• çərşənbə axşamı, 16 aprel, 16:44
  • Baku Bakı 19°C

Deputat: Ermənistan konkret mövqe ortaya qoymalıdır

10.08.22 10:00 539
Deputat: Ermənistan konkret mövqe ortaya qoymalıdır

Azərbaycan Vətən müharibəsində qalib ölkə kimi regionda yeni reallıqlar yaradıb və şərtləri diktə edən tərəfdir. Ermənistanın və Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qanunsuz erməni hərbi birləşmələrinin təxribatları qəbulolunmazdır. Ordumuz bu təxribatlara layiqli cavab verir.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, son hadisələr fonunda beynəlxalq birliyin diqqəti bölgəmizə yönəlib. Bir sıra dövlətlərin başçıları və yüksəksəviyyəli rəsmi şəxsləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri Prezident İlham Əliyevə zəng edib, mövcud vəziyyət haqqında maraqlanıblar. Dövlətimizin başçısı sülh müqaviləsinin imzalanması, regionda kommunikasiya xətlərinin bərpa olunması və əməkdaşlığın təmini edilməsi ilə bağlı Azərbaycan dövlətinin strateji baxışlarını bir daha ortaya qoyur. Azərbaycan sülh müqaviləsinin imzalanmasının, bölgədə çoxşaxəli əməkdaşlıq mühitinin yaradılmasının tərəfdarıdır. Xüsusilə də Zəngəzur dəhlizinin yaradılması məsələsi olduqca aktual və vacibdir. Bu, regionda bütün xalqların və dövlətlərin maraqlarına tam cavab verir. Belə bir şəraitdə Ermənistan konkret mövqe ortaya qoymalıdır. Yəni, ərazi iddiasından əl çəkməli, ölkəmizin ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsini imzalamalıdır. Ən əsası, Ermənistan üçtərəfli Bəyanatın tələblərini tam yerinə yetirməlidir. Bu mənada 10 noyabr razılaşmalarının 4-cü bəndi icra olunmalıdır.

“Məğlub ölkənin hərbi-siyasi rəhbərliyi anlamalıdır ki, istənilən təxribat cəhdinin və qeyri-qanuni fəaliyyətin qarşısı alınacaq. Ali Baş Komandanımızın qeyd etdiyi kimi: “Əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”. Ona görə də Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməli, sülh prosesini uzatmamalıdır", - deyə Sevinc Fətəliyeva vurğulayıb.

banner

Oxşar Xəbərlər