Üçtərəfli strateji məsləhətləşmələr
Ankara Bəyannaməsi Cənubi Qafqazın, Mərkəzi Asiyanın, Yaxın Şərqin qlobal geosiyasət üçün mənzərəsini canlandırır. Əsas məqsəd Türk Dövlətləri Təşkilatı, o cümlədən Azərbaycan, Türkiyə və Özbəkistanın maraqlarının mərkəzləşdirilməsidir.
Yanvarın 29-da Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin ikinci üçtərəfli görüşü keçirilib. Tədbirdə xarici işlər nazirləri Ceyhun Bayramov, Hakan Fidan və Baxtiyor Saidov iştirak ediblər.
Tərəflərin hədəfləri
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, sanksiyalar səbəbilə yaranan enerji böhranı enerji ilə zəngin olan Mərkəzi Asiya və Qafqazın geosiyasi önəmini artırıb. Onun sözlərinə görə, bu formatdakı görüşlər Türküstan, Qafqaz və Anadolunun iqtisadi, nəqliyyat və enerji əlaqələrini gücləndirmək üçün layihələrin həyata keçirilməsi baxımından önəmli platformadır.
Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov deyib ki, yaxın gələcəkdə Azərbaycan, Türkiyə, Özbəkistan üçün ticarət həcmini iki dəfə artırmaq imkanı var: “Biz uzaq və yaxın coğrafiyada strateji tərəfdaşlarımızla əməkdaşlığı dərinləşdirməkdə qərarlıyıq. Özbəkistan üçtərəfli əməkdaşlıqdan faydalanaraq yeni fürsətlər yaratmağın tərəfdarıdır”.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Özbəkistandan olan həmkarlarını işğaldan azad edilmiş ərazilərdəki son yeniliklər barədə məlumatlandırıb. C.Bayramov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası daha geniş coğrafiyada əməkdaşlığa imkanlar yaradır: “Qarabağ regionu vasitəsilə Şərq-Qərb, Orta Dəhlizin yeni arteriyasının salınması hazırda həyata keçirilir və bunun böyük perspektivini görürük”.
Ankara Bəyannaməsinin ehtiva etdiyi məqamlar
Qeyd edək ki, görüşün nəticəsində Ankara Bəyannaməsi imzalanıb. Azərbaycan Xarici İşlər Nazirliyi Ankara Bəyannaməsinin ehtiva etdiyi məqamları açıqlayıb. Bəyannamədə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi, habelə suverenlik və ərazi bütövlüyü əleyhinə atılan addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub. İqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə istiqamətləri üzrə mövcud potensialdan tam istifadə olunması, bu istiqamətdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın, xüsusilə Orta Dəhlizin səmərəliliyi və rəqabətədavamlılığının artırılmasının vacibliyi qeyd olunub.
Bəyannamədə, həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələrində yenidənqurma və humanitar minatəmizləmə fəaliyyətinə töhfə verilməsinin əhəmiyyəti vurğulanıb.
Mərkəzi Asiyanın təhlükəsizliyində vacib rol oynayan Əfqanıstanın təhlükəsizliyi və inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq mövqenin formalaşdırılmasının, Qəzza bölgəsində əldə olunmuş atəşkəsin qorunub saxlanılmasının və İsrail-Fələstin münaqişəsinin "iki dövlət prinsipi" əsasında həllini tapmasının vacibliyi qeyd olunub.
Ankara Bəyannaməsindəki strategiya
Göründüyü kimi, Ankara Bəyannaməsi Cənubi Qafqazın, Mərkəzi Asiyanın, Yaxın Şərqin, Əfqanıstanın qlobal geosiyasət üçün mənzərəsini canlandırır. Proseslərin kilid nöqtəsi Ankara Bəyannaməsinin fonunda Türk Dövlətləri Təşkilatı, o cümlədən Azərbaycan, Türkiyə və Özbəkistanın maraqlarının mərkəzləşdirilməsi ilə formalaşır. Aydındır ki, TDT zəngin təbii sərvətlərin cəmləşdiyi bir coğrafiya olmaqla yanaşı, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün mühüm logistik mərkəzi rolunu ifa edir. Həmin təşəbbüsün ən əhəmiyyətli qanadı olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) iqtisadi-ticari arteriya olmaqla bərabər, geostrateji vitrinlərə malikdir. Bu, Çindən Avropaya qədər uzanan Orta Dəhlizin geosiyasi əhəmiyyətinə TDT-nin, xüsusilə də Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın maraqlarını transformasiya edir. Dəhliz boyu ticarətin artması tranzit ölkələrdə sənaye artımını, iş yerlərinin yaradılmasını və infrastrukturun inkişafını stimullaşdırır. Bununla da regional iqtisadiyyatlar güclənir və qlobal təchizat zəncirində TDT-nin mövqeləri möhkəmlənir. Ankara Bəyannaməsi sürətlə genişlənən Orta Dəhlizə davamlı investisiyanı təşviq etməklə bərabər ortaya çıxan təhlükəsizlik çağırışlarını da qiymətləndirir. Sənəddə ərazi və suverenlik prinsiplərinə qarşı təhdidlərin dəf edilməsi prioritet kimi vurğulanır. Bəyannamə dəyişən beynəlxalq geosiyasət əsasında Rusiyadan, Süveyş kanalından yan keçən Orta Dəhlizi alternativ ticarət marşrutu kimi yüksək qiymətləndirərkən problemlərin birgə həllini də qarşıya məqsəd qoyur.
“Zəngəzur”un Orta Dəhlizdə görünüşü
Təbii ki, Orta Dəhlizin inkişafı qlobal ticarət şəbəkələrini yenidən formalaşdırdığı üçün əlavə geosiyasi gərginliklərin önə çıxacağı ehtimalları da yaranır. Bu, Mərkəzi Asiyada konflikt ocaqlarından tutmuş, Cənubi Qafqazdakı “barıt çəlləkləri”nin partladılması cəhdlərinə qədər geniş diapozunu həssaslaşdıra bilər. Belə geosiyasi qeyri-müəyyənliklərə Azərbaycan-Ermənistan sülh gündəliyinin axsaması fonunda daha bir mürəkkəb qat əlavə edilir. Dəhliz marşrutlarından kənarda qalan Ermənistan Azərbaycanın əlinin bərkidiyi layihələri sabotaj etməkdə maraqlı tərəf kimi çıxış edə bilər. Şübhəsiz ki, bu, Ermənistanın öz iradəsinin məhsulu deyil, çünki İrəvanda nəhəng beynəlxalq layihələrə qarşı davam gətirmək potensialı yoxdur. Lakin Ermənistan onu himayə edən qüvvələrin, əsasən, Fransa, ABŞ və Hindistanın təlimatları ilə Orta Dəhlizdə tranzit rol oynayan Azərbaycanın maraqlarına qarşı yönələn proseslərdə maraqlıdır. Bunun qarşısının alınması üçün optimal yollardan ən effektivi Zəngəzur dəhlizinə diqqəti artırmaqdır.
Ankara Bəyannaməsi Orta Dəhlizin gələcək trayektoriyasını formalaşdırmaq səylərinin bir hissəsidir. Bu sənəd iqtisadi-ticari təşəbbüslərlə təhlükəsizlik çalarlarını bir portfeldə toplayan sənəddir.
Aqşin Kərimov