bazar ertəsi, 08 avqust, 20:04

Baku Bakı 23°C

Parisdə təşviş: pul tükənib, işçi yoxdur 

icon 397 icon 30 iyul 2022 | 06:00 Parisdə təşviş: pul tükənib, işçi yoxdur 

2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına düz iki il qalır. Lakin təşkilat komitəsi bir çox problemlərlə üz-üzədir. Vəsait qıtlığı, təhlükəsizlik məsələsi, dopinq nəzarəti, işçi qüvvəsinin azlığı Fransa hakimiyyətini narahat edir. 

İnflyasiyaya görə Olimpiya Oyunlarının büdcəsi daim artır. Bunun fonunda isə pul və sponsorlar çatışmır. Əvvəlcə büdcə 3,4 milyard avro müəyyən edilmişdi. Bu vəsaitin, təxminən yarısı tərəfdaşlar və Beynəlxalq Olimpiya Komitəsindən, digər pay isə özəl mənbələrdən əldə olunacaqdı. 2020-ci ildə büdcə daha 400 milyon artırıldı. Həmin vaxt hər şeyə görə pandemiya günahlandırıldı. Amma indi büdcə yenidən artır. Bu dəfə qlobal inflyasiya səbəbindən.

Hazırda məbləğ 4 milyardı keçib və bu da son hədd deyil. Olimpiya obyektlərinin tikintisinə nəzarəti həyata keçirən “Societe de Livraison des Ouvrages Olympiques” (Solideo) şirkəti artıq qiymətləri qaldırıb. Yeni xərcləri kompensasiya etmək üçün dövlətin maliyyəni artıracağı gözlənilir, lakin çətin ki, bu da kifayət etsin.

Təşkilatçılar atributların və biletlərin satışından, təxminən 1,2 milyard qazanacaqlarını gözləyirdilər. Lakin onların satışı dekabr ayından tez başlamayacaq. Ona görə də pul mənbələrini indi axtarmaq lazımdır. Üstəlik, bütün sponsorların hələ də təsdiqlənməməsi vəziyyəti daha da gərginləşdirir.

Ukraynadakı müharibənin təsiri 

Ukraynadakı vəziyyətlə bağlı yaranan böhran da Olimpiya kəndinin tikintisi üçün tikinti materiallarının tədarükünə təsir göstərib. Bütün istehlak materialları bahalaşıb. Bu səbəbdən vəziyyət yaxşılaşmasa və ya başqa variantlar tapılmasa, büdcə bir anda bir neçə milyard avro arta bilər.

Stadionlar hazır deyil 

İnfrastrukturla bağlı problemlər var. Paris 2024-ün yarışlarının 95 faizi çoxdan tikilmiş və artıq istifadədə olan stadionlarda keçiriləcək. Yerli jurnalistlər arenaların sahibləri ilə danışıqların gözlənildiyindən çox ləng getdiyini bildirirlər. Bir sıra idman növləri üçün 7 müvəqqəti obyekt tikilir. Burada da vəziyyət qəlizidir. Onların hamısı təşkilatçılara planlaşdırıldığından qat-qat baha başa gəlir.

Ordu cəlb olunacaq? 

Amma problem təkcə obyektlərdə, stadionlarda deyil, həm də orada işləyəcək şəxslərlə bağlıdır. Fransada işçi qüvvəsi çatışmazlığı var. Təşkilatçılar kifayət qədər işçi götürməkdə çətinlik çəkəcəklərindən qorxurlar. Xüsusi narahatlıq təhlükəsizlik işçiləri (təxminən 22 000 nəfər nəzərdə tutulur) və sürücülərlə (təxminən 1500 nəfər) bağlıdır. “İşçilər, sadəcə yoxdur. Bu problemlər təcili həll edilməlidir”, - Həmkarlar İttifaqı Federasiyasının keçmiş rəhbəri Bernar Tibo deyir. Gözlənilir ki, prosesə Fransa ordusu cəlb olsun.

Hamı anlayır ki, özəl təhlükəsizlik xidmətlərindən 22 min işçi tapmaq qeyri-realdır. Lakin bu problem yeni deyil - eyni şey London-2012 və Tokio-2020-də də baş verdi: hərbi personalın köməyi ilə vəziyyəti xilas etmək mümkün oldu. “Bu, sadə və aydındır: Oyunlar üçün tələb olunan 22.000 agent mövcud deyil və heç vaxt da olmayacaq. Orduya güvənməli olacağıq”, - Paris polisinin yüksək vəzifəli məmuru deyib.

Nəqliyyat şəbəkəsi bacarmayacaq 

Nəqliyyat sistemi təşkilatçılar üçün ayrıca dərddir. Paris dünyanın ən məşhur şəhərlərindən biridir, həmişə çoxlu turist var və yerli nəqliyyat şəbəkəsi axının öhdəsindən yaxşı gəlmir. Vəziyyəti Olimpiada üçün nəzərdə tutulan iki yeni metro xətti ilə yaxşılaşdırmaq olardı, lakin onlar 2024-cü ilin iyulunda tez işə başlamayacaq. Parisdə isə sürücülər daim tətil edir.  

Və ən böyük problem... 

Bəlkə də ən aktual problem təhlükəsizlik məsələsidir. Burada təkcə işçilərin çatışmazlığı ilə iş bitmir. Mayın sonunda Parisdə futbol üzrə Çempionlar Liqasının finalı keçirildi. Bu qarşılaşma azarkeşlərin və idmançıların təhlükəsizliyinin təmin edilməsi baxımından yerli hakimiyyət orqanlarının və təşkilatçıların bütün problemlərini üzə çıxardı. "Liverpul" - "Real" oyunu 36 dəqiqə gec başladı. Azarkeşlər uzun müddət girişdə yoxlanıldı. Bəziləri giriş qapılarına hücum edərək hasarların arasından tribunalara dırmaşmağa başladılar. Polis son çarəyə - gözyaşardıcı qaza əl atmalı oldu. Polisin bu addımından uşaqlar, əlillər zərər gördü. Stadiona saxta biletlə xeyli azarkeş daxil oldu. Bileti olanlar isə arenaya görə bilmədilər.

Məsələ o qədər ciddidir ki, iyulun 25-də Fransa prezidenti Emmanuel Makron təşkilatçılarla görüşərək problemdən çıxış yollarını müzakirə edib. Bu görüş işin gedişinə təsir edəcək? Bəlli deyil, amma bütün hallarda dünyada baş verən hadisələr təşkilatçıların iradəsini üstələyir. Ümid edək ki, Olimpiya Oyunlarını təşkil etmək mümkün olacaq. 

Kaspi.az