• çərşənbə axşamı, 05 noyabr, 08:15
  • Baku Bakı 11°C

COP29-u “son şans” kimi görənlər - TƏHLİL

02.11.24 03:14 412
COP29-u “son şans” kimi görənlər - TƏHLİL

Avropa Parlamentindəki imkanlarından istifadə edən Fransa Azərbaycana qarşı qarayaxma kampaniyasının önündə gedir. Fransız parlamentarilər Bakıya bildikləri və bilmədikləri hər mövzuda şər atmağa çalışırlar.

Son günlərdə Azərbaycana qarşı qarayaxma kampaniyasının yeni dalğasını müşahidə edirik. Tək ölkəmiz üçün yox, bütün bölgə üçün əlamətdar hadisə olan COP29 ərəfəsində nədir bu, son ümid, yoxsa sadəcə gözügötürməzlik?

Ehtiyatlı optimizm

BMT-nin İqlim dəyişikliyinə dair Çərçivə Konvensiyası əsasında keçirilən COP-un əsas məqsədi dünyanın diqqətini ekoloji problemlərə yönəltməkdir. COP hər il növbə ilə Afrika, Latın Amerikası, Asiya, Okeaniya və Avropanın bir ölkəsində keçirilir. Avropanın öz daxilində namizəd qitənin şərti olaraq Qərb və Şərq hissələrinin təmsilçiləri arasında rotasiya prinsipi ilə müəyyən olunur. Sıra Şərqi Avropada olduğundan, bu coğrafiyanı təmsil edən ölkələrin seçimi Azərbaycanın üzərinə düşüb.

Ötən il COP29-un ev sahibi seçilərkən Azərbaycanla yanaşı, Ermənistanın da namizədliyi irəli sürülmüşdü. 2023-cü ilin 7 dekabrında Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa əsasən, rəsmi İrəvan Bakının namizədliyinə dəstəyini bildirdi. Bu anlaşma tək COP üçün deyil, bütövlükdə iki ölkə arasındakı sülh prosesi baxımından inqilabi hadisə sayılır. Çünki məhz bundan sonra danışıqların xüsusi intensivliklə davam etdirilməsinin, yekun sülhün məhz iqlim konfransı çərçivəsində imzalanacağına dair ehtimallar və təbii ki, arzuların səslənməsinin şahidi olmuşuq. Tərəflər arasındakı sülhə məhz COP29 çərçivəsində nail olunması çabaları rəsmi Vaşinqton tərəfindən daha aktivliklə nümayiş etdirilir.

İrəvanın Bakıda XİN rəhbəri Ararat Mirzoyanla təmsil olunacağı ehtimal edilir. İki gün öncə o, yekun sülhə doğru cəmi “1-2 formal məqamın qalması” barədə açıqlama verib. Mirzoyanın sözlərinə görə, tərəflərin tam sülhə gəlməsi istiqamətində “ehtiyatlı optimizm” var. 

İqlim konfransı və siyasi qərəz

Erməni diasporundan maliyyələşən lobbiçi qruplar və media, habelə Ermənistan KİV-ləri tərəfindən Azərbaycana qarşı son aylarda intensivləşən COP29-la bağlı təbliğatın iki məqamı xüsusi diqqət çəkir: birincisi, Azərbaycan neft ölkəsi olduğu halda iqlim dəyişikliyinə dair mötəbər tədbirə necə ev sahibliyi edə bilər? İkincisi isə, Azərbaycan “erməni əsirlər”i azadlığa buraxmır deyə COP29 Bakıda keçirilməməlidir. 
COP 1995-ci ildən etibarən keçirilir. Əvvəlki 28 ev sahibinin siyahısına baxdıqda görmək olar ki, indiyədək konfrans neft hasil edən ölkələrdə də keçirilib, onu ən çox istehlak edən dövlətlərdə də. Dünyanın aparıcı iqtisadiyyatlarına malik olan dövlətlərin neft korporasiyaları enerji daşıyıcılarının hasilatı, daşınması və emalı prosesinin liderləridir və elə ekologiyaya da ən böyük zərəri onlar vururlar. İqlim dəyişikliyinin ən iri katalizatorları da elə bu ölkələrdir. İndinin özünə qədər ABŞ COP-un əvvəlki konfranslarında əldə edilmiş bəzi razılaşmalara riayət etmir, yaxud ayrı-ayrı bəndlərlə bağlı qeydləri var. Belə olan halda Azərbaycanın ünvanına “qara piar” kampaniyasının “pioner”ləri olan media qurumlarının nədən məhz bu ölkələri təmsil etməsi çoxsaylı suallar doğurur.

Avropa Parlamentindəki imkanlarından istifadə edən Paris Azərbaycana qarşı fobiyası olan deputatları vasitəsilə bu kampaniyanın önündə gedir. Fransız parlamentarilər Bakıya qarşı bildikləri və bilmədikləri hər mövzuda şər atmağa və qara yaxmağa çalışırlar. Bu mənzərə bir çox hallarda istehza doğurur. Çünki Fransa boyda ölkənin parlamentini illərdir təmsil edən şəxslərin gerçək məlumat kasadlığı və qərəzliliyi ciddi siyasət və mübarizəyə həqarətdir. Fransızlar böhtan dolu çıxışlarını edirlər, ağızları açıq onlara baxan avropalı həmkarlarından isə bir nəfər özünə zəhmət verib soruşmur: Fransanın açıq okeanda həyata keçirdiyi nüvə sınaqları nəticəsində dünya iqliminə, biomüxtəlifliyə dəyən zərər barədə nə deyə bilərsiniz?

Ermənidən daha çox erməni olan fransız 

Ermənipərəst “insan haqları müdafiəçiləri”, o cümlədən, “Human Rights Watch” kimi qərəzli təşkilatları COP29 prizmasından narahat edən digər məsələ “erməni əsriləri”nin aqibətidir. Üzərinə insan hüquqları kimi bəşəri anlayışın müdafiəsini götürmüş belə qurumların əlləri minlərlə azərbaycanlının qanına batmış separatçı caniləri hansı kriteriyalara əsasən “əsir” hesab etmələrinin səbəbi məlumdur. Bölücü xuntanın liderlərinin həbs olunmasından bir il ötüb, ancaq indiyədək nə özünə hörmət edən bir beynəlxalq təşkilat, nə də dövlət rəsmisi bu mövzu ilə bağlı Azərbaycana hər hansı müraciət etməyib. Təbii ki, Fransa istisna olmaqla. Bu ölkənin Ermənistandakı səfiri Olivye Dekotinyi bu günlərdə deyib: “Azərbaycan ermənilərin Qarabağa qayıtmasına icazə verməyə borcludur. COP29-un təşkilatçısı kimi Azərbaycan beynəlxalq diqqəti özünə cəlb edir ki, bu da xüsusi beynəlxalq öhdəliklər yaradır. İndiki mərhələdə onların əsas məsuliyyəti Ermənistanla sülh müqaviləsi bağlamaqdır”. 

Fransa səfirinin hansı təhsil ocağında diplomatiya dərsi alması bizə maraqlı deyil, ancaq tarixdə hələ heç bir halda qalib dövlətin məğlub qarşısında sülh müqaviləsini imzalamaq kimi məsuliyyəti olmayıb. Əsl öhdəliyi bu gülünc iddianı Afrika və Asiyanın müxtəlif yerlərində insanlara qarşı olmazın vəhşiliklər etmiş, qətllər və soyqırımılar törətmiş bir dövlətin diplomatının söyləməsi yaradır. COP tarixində qəbul edilmiş qərarların əhəmiyyətinə görə 2015-ci ildə baş tutmuş Paris konfransının xüsusi yeri var. COP-un Parisdə keçirilməsi ərəfəsində Fransanın ünvanına Afrikadakı müstəmləkələrdə törətdiyi qanlı vəhşiliklərlə bağlı ittihamlar səslənirdimi? Görəsən, iqlimlə bağlı qəbul edilmiş qərarlar Fransanın müstəmləkəçilik siyasətinə hansısa təsir göstəribmi? 

Fransa kimi türk və Azərbaycan qorxusu olan ölkələri, erməni diasporuna işləyən dairələri narahat edən əsas məsələ irəli sürdükləri tələblərə hansısa diqqətin yönəlməsi üçün COP29-u son şans qismində görmələridir. 

Rüstəm Qaraxanlı

 

banner

Oxşar Xəbərlər