• şənbə, 26 Aprel, 14:04
  • Baku Bakı 21°C

Hərtərəfli əməkdaşlığın yeni səhifəsi - TƏHLİL

26.04.25 05:37 159
Hərtərəfli əməkdaşlığın yeni səhifəsi - TƏHLİL

Orta Dəhlizin genişləndirilməsi həm Pekin, həm də bu layihə üzərində yerləşən digər dövlətlər üçün həyati əhəmiyyət daşıyır. Orta Dəhlizin ən önəmli bəndi isə hər zaman vurğulandığı kimi Azərbaycandır. 

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri mühüm məqamlarla yadda qaldı. Bu səfərin detalları istər dünya mediasında, istərsə də müxtəlif beynəlxalq beyin mərkəzləri tərəfindən xüsusi maraq və diqqətlə izlənildi. Azərbaycan bütün dünyaya bir daha Şərqlə Qərb arasında mühüm körpü və əlaqələndirici mərkəz olduğunu göstərmiş oldu. 

Möhkəm və sabit olaraq qalan münasibətlər

Qeyd edək ki, Prezident İlham Əliyev səfər çərçivəsində ÇXR sədri Si Cinpinlə müzakirələr aparıb, bir çox ikitərəfli sənədlər imzalanıb.   

Dünyanın ən böyük dövlətlərindən birinin Azərbaycana münasibətdə sərgilədiyi mövqe əslində Prezident İlham Əliyevin müstəqil xarici siyasət kursu, milli maraqlarımıza olan hörmət və ehtiramın göstəricisidir. Azərbaycan Prezidenti ilə görüşündə ÇXR sədrinin ikitərəfli münasibətlərə dair Pekinin yanaşmasını ifadə edən bəyanatına diqqət edək: 

“Çin-Azərbaycan münasibətləri daim dəyişən beynəlxalq vəziyyətə baxmayaraq möhkəm və sabit olaraq qalır. Hər iki ölkə diplomatik münasibətlərin qurulmasının ilkin niyyətini həmişə xatırlayır. Çin və Azərbaycan qarşılıqlı hörmət, ədalət və qərəzsizlik, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qalır. Hər iki tərəf siyasi qarşılıqlı etimadı gücləndirməyi, praktiki əməkdaşlığı dərinləşdirməyi, beynəlxalq əməkdaşlığı möhkəmləndirməyi davam etdirməlidir. Eyni zamanda hərtərəfli əməkdaşlığın yeni səhifəsini açmalıdır".

Orta Dəhliz vurğusu

Təbii ki, geniş tərkibdə görüş zamanı səsləndirilən bəyanatlar arasında Azərbaycanın tranzit ölkə olaraq əhəmiyyətinin xüsusi qeyd edilməsi də vurğulanmalıdır. ÇXR Sədri “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən birinin Azərbaycan olduğunu məmnunluqla xatırlayıb. Bu çərçivədə ölkələrimiz arasında əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub. Son dövrlərdə Orta Dəhliz vasitəsilə Çindən Avropaya gedən yüklərin həcmində artım dinamikası məmnunluqla qeyd edilib və bu istiqamətdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulanıb. 

Şərq-Qərb tranzitinin gələcək inkişaf perspektivləri ilə bağlı qəbul edilən qərarlar və nəzərdə tutulan planların ilkin nəticələri ən qısa zamanda özünü büruzə verəcək. Hazırkı beynəlxalq konyunkturada heç bir təsir və təzyiq altında qalmayan alternativ marşrut və tranzit xətti kimi dəyərləndirilən Orta Dəhlizin genişləndirilməsi həm Pekin, həm də bu layihə üzərində yerləşən digər dövlətlər üçün həyati əhəmiyyət daşıyır. Orta Dəhlizin ən önəmli bəndi isə hər zaman vurğulandığı kimi Azərbaycandır. 

Birgə Bəyanatda əksini tapan müddəalar

Prezident İlham Əliyevlə ÇXR sədri Si Cinpinin imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ikitərəfli münasibətlərin gələcək yol xəritəsi kimi də qiymətləndirilə bilər. Bəyanatda əksini tapan siyasi və beynəlxalq məsələlərə dair tərəflərin mövqelərinin əks olunduğu müddəalar Pekinin Azərbaycanı mühüm strateji tərəfdaş və regional lider olaraq qəbul etdiyinin vurğusudur. 

Birgə Bəyanatda əksini tapan müddəaların bir qisminə diqqət yetirək: 

- Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır. Azərbaycan tərəfi "Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir.

 - Çin Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına tezliklə üzv olmasını dəstəkləyir. Tərəflər dünya iqtisadi düzənində baş verən dəyişiklikləri daha yaxşı əks etdirmək üçün beynəlxalq maliyyə arxitekturasında islahatın təşviqini dəstəkləyirlər.

- Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında hüquqi statusunun artırılmasını dəstəkləyir.

- Azərbaycan Çin tərəfi ilə qlobal təhlükəsizlik üzrə əlaqələr və qarşılıqlı fəaliyyət qurmağa, sülh və təhlükəsizlik üzrə birgə səylər göstərməyə hazırdır.

Bütün istiqamətləri əhatə edən əməkdaşlıq

Pekin və Bakı arasında münasibətlərin bir üst səviyyəyə çıxarılması istiqamətində digər mühüm qərarlar da qəbul edilib. Dövlət başçısının Çinə səfəri çərçivəsində imzalanan ikitərəfli müqavilələr demək olar ki, bütün sahələri əhatə edir. Azərbaycanla Çin arasında viza rejiminin ləğvi, kosmik sahədə, investisiya sahəsində əməkdaşlıq, beynəlxalq multimodal daşımalar haqqında saziş, maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, bərpa olunan enerji sahəsində əməkdaşlığa dair altı sənəd və s. xüsusi qeyd edilməlidir. Sənaye, turizm, mədəniyyət, təhlükəsizlik, təhsil sahəsində nəzərdə tutulan planların Birgə Bəyanatda əksini tapması Çinin Cənubi Qafqaza, xüsusilə də Azərbaycana artan marağının təzahürüdür. 

Şərqlə Qərbi birləşdirən körpü

Beləliklə, Pekin və Bakı arasında strateji tərəfdaşlığın genişləndirilməsi təşəbbüsləri Azərbaycanın beynəlxalq aləmin əsas oyunçuları ilə bərabərhüquqlu əməkdaşlıq qurmaq siyasətinin təzahürüdür. Azərbaycan-Çin əməkdaşlığının mövcud konturları bir daha onu göstərir ki, bu təşəbbüslər əslində heç bir dövlətə qarşı yönəlməyib. Əksinə, Şərqlə Qərb arasında körpü rolunu oynayır və Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin məntiqi nəticəsi olaraq bu köpünün təməlləri sağlamdır. Növbədə isə Orta Dəhlizin mühüm bəndinə çevriləcək Zəngəzur layihəsidir. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər