• cümə axşamı, 28 mart, 20:18
  • Baku Bakı 13°C

Sərhəd toqquşmalarının kodları açılır 

17.09.22 00:30 1348
Sərhəd toqquşmalarının kodları açılır 

Bu təxribatların məsuliyyəti Nikol Paşinyanın nəyi istəyib, nəyi istəməməsindən, Azərbaycanla razılıqlara nə dərəcədə sadiq qalıb-qalmasından asılı olmayaraq, Ermənistan dövlətinin adına yazılmalıdır. Azərbaycan öz təhlükəsizliyi üçün əks-hücum əməliyyatına məcbur idi. 

Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycanla Ermənistan arasında növbəti dəfə genişmiqyaslı hərbi toqquşma ilə müşayiət olundu. 
Ermənistan bu dəfə sərhəddəki təxribat zolağını genişləndirdi, Laçın, Kəlbəcər, Daşkəsən, Zəngilan istiqamətlərində hücum cəhdləri ilə sülh danışıqlarına, əldə edilmiş razılıqlara zərbə vurdu.

Ermənistanın adına yazılan daha bir təxribat

Bu təxribatların məsuliyyəti baş nazir Nikol Paşinyanın nəyi istəyib, nəyi istəməməsindən, Azərbaycanla razılıqlara nə dərəcədə sadiq qalıb-qalmasından asılı olmayaraq, Ermənistan dövlətinin adına yazılmalıdır.

Yəqin ki, Ermənistan hakimiyyətində Nikol Paşinyanın bic və çoxüzlü mövqeyindən ruhlanaraq revanşizmə əl atan bir qrup sərhəddə hansısa nəticəyə nail olacaqları hisslərinə qapılıblar.

Azərbaycan bu cür təxribatların olacağını Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsindən sonra aydın şəkildə görürdü, kəşfiyyat və hərbi nəzarət imkanları, vizual müşahidələrlə Ermənistanın niyyətlərini ölçürdü.

Ona görə də, ordu istər sərhəddə, istərsə də sərhəddən kənarda yerləşən Qarabağ iqtisadi zonasında daim əli tətikdə idi və yüksək hazırlıqla döyüş vəziyyəti alınmışdı. 

Ermənistanın budəfəki təxribatları da ona baha başa gəldi

Ermənistanın budəfəki təxribatları da ona baha başa gəldi, hələlik rəsmi informasiyalar açıqlanmasa da, Azərbaycan xeyli əraziyə nəzarəti bərpa edib və xəritədə qədim, əzəli torpaqlarımızın bir hissəsi də mövcuddur.

Azərbaycanın məqsədi özünə qarşı gələ biləcək təhdidlərə qarşı bufer zonanı Ermənistanın dərinliklərində formalaşdırmaqdır, ona görə də əməliyyatların miqyasını və xarakterini anlamaq lazımdır.

Azərbaycan özünə yarana biləcək təhdidlərin nəzəri hissələrini Hərbi Doktrinada və Milli Təhlükəsizlik Konsepsiyasında göstərib, sərhəd mövzusu isə hər iki sənəddə ayrıca vurğu ilə keçir.

Azərbaycan təhlükəsizlik mühitinin qaraldılmaması üçün əks-hücum əməliyyatına məcbur idi, ona görə də Ermənistanın dərinliklərinə doğru hərəkət etmək mütləq zərurətə çevrilirdi.

KTMT-də də ermənilərin səsinə səs verən olmadı

Ermənistan yaranmış şəraitdən istifadə edərək Rusiyanın hökmranlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin sərhədə dislokasiya edilməsi üçün dəridən-qabıqdan çıxır.

Ancaq KTMT daxilindəki mövqelərin haçalanması, daha doğrusu Azərbaycanın mövqeyini ifadə edən ölkələrin olması Ermənistanın planlarının üzərindən xətt çəkir.

Diqqət etməli olduğumuz xətlər: 
1. Rusiya Azərbaycanla münasibətlərin inkişafına önəm verir, 
2. Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan Azərbaycan maraqlarını müdafiə edir,
3. Qırğızıstanla Tacikistanın özünün sərhəd problemləri var və onlar heç bir halda Azərbaycan-Ermənistan sərhədinə qoşun göndərməkdə maraqlı olmazlar. 
Deməli, ortada Ermənistan tək qalır, KTMT maddələrinin tətbiqi isə yekdil qərara söykənməlidir, ancaq təşkilat daxilindəki dövlətlər Azərbaycan naminə veto qoymağa üstünlük verirlər.

Qərb yenə də ikili standartları ilə seçildi

Əli ümidlərdən üzülən Ermənistan Qərbdən yardım diləməyə məcburdur. Qərb isə Rusiya ilə maraq toqquşması fonunda əlini daşın altına salıb nəyisə dəyişdirməyə çalışır.

Əslində dərin münasibətlər sistemində Qərb Azərbaycanı seçir, lakin üzə doğru qalxan bəzi məsələlərdə Ermənistana dəstək çıxmaq meylləri inkişaf edir.

Bu məsələdə ABŞ-ın mövqeyi ənənəvi diplomatik çağırışa köklənsə də, Fransanın duruşu konkret erməni himayədarlığıdır.

Azərbaycan onsuz da bu cür ikili standartlarla üzləşməkdə təcrübə qazanıb, ona görə də heç bir təhdid rəsmi Bakını öz maraqlarını təmin etmək istəyindən çəkindirə bilməz.

Bura Türkiyə faktorunu da əlavə etsək, onda Azərbaycanın əlini dəmir yumruğa çevirən xeyli arqumentlərdən danışa bilərik.

Yuxarıda qeyd etdiyimiz KTMT qüvvələrinin regionda Azərbaycan əleyhinə fəaliyyətə girişməməsinin bir səbəbi də Türkiyədir. Ona görə ki, Azərbaycana təhdid Şuşa Bəyannaməsinn bəndlərindən irəli gələn öhdəliklərin icrasını aktuallaşdırır və heç bir ölkə özünü Türkiyə ilə hərbi mənada üz-üzə qoymaq istəməz.

Sərhəddəki toqquşmalara Qərblə yanaşı, ikinci ikibaşlı mövqeni İran sərgiləyir, hərçənd ki, Tehrandan gələn çağırışların Azərbaycan üçün əhəmiyyəti yoxdur. Ona görə ki, İslam Respublikası həmin çağırışlar adı altında əslində Ermənistana olan sevgisini pərdələyir və Bakı bunun mahiyyətini çox gözəl anlayır.

Rusiya-Qərb rəqabəti yeni məcraya keçir

Beləliklə, sərhəddəki son toqquşmalar siyasi mənzərəni canlandırmaq üçün bizim üçün bir neçə detal verir.

Ona vurğu edirik ki, Ermənistan bir neçə dövləti çıxmaq şərtilə beynəlxalq aləmin gözündə lazımsız administrativ statusdadır. Reallıqda Qərb son hadisələrdə ofsaydda qalır və Azərbaycan şəraitə uyğun olaraq Ermənistanı ram edir.

Nəzərə alaq ki, Rusiyanın Ermənistanda böyük nüfuz dairəsi var. Bu, prinsipcə regionda qüvvələr balansında Moskvanın çəkisini çoxaldır.

İndi isə Azərbaycan da nüfuz çevrəsi yaradır və bunu legitimləşdirir. Bu isə avtomatik olaraq Türkiyənin də Ermənistanda mövcudluğu deməkdir.

Nəticə etibarı ilə Ermənistanda Azərbaycan, Türkiyə və Rusiyanın nüfuz dairəsi formalaşdırılır.

Qərb isə yeni düzənə uyğun olaraq əlavə rıçaqlar qazanmaq istəyir.

Bu isə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsində Rusiya-Qərb rəqabətini yeni məcraya itələyir.

Aqşin Kərimov

banner

Oxşar Xəbərlər