Sahibə Qafarovaya “Şərəf” ordeni təqdim edilib

Prezident İlham Əliyev martın 19-da Milli Məclisin sədri Sahibə Qafarovanı qəbul edib və ona “Şərəf” ordenini təqdim edib. Sahibə Qafarovanı salamlayan Prezident İlham Əliyev deyib:
“Hörmətli Sahibə xanım, sizi yubileyiniz münasibətilə təbrik edirəm. Sizə yeni uğurlar, cansağlığı arzulayıram. Siz uzun illərdir Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayırsınız. Milli Məclisin deputatı kimi 15 il və Milli Məclisin sədri kimi 5 ildir uğurlu fəaliyyət göstərirsiniz. Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm, həm seçicilərlə daim təmasda olursunuz, eyni zamanda, ölkəmizin milli maraqlarını beynəlxalq arenada müdafiə edirsiniz və öz işinizlə ölkəmizin ümumi inkişafına dəyərli töhfə verirsiniz. Bu yubiley günündə mənim Sərəncamımla siz “Şərəf” ordeni ilə təltif olunmusunuz. İcazə verin, bu ordeni sizə təqdim edim”.
Dövlət başçısına təşəkkürünü bildirən S.Qafarova bildirib ki, bu yüksək təltifi Azərbaycan Respublikası Milli Məclisinin işinin qiymətləndirilməsi kimi dəyərləndirir: “Əmin etmək istəyirəm, möhtərəm cənab Prezident, həm Milli Məclisin bir üzvü kimi, həm Milli Məclisin sədri kimi, ümumiyyətlə, Milli Məclis adından demək istərdim ki, bizim hər birimiz Sizin apardığınız siyasətə həmişə parlament səviyyəsində dəstək olacağıq. Xalqın təmsilçiləri olaraq bütün Milli Məclis xalqın rifahı üçün parlament səviyyəsində əlindən gələni edəcək. Mənim haqqımda dediyiniz sözlərə görə Sizə çox minnətdaram”.
