• çərşənbə axşamı, 26 noyabr, 00:38
  • Baku Bakı 10°C

Paşinyanın konstitusiya oyunları

27.01.24 01:01 2622
Paşinyanın konstitusiya oyunları

Nikol Paşinyanın yeni konstitusiya təklifi kilsə ilə də münasibətlərinə aydınlıq gətirəcək. Uzun müddətdir ki, “Vətəndaş müqaviləsi”nin Eçmiədzinlə münasibətləri gərgindir. Baş nazir bu problemi birdəfəlik həll etmək fikrinə düşə bilər. 

2018-ci ildə Sorosun dəstəyi ilə Ermənistanda hakimiyyətə yiyələnən Nikol Paşinyan dövlətin atributlarını bəyənmədiyini hər vəchlə büruzə verib. İlk olaraq ölkənin konstitusiyasına “əl gəzdirməyin” vacib olduğunu bildirən baş nazir sonradan Ermənistan gerbinin də dəyişdirilməsinin zəruriliyindən danışıb. O bildirib ki, gerbin müasir respublika ilə heç bir əlaqəsi yoxdur. Bu yaxınlarda hay ölkəsinin ədliyyə nazirliyində keçirilən görüşdə baş nazir bildirib ki, təmsil etdiyi dövlətin konstitusiya dəyişikliyinə yox, yeni konstitusiyaya ehtiyacı var. 

Ermənistandakı son konstitusiya dəyişiklikləri

Ermənistanda 1995, 2006 və 2015-ci illərdə ciddi konstitusiya dəyişikliyi baş tutub. Məqsəd hakim elitanın, bəzən də hansısa nüfuzlu siyasi fiqurun maraqlarını təmin etmək olub. Heç bir halda bu dəyişiklik ölkədəki problemləri həll etmək, sadə erməninin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi daşımayıb. Bu səbəbdən, Nikol Paşinyanın “yeni konstitusiyaya ehtiyac var” fikrini də şəxsi siyasi planları prizmasından dəyərləndirmək mümkündür. 

Paşinyanın əvvəlki cəhdləri

Yeni Konstitusiyanın qəbulu ilə bağlı Paşinyan komandasının ilk cəhdi 2020-ci ilin 6 fevral tarixində qeydə alınıb. Onun təşəbbüsü ilə  “Mənim addımım” bloku tərəfindən parlamentdə Ermənistan n Konstitusiyasına dəyişiklik təklifi ilk oxunuşda qəbul edilib. 9 fevralda isə prezident Armen Sarqsyan referendum keçirilməsi ilə bağlı fərman imzalayıb. Sonradan baş verən hadisələr bu dəyişiklik və referendum təklifini təxirə salıb.

Yeni konstitusiyaya yönəlməyə məcbur edən səbəblər

Təbii ki, baş naziri “yeni konstitusiyaya ehtiyac var” fikrini səsləndirməyə məcbur edən digər səbəblər də var. Məsələn, Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyası Dağlıq Qarabağla birləşmə haqqında 1 dekabr 1989-cu il tarixli deklarasiyaya əsaslanır. Azərbaycanla sülh danışıqları üzrə müzakirələrin intensivləşdiyi, erməni tərəfinin parlament spikeri Alen Simonyanın dili ilə ikitərəfli danışıqlara müsbət yanaşıldığı bir dövrdə, təbii ki, konstitusiyada yuxarıdakı məsələni ehtiva edən maddənin dəyişdirilməsi lazımdır. Baş nazir anlayır ki, sülh müqaviləsini imzalamaq üçün qondarma “miatsum” fikrini erməni cəmiyyətinin təfəkküründən silmək lazımdır. Belə bir maddənin ölkənin əsas qanununda qalması ciddi problemlərə səbəb ola bilər.

Qondarma erməni soyqırımı iddiasına rəsmən son verilməlidir

İki ilə yaxındır ki, erməni siyasi elitası Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin açılışa hazır olması barədə fikirlər səsləndirir. Amma Türkiyə tərəfi hər dəfə də Azərbaycanla münasibətlərin əsas şərt olduğunu dilə gətirir. Eyni zamanda, Ermənistan qondarma erməni soyqırımı iddiasından da əl çəkməlidir. Bu səbəbdən, konstitusiya dəyişikliyi ilə birlikdə hakim partiyanın qondarma erməni soyqırımı məsələsinə də düzəliş etməsi mümkün görünür. Çünki Ankara və Bakı ilə münasibətləri normallaşdırmadan erməni dövləti nə inkişaf edə, nə də daxili sosial problemləri həll edə bilər.

Kilsə ilə münasibətləri tənzimləmək üçün fürsət 

Ehtimal edilir ki, baş nazir təklif etdiyi yeni konstitusiya ilə Kilsə ilə də münasibətlərinə aydınlıq gətirəcək. Uzun müddətdir  “Vətəndaş müqaviləsi”nin Eçmiədzinlə də arası sərindir. Kilsə konkret olaraq Paşinyanın hakimiyyətinə qarşı çıxır və onu müharibədəki məğlubiyyətin birbaşa səbəbkarı kimi göstərir. Eyni zamanda, I Qaregin, erməni kilsəsinin müxtəlif iri ranqlı ruhaniləri  müxtəlif dövrlərdə xalqı hakimiyyətə qarşı üsyana da səsləyiblər. Heç nəyi unutmayan və məqamı yetişəndə qisas almağı üstün tutan Paşinyan təbii ki, yeni konstitusiya ilə kilsədən də intiqamını alacaq. Ehtimallara əsasən, kilsə ilə bağlı maddə yeni konstitusiyadan çıxarıla və ya onun əsas səlahiyyətlərinə xitam verilə bilər.

Dördüncü respublikaya keçid üçün cəhd 

Erməni siyasi dairələrindəki müzakirələrə görə, konstitusiya dəyişikliyi Paşinyana dördüncü respublikanı elan etməyə şərait yaradacaq. Dəyişiklikdən sonra baş nazir siyasi mühiti yeniləməyə cəhd göstərəcək. Eyni zamanda, inqilabdan sonra həll edilməmiş məsələ kimi qalan əvvəlki hakimiyyətin hərəkətlərinə hüquqi qiymət verilməsinə də nail olmaq mümkündür. 

Həmçinin, konstitusiyada məhkəmələrlə bağlı maddəyə də dəyişiklik edilə bilər. Çünki ədalət sistemini və qəbul edilən qərarları özünə bağlamaq mövcud siyasi vəziyyətdə baş nazir üçün vacibdir. Bu günə qədər məhkəmə sistemində hələ də keçmiş Ermənistan rəhbərləri Serj Sarkisyan və Robert Köçəryanı dəstəkləyənlərin sayı az deyil. Zaman-zaman məhkəmələrdə məhz bu şəxslərin lehinə qərarların çıxması da Nikolun diqqətindən yayınmayıb.

Göründüyü kimi, Ermənistanın baş naziri yeni konstitusiya ilə bir sıra hədəflərinə çatmağı təmin etməyi düşünür. Əsas hədəfi təbii ki, hakimiyyəti möhkəmlətməkdir. 

Fuad Abasoğlu 

 

 

banner

Oxşar Xəbərlər