• çərşənbə axşamı, 15 oktyabr, 04:49
  • Baku Bakı 15°C

“Biz çox yaxın tərəfdaşlarıq”

07.09.24 06:10 2317
“Biz çox yaxın tərəfdaşlarıq”

Prezident İlham Əliyev “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən Beynəlxalq Forumda əsas qonaq qismində iştirak edib. Dövlət başçısının belə bir mötəbər foruma əsas qonaq qismində dəvət edilməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun, etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.

Prezident İlham Əliyev İtaliyaya işgüzar səfəri çərçivəsində “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib.

Dövlət başçısı çıxışında İtaliya-Azərbaycan strateji tərəfdaşlığına toxunub. Bildirib ki, uzun illərdir Azərbaycan və İtaliya strateji tərəfdaş olaraq fəaliyyət göstərir və müvafiq bəyannamə 10 il bundan qabaq qəbul edilib: "Bizim əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmaslarımız var". Bu səfərin 2020-ci ildən bəri onun İtaliyaya üçüncü səfəri olduğunu və 2018-ci ildə Prezident Mattarellanın Azərbaycana səfərini xatırladan dövlətimizin başçısı qeyd edib: “Bizim yüksək səviyyəli təmaslarımız onu nümayiş etdirir ki, biz çox yaxın tərəfdaşlarıq”.

16 milyard dollarlıq ticarət dövriyyəsi

Azərbaycan Prezidentinin sözlərinə görə, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır: “Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına bərabər olmuşdur və əlaqələrimizin genişlənməsi üçün potensial yalnız enerji sektoru üzrə deyil, digər sektorlar üzrə də mövcuddur".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan İtaliyanın bir nömrəli neft və iki nömrəli qaz təchizatçısıdır. "Bu, bizim əməkdaşlığımızın mühüm sahəsini təşkil edir”, - deyə dövlətimizin başçısı əlavə edib.

On ölkənin enerji təhlükəsizliyini təmin edən layihə

İlham Əliyev Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolundan da bəhs edib. "Enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır", - Prezident bildirib. 

Azərbaycandan İtaliyaya uzanan 3 500 kilometrlik Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”.

İki ölkə arasında təbii körpü

İki ölkə arasında digər sahələrdə də əməkdaşlığın uğurla davam etdirildiyini bildirən Prezident İlham Əliyev qeyd edib ki, artıq Azərbaycanda İtaliya-Azərbaycan Universiteti fəaliyyət göstərir: "Bu, bizim əməkdaşlığımızın şaxələndirilməsinin bariz nümunəsidir".
İtaliyanın beş aparıcı universitetinin Azərbaycanda olan tərəf-müqabilləri ilə birgə təhsil ocağı təsis etdiklərini xatırladan dövlətimizin başçısı bildirib: “Orada təhsil almağa başlayacaq tələbələr Azərbaycan ilə İtaliya arasında təbii körpü rolunu oynayacaqlar. Onlar italyan dilini daha səlis biləcəklər. İtaliyanın tarixi irsini və mədəniyyətini də daha dərindən öyrənəcəklər”.

"Biz Cənubi Qafqazda sülhə nail ola bilərik"

Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən də söz açıb. Bildirib ki, təkcə Qafqazda deyil, daha geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası başlıca dəyişiklik olub. Prezident xatırladıb ki, 30 il ərzində bizim beynəlxalq səviyyədə tanınmış ərazimiz Ermənistanın işğalı altında saxlanılıb. Beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının mütləq icra edilməli olan dörd qətnaməsinin olmasına baxmayaraq, bu işğal davam edirdi. ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyini deyən dövlətimizin başçısı 28 il ərzində həmin qrupun sıfır nəticə hasil etdiyini vurğulayıb. "Biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu, mümkündür", - deyə Prezident vurğulayıb. 

Sülh müqaviləsinin mətninin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”.

Prezident İlham Əliyev əsas qonaq qismində

Qeyd edək ki, Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən təşkil edilən sayca 50-ci olan Beynəlxalq Forumda əsas qonaq qismində iştirak edib. Dövlət başçısının belə bir mötəbər forumu əsas qonaq qismində dəvət edilməsi Azərbaycanın beynəlxalq səviyyədəki yüksək nüfuzunun, etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. Azərbaycan Cənubi Qafqaz bölgəsinin əsas aparıcı dövləti və Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayan bir çox beynəlxalq miqyaslı strateji layihələrin əsas təşəbbüskarı kimi qəbul edilir. 

Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci ildə də bu Forumda çıxış edib. Həmin vaxt onun xarici media nümayəndələrinin suallarına verdiyi ətraflı cavablar Forum iştirakçılarının böyük marağına səbəb olmuşdu.

1965-ci ildən fəaliyyət göstərən “The European House – Ambrosetti” İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. O, Mərkəzi Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Dünyanın beyin mərkəzləri ilə bağlı aparıcı reytinqlərə əsasən İtaliyada birinci və Avropada ilk onluqda qərarlaşan “The European House – Ambrosetti” İtaliya və Avropa şirkətləri üçün əhəmiyyət daşıyan məsələlərin müzakirə olunduğu forumlar, müxtəlif tədbirlər keçirərək italyan şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına, eyni zamanda, əməkdaşlığın təşviqinə xidmət edir.

 

banner

Oxşar Xəbərlər