• cümə axşamı, 28 noyabr, 15:42
  • Baku Bakı 9°C

Müstəmləkə siyasətindən əl çəkməyən Fransa

18.03.23 00:00 1635
Müstəmləkə siyasətindən əl çəkməyən Fransa

Özünü “müasir demokratik dəyərlərin yaradıcısı” adlandıran Fransa Korsika adasında açıq şəkildə insan hüquq və azadlıqlarını boğur. Ada xalqının haqlı tələblərinə repressiya ilə cavab verən rəsmi Paris dünyada digər bölgələrdə separatizmə açıq dəstək verir.

SSRİ-nin süqutu dünya düzənini dəyişməklə yanaşı, separatizmə də rəvac verdi və bu təhdiddən ən çox zərər çəkən ölkələrdən biri Azərbaycan oldu. Erməni separatizmi torpaqlarımızın işğalı, yüz minlərlə insanın ev-eşiyindən didərgin düşməsi ilə nəticələndi.  30 il əvvəl Azərbaycanın yaşadıqlarına laqeyd münasibətin mənfi nəticələrini həmin dövlətlər artıq öz üzərilərində hiss edirlər. Məsələn, İspaniyada Kataloniya, İtaliyada Cənubi Tirol və Sardiniya, Belçikada Flandriya və Valloniya kimi regionlarda bu tendensiya artıq geniş vüsət alıb. Həmin regionda yaşayan insanların öz milli kökləri və dilləri var, lakin onlar məxsus olduqları ölkənin tərkib hissəsi kimi çıxış edirlər. Eyni zamanda, Fransanın özündə də belə bölgələr mövcuddur. Maraqlıdır ki, Qarabağdakı bir ovuc erməni üçün xüsusi status tələb edən Fransa özü bu bölgələrə müstəqillik və ya muxtariyyət vermək istəmir, onların sakinlərinə qarşı zorakılıqlardan çəkinmir. Korsikada gərginlik artıq pik həddə çatıb.

Ayrı-seçkilik, aşağılama, siyasi təqib

Fransa məhkəməsi Korsika adasında yerləşən dövlət müəssisələrində Korsika dilindən istifadəni qanunsuz hesab edib. Adadakı dövlət qurumlarında Korsika dilinin işlədilməsinin "qanunsuz" olduğuna qərar verilib. Məhkəmə həmçinin bu qənaətə gəlib ki, "Korsika xalqı" ifadəsinin mövcudluğu Fransa Konstitusiyasına ziddir. Muxtariyyət tərəfdarı olan aparıcı siyasətçilər məhkəmə qərarını dərhal tənqid ediblər. Adanın icra şurası və Korsika Assambleyasının sədrləri bildiriblər ki, bu qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir.  

BMT-nin azlıqlar üzrə xüsusi məruzəçisi Fernan de Varenn Tvitterdə bildirib ki, Korsikada yalnız fransız dilindən istifadə icazəsi ayrı-seçkilikdir və bu, beynəlxalq hüququn pozulmasıdır. 

Özgə gözündə tük axtaran Paris

Beləliklə, Fransanın köhnə mərəzi, yaxud köhnə xəstəliyi yenidən baş qaldırıb. Bu ölkənin rəsmiləri, başda prezident Emmanuel Makron olmaqla yenidən separatizm əhvalına bürünüblər. Dünyanın müxtəlif bölgələrində bölücülüyə dəstək verməklə varlıqlarını xatırlatmağa çalışırlar. Amma unutduqları bir məqam var - Korsika problemi. Paradoksal haldır ki, korsikalıları separatizmdə, ölkəni parçalamaqda ittiham edən Fransa hakimiyyəti öz sərhədlərindən kənarda separatçılara dəstək verir. Onların Qarabağdakı separatçılara olan münasibəti bunun bariz nümunəsidir. Necə deyərlər, özgə gözündə tük axtaran Parisin öz gözündə görmədiyi nədir?

Napoleon Bonapartın doğulduğu, dilinə və mədəniyyətinə görə Fransanın digər bölgələrindən fərqlənən, coğrafi baxımdan İtaliyaya daha yaxın olan Korsika bu günə qədər qaynar ictimai-siyasi proseslərə ev sahibliyi edib. Mərkəzi hakimiyyətin hədəfinə çevrilən Korsika Fransanın 18 bölgəsindən biri sayılır. 350 min əhalisi olan ada məhdud muxtariyyəti təmin edən xüsusi regional status ilə idarə olunur. Fransanın ən yoxsul bölgəsi olan Korsika adasının sakinlərinin tələbləri bəllidir - muxtariyyətin genişləndirilməsi, siyasi məhbuslara amnistiya, Fransa Konstitusiyasında Korsikaya xüsusi yer ayrılması, Korsika dilinin Konstitusiyada rəsmi dil kimi təsbit olunması və s. 

İlk Avropa Konstitusiyası Korsikada olub

1755-ci ildə uzun illər davam etmiş azadlıq mübarizəsindən sonra Paskal Paoli tərəfindən əsası qoyulmuş müstəqil Korsika Respublikası mövcudluğunun ilk illərində bir sıra tarixi siyasi “ilk”lərə imza atıb. Onun Konstitusiyası maarifçilik dövrünün prinsiplərinə uyğun şəkildə hazırlanmış müasir tipli ilk Avropa Konstitusiyası idi. Elə həmin Konstitusiyada Yer üzünün tarixdə ilk dəfə qadınlara seçki hüququ tanınmışdı. Korsika Respublikası dünyanın ilk müasir demokratiyası hesab olunurdu. Lakin demokratiya və azadlıq erasının ilk qaranquşu çox yaşamadı. Cəmi 14 il sonra, 1769-cu ildə Fransa adanı işğal edib, Korsikanı özünün müstəmləkəsi elan etdi. Elə o zamandan etibarən korsikalılar öz azadlıqları uğrunda mücadilə aparır, lakin hələ də Fransa işğalından yaxa qurtara bilmirlər. İki əsrdən çoxdur ki onların azadlıq mübarizəsi Fransa hökuməti tərəfindən amansızlıqla boğulur, ictimai fəallar uydurma ittihamlar əsasında həbs edilir, dözülməz fiziki və mənəvi işgəncələrə məruz qalırlar. Hətta həbsxanadan buraxıldıqdan sonra da təqiblər davam etdirilir, onların adları terrorçular siyahısına salınır və daimi polis nəzarəti altında yaşamalı olurlar.

Fransız mətbuatı da Makrona qarşı çıxdı

Fransanın nüfuzlu nəşrlərindən hesab edilən “mediapart” yazır ki, Makronun siyasəti qüsurludur. “Hökumət problemin həll yolunu müəyyənləşdirməyib. Vaxt uzatmaqla məşğuldur. Ta ki, zorakılıqlar baş verənə qədər. Bununla da hökumət özünü ayaqdan vurur”. 
“Le Monde” qəzetinin şərhi də bu səpgidədir: “Korsikalıların hüquqlarını heçə sayan hakimiyyət başqa ölkələrdə eyni tələb və ideyalara dəstək verir. Qəribə deyilmi?”.

Göründüyü kimi, Fransa terrorçu Araik Arutyunyana dəstək verir, Korsika xalqı uğrunda mübarizə aparan liderləri isə həbsə atır. 
 
Azər NURİYEV

banner

Oxşar Xəbərlər