• şənbə, 27 Iyul, 06:50
  • Baku Bakı 26°C

Azərbaycan tarixi seçkiyə hazırdır

03.02.24 06:28 2371
Azərbaycan tarixi seçkiyə hazırdır

Müstəqillik tariximizdə ilk dəfə olaraq seçki prosesi bütün suveren ərazilərimizi əhatə edəcək. Bu proses ölkəmizin tarixi qələbələrindən sonra yeni bir dövrün başlanğıcı, Azərbaycan xalqının gələcək strateji inkişaf strategiyasına münasibəti kimi də dəyərləndirilir.   


Fevralın 7-də Azərbaycanda 2024-cü ilin ən mühüm hadisələrindən biri - növbədənkənar prezident seçkiləri keçiriləcək. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçki prosesi bütün suveren ərazilərimizi əhatə edəcək. Bu proses ölkəmizin tarixi qələbələrindən sonra yeni bir dövrün başlanğıcı, Azərbaycan xalqının gələcək strateji inkişaf strategiyasına münasibəti kimi də dəyərləndirilir.   

Hazırlıq prosesi davam edir

Qeyd edək ki, növbədənkənar prezident seçkilərinə artıq sayılı günlər qalıb. Hazırlıq prosesi isə tam sürətlə davam edir. Secki-2024.az saytı xəbər verir ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Sözügedən veb-kameralar istər ölkə daxilində, istərsə də xaricdəki internet istifadəçilərinə səsvermə günü Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan, seçki məntəqəsindəki bütün prosesləri -  səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini fasiləsiz müşahidə imkanı yaradacaq.

Beynəlxalq maraq böyükdür

Növbədənkənar prezident seçkilərini izləmək üçün beynəlxalq müşahidəçilərin də ölkəmizə axını davam edir. Artıq prosesi müşahidə etmək üçün 86 min 490 müşahidəçi qeydiyyatdan keçib. Onlardan 790 nəfəri beynəlxalq müşahidəçilərdir. 

ATƏT-in Parlament Assambleyasından (PA) olan 80-dən çox müşahidəçi də fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri üçün ölkəmizə gələcək. Müşahidəçi nümayəndə heyətinin rəhbəri ATƏT PA-nın vitse-prezidenti Daniela De Ridder (Almaniya), ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri isə İqtisadiyyat və Ətraf Mühit Komitəsinin sədr müavini Artur Gerasimov (Ukrayna) olacaq. “Biz prezident seçkilərinin demokratik prinsiplərə nə dərəcədə uyğun olduğunu, azad səsvermə prosedurlarının, ədalətli atmosferin, medianın əlçatanlığının və nəticələrin dəqiq işıqlandırılmasının təmin olunmasına nəzarət üçün ATƏT DTİHB missiyası ilə sıx əməkdaşlıq edirik”, - deyə D.De Ridder bildirib. 

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) missiyası isə Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün fevralın 6-da tam tərkibdə Bakıya gələcək. Altı nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatları Svyatoslav Yuraş, Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili və GUAM Katibliyinin proqram koordinatorları Teymuraz Kiladze və Səbuhi Təmirov daxildir. 

Prosesi işıqlandırmaq üçün xarici media orqanlarının  qeydiyyat prosesi də davam edir. İndiyədək Yaponiya, İtaliya, Almaniya, Türkiyə, Rusiya və digər ölkələrdən 63 media qurumunun 119 əməkdaşı seçki prosesinin işıqlandırılması üçün müraciət edib.

Seçkilər tariximizdə yeni səhifələr açacaq

Prezident seçkilərinin yeni dövrün başlanğıcı olacağı ilə bağlı yerli və xarici siyasi xadimlərin rəyləri də diqqət çəkir. 
“Azərbaycanda fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri əvvəlki prezident seçkilərindən fərqlənir. Çünki müstəqillik tarixində ilk dəfə olaraq öz əzəli tarixi torpaqlarını işğaldan azad edən və əhalisini azad olunmuş torpaqlara geri qaytarmağa başlayan ölkə açıq və demokratik seçki keçirir. Demokratik və şəffaf seçkilər istənilən xalqın, ölkənin sabitliyinin və firavanlığının təminatçısıdır”. Bu fikirləri secki-2024.az saytına açıqlamasında Qırğız Respublikasından olan siyasi xadim Zayırbek Ergeşev bildirib. Onun sözlərinə görə, Azərbaycanda növbədənkənar prezident seçkilərinin Qarabağı işğaldan azad etdikdən sonra ilk dəfə keçirilməsi əlamətdar hadisədir. “Siyasi texnologiyalar nöqteyi-nəzərindən hazırkı münbit siyasi vəziyyətdən istifadə edərək, ölkənin suverenliyinin və müstəqilliyinin daha da möhkəmləndirilməsi, Azərbaycanın dünya ictimaiyyətində, beynəlxalq aləmdə nüfuzunun qaldırılması üzrə tədbirlər görmək lazımdır. Ona görə də, bu prezident seçkiləri Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edir və Azərbaycan xalqının tarixində yeni səhifələr açacaq”, - deyə qırğızıstanlı siyasi xadim fikrini yekunlaşdırıb.

Hədəflərin reallaşdırılması üçün başlıca zəmin 

Millət vəkili Sevinc Hüseynovanın qənaətincə isə, prezident seçkilərinin keçirilməsi ölkəmizin ictimai-siyasi tarixində yeni bir mərhələnin başlanğıcıdır. Deputat bildirib ki, Azərbaycanın qarşısında mühüm hədəflər var: “Bu hədəflər dövlətçiliyin güclənməsi fonunda inteqrasiyanı ehtiva edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda söz sahibinə çevrilib”.

"Bu gün ölkəmizin qarşısında duran başlıca hədəflərdən biri də güclü dövlət konsepsiyası ilə regional və qlobal miqyasda sülhü, əməkdaşlığı təşviq etməkdən ibarətdir”, - deyən Sevinc Hüseynova xüsusi vurğulayıb ki, prezident seçkiləri Azərbaycanın qarşıya qoyduğu hədəflərini reallaşdırması üçün başlıca zəmin hesab olunur.

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər