• şənbə, 10 Oktyabr, 02:52
  • Baku Bakı 20°C

Çin-Tayvan münasibətlərində yeni mərhələ

10.10.26 01:55 28
Çin-Tayvan münasibətlərində yeni mərhələ

Vaşinqton Pekinin Tayvan məsələsində daha ehtiyatlı davranılması ilə bağlı xəbərdarlığına məhəl qoymur. Belə ki, ABŞ Pekinə meydan oxuyaraq, keçiriləcək təlimlərdə ilk dəfə olaraq Tayvana ən yaxın Yaponiya adası Yonaqunidə gəmiyə qarşı raketlər yerləşdirəcəyini elan edib.

ABŞ-Çin münasibətlərində Donald Tramp ilə Si Cinpinin qarşılıqlı səfərlərindən sonra başlayan gərginliyin azalması barədə ümidlər özünü doğrultmayıb. Vaşinqton Pekinin Tayvan məsələsində daha ehtiyatlı davranılması ilə bağlı xəbərdarlığına məhəl qoymur. Belə ki, ABŞ Pekinə meydan oxuyaraq, keçiriləcək təlimlərdə ilk dəfə olaraq Tayvana ən yaxın Yaponiya adası Yonaqunidə yeni silahlanmaya daxil olan gəmiyə qarşı raketlər yerləşdirəcəyini elan edib. 

Bundan əlavə, ABŞ-Çin münasibətlərini növbəti casusluq qalmaqalı da korlaya bilər. Los-Anceles hava limanında Federal Təhqiqat Bürosu (FTB) tərəfindən ABŞ-də yaşayan və işləyən Tayvan rəhbərinin oğlu Lay Tin Yunun izlənməsi ilə məşğul olan 34 yaşlı çinli qadın həbs edilib və məhkəmə qarşısına çıxarılıb. FTB-nin iddiasına görə, Çjan Vanyin adlı bu qadın Çin xüsusi xidmət orqanlarının tapşırığı ilə hansısa ortaqla birlikdə Lay Tin Yunun ailəsini izləyib, onun evinin, həyat yoldaşının və uşaqlarının şəkillərini çəkib. FTB-nin xüsusi agenti Kevin Holt güman edir ki, Çin xüsusi xidmət orqanları əldə edilmiş məlumatları müharibə olacağı təqdirdə Tayvan prezidentinə təzyiq göstərmək üçün istifadə etməyi planlaşdırırdı. 
Tayvan administrasiyası prezidentin oğlunun izlənməsini "transsərhəd təqibin tipik nümunəsi" adlandırıb və FTB-yə təşəkkür edib. 

Tayvan məmurları tez-tez ABŞ-yə səfərlər edirlər

Bu hadisələr fonunda Tayvan ABŞ-nin Arizona ştatında qeyri-rəsmi fəaliyyət göstərəcək konsulluq açıb. Tayvanın xarici işlər naziri Lin Çalun bu məqsədlə Arizonaya səfər edib. Tayvan şirkəti TSMC bu ştatda yarımkeçirici istehsalı müəssisəsinin yaradılmasına 265 milyard dollar investisiya yatıracaq. Tayvan XİN-i Arizonada ofisin açılmasının ABŞ ilə iqtisadi əməkdaşlığın, ticarətin inkişafında yeni mərhələ olduğunu bəyan edib. Ümumiyyətlə, Trampın ikinci prezidentlik müddəti dövründə Tayvan məmurları tez-tez ABŞ-yə səfərlər edirlər. 

Tayvan hərbi qüdrətini artırmağa çalışır

Son vaxtlar Tayvan hərbi qüdrətini də artırmağa çalışır. Tayvanın iki ABŞ F-16V qırıcısını alması və ümumilikdə 60-dan çox qırıcı tədarük etməsi ilə Çinlə münasibətləri daha da gərginləşdirib. Bu, ABŞ ilə imzalanmış səkkiz milyard dollarlıq müqavilənin bir hissəsidir. Vaşinqton bu müqaviləni 2019-cu ildə - Trampın birinci prezidentlik dövründə təsdiqləmişdi. Amma hələ ki, ABŞ prezidenti Tayvana 14 milyard dollarlıq yeni silah partiyasının satışı barədə müqaviləni təsdiqləməyə tələsmir. Tramp açıq şəkildə bildirir ki, təsdiqin gecikməsi Çinlə sövdələşmədə arqument rolunu oynayır. 
Müdafiə xərclərini 16 % artırmağı planlayan Tayvan gələn il hərbi büdcəsinin ilk dəfə olaraq 31 milyard dolları keçəcəyini elan edib. 

Şərqi Asiyanın ən mürəkkəb geosiyasi problemlərindən biri

Tayvanla Çin arasında münasibətlər Şərqi Asiyanın ən mürəkkəb və həssas geosiyasi məsələlərindən biri olaraq qalır. Çin Tayvanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və ona nəzarəti bərpa etmək üçün güc tətbiqini istisna etmir. Qarşıdurmanın kökləri XX əsrin ortalarına gedib çıxır. 1949-cu ildə Çində vətəndaş müharibəsinin nəticəsi olaraq Çin Kommunist Partiyası hakimiyyətə gəldi və Çin Xalq Respublikası yaradıldı. Müharibədə məğlub olan Çin Milli Partiyasının rəhbərliyi isə Tayvana çəkildi və burada Çin Respublikasının hakimiyyətini davam etdirdi. Beləliklə, eyni ölkənin siyasi irsinə iddia edən iki ayrı hakimiyyət mərkəzi meydana çıxdı. 1949-cu ildən sonra Pekin Tayvanı Çinin ayrılmaz hissəsi hesab edir. Taypey isə uzun müddət özünü bütün Çini təmsil edən legitim Çin hökuməti olduğunu iddia edirdi. Sonrakı onilliklər ərzində beynəlxalq sistemdə ciddi dəyişikliklər baş verdi və Çin Xalq Respublikasının beynəlxalq mövqeyi gücləndi. 1971-ci ildə BMT-də Çinin nümayəndəliyi ilə bağlı mühüm dəyişiklik baş verdi və Çin Xalq Respublikası Çinin BMT-dəki yeganə qanuni nümayəndəsi kimi tanındı. Bunun ardınca dünyanın böyük hissəsi Pekinlə diplomatik münasibətlər qurmağa başladı. Tayvan isə beynəlxalq səviyyədə daha məhdud diplomatik imkanlarla üz-üzə qaldı. Bununla belə, Tayvan iqtisadi və siyasi baxımdan inkişaf edərək Şərqi Asiyanın mühüm iqtisadi mərkəzlərindən birinə çevrildi. 

“Vahid Çin” prinsipi və Tayvan məsələsi

Pekin Tayvan məsələsinə “Vahid Çin” prinsipi çərçivəsində yanaşır. Çin rəhbərliyinin mövqeyinə görə, dünyada yalnız bir Çin dövləti mövcuddur və Tayvan onun tərkib hissəsidir. Pekin Tayvanın müstəqilliyinin elan edilməsini qəbuledilməz hesab edir. Çin rəhbərliyi uzun müddətdir problemin dinc yolla həllinə üstünlük verir və Tayvanla birləşmə ideyasını irəli sürür. 
Yeri gəlmişkən, Tayvanla Çin arasında yerləşən Tayvan boğazı geosiyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu ərazi yalnız tərəflər arasında mümkün hərbi qarşıdurmanın episentri deyil, həm də Şərqi Asiyanın mühüm dəniz və ticarət marşrutlarından biridir. 

Tayvan ətrafında gərginliyin yüksəlməsi zaman-zaman “müharibə başlaya bilərmi?” sualını gündəmə gətirir. Belə bir münaqişənin nəticələri regionun hüdudlarını aşaraq qlobal miqyasda hiss oluna bilər. Mümkün hərbi qarşıdurma Çin, Tayvan və ABŞ ilə yanaşı, Yaponiya və digər Asiya-Sakit okean ölkələrinin təhlükəsizlik siyasətinə də təsir göstərər. Dünya ticarətinin mühüm hissəsinin bu regiondan keçməsi səbəbindən dəniz nəqliyyatında yaranacaq problemlər enerji, ərzaq, texnologiya və digər məhsulların qlobal təchizatına ciddi zərbə vura bilər. Nəticə etibarilə, Tayvan boğazında sabitliyin qorunması həm regional, həm də qlobal təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. 

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər