrələnmək ən ümdə vəzifələrdəndir. Bu baxımdan Davos Forumu Azərbaycana işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialını dünyaya təqdim etmək, qeyd olunan istiqamətlər üzrə aparıcı beynəlxalq şirkətlərlə qarşılıqlı səmərəli əməkdaşlıq qurmaq baxımından da bir fürsət sayılır.
Enerji təhlükəsizliyinə edilən vurğu
Forumu ölkəmiz üçün əhəmiyyətli edən digər mühüm məqam hər il sözügedən platformada enerji təhlükəsizliyi məsələsinə xüsusi diqqətin ayrılmasıdır. Azərbaycan hazırda neft-qaz istehsalçısı olaraq Avropanın, bir sıra digər ölkələrin etibarlı enerji təchizatçısı, həmçinin enerji təhlükəsizliyi strategiyasının əsas mənbəyi rolunda çıxış edir. Bu sahədə qarşıdakı dövrdə alınacaq qərarlar təbii ki, Bakını da yaxından maraqlandırır. Sözügedən sahədə gələcək iqtisadi siyasət məhz bu müzakirələr və alınan qərarlardan doğan nəticələr əsasında müəyyənləşdirilir.
Keçirilən görüşlər, müzakirə edilən məsələlər
Qeyd etdiyimiz məqamlar Prezident İlham Əliyevin Davos Forumu zamanı keçirdiyi görüşlərin, apardığı müzakirələrin də əsasını təşkil edib. Dövlət başçısı Forum çərçivəsində qarşı tərəfin müraciəti əsasında Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Bu görüşlərdə həm qarşılıqlı ikitərəfli münasibətlərin gələcək perspektivləri, həm də Azərbaycanın beynəlxalq problemlərin həlli ilə bağlı sərgilədiyi mövqe, siyasəti diqqət mərkəzində olub.
Dövlət başçısı Davos Forumu çərçivəsində tək siyasi liderlərlə yox, eləcə də dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə də görüşüb. Bu görüşlər də məhz qarşı tərəfin müraciətləri əsasında reallaşıb. Burada “Carlsberg Group” şirkətinin Müşahidə Şurasının sədri Henrik Poulsen və Baş icraçı direktoru Yakob Aarup-Andersen, “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim, “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen, “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru Nik Studerlə görüşləri qeyd edə bilərik. Aparılan müzakirələr zamanı Azərbaycan iqtisadiyyatının müxtəlif istiqamətləri üzrə əməkdaşlıq perspektivləri diqqət mərkəzində olub. Ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühiti qeyd edilib. Dövlət başçısının Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşündə isə Avropaya yaşıl enerjinin ixracı, bununla bağlı həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri və imkanları barədə müzakirələr aparılıb. Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi” də imzalanıb.
Göründüyü kimi, Davos Forumu dünyanın həm siyasi, həm də iqtisadi gündəliyinin formalaşmasında mühüm rol oynayır. Bu platformanın son müzakirələrinin beynəlxalq aləmdə yaşanan kataklizmlərlə, Donald Trampın yenidən Ağ Evə qayıtması ilə eyni vaxta təsadüf etməsi bu müzakirələrin əhəmiyyətini daha da artırır.
Azad Əliyev