• çərşənbə, 25 Iyun, 09:31
  • Baku Bakı 15°C

Yubileylər necə keçirilsin?

28.03.16 10:50 6742
Yubileylər necə keçirilsin?
Bu yaxınlarda Rusiyanın 1-ci kanalında görkəmli bəstəkar və pianoçu Raymond Paulsun 80 illik yubileyi ilə bağlı gecəni seyr etdikdən sonra özümüzdə keçirilən yubiley tədbirlərinin formatının standart və bir qədər də cansıxıcı olduğu qənaəti yarandı. Belə ki, maestro gecə boyu mahnılarını royalda ifa etdi, müğənniləri səhnəyə çağırdı. Gecədə onun haqqında bütün sözləri mahnıları danışdı. Yəni o, bizim yubilyarlar kimi səhnənin bir küncündə oturub nə uzun-uzadı çıxış edənlərin nitqlərini eşitdi, nə də hədiyyələri qəbul etdi...
“Kaspi” ənənəvi “Müzakirə”sində yubiley tədbirlərinin lazımlılığı, necə keçirilməsi və ya kimlər üçün keçirilməsi məsələsinə cavab axtarıb.

Formatda və ya formada dəyişiklik
Xalq şairi Sabir Rüstəmxanlı hesab edir ki, insanların cəmiyyət və vətən qarşısındakı xidmətləri mütləq dəyərləndirilməlidir: “Elə şeylər var ki, biz onu özümüzdən icad etmirik. Onlar tarixlə, zamanla müəyyənləşdirilir. Elə tədbirlər də var ki, yüz illər boyu keçirilir. Bunlardan biri də insanların keçdiyi yolun dəyərləndirilməsi, o insanın vətəni, torpağı qarşısında xidməti və yada salınmasıdır. Yazıçının, şairin, sənət adamının, elm və ya dövlət xadiminin müəyyən bir yaşının qeyd olunması əbədiyaşar hadisədir. Bu, əslində dəyərlərimizə, xalqımıza, şəxsiyyətimizə verilən qiymətdir”. S.Rüstəmxanlı bu tip ənənələrə qarşı çıxmağın və ya şübhə ilə yanaşmağın tərəfdarı deyil: “İnsanların xidməti dilə gətirilirsə və onların dəyəri verilirsə, buna onların fəaliyyətinə qiymət kimi normal yanaşıram». Şair formatda və ya formada dəyişikliyin zəruriliyini istisna etmir. Məsələn, əgər hər hansı bir şairə yubiley həsr olunursa, həmin tarixdə telekanalların birində onun şeirləri səslənə, sözlərinə yazılan mahnılar oxuna, haqqında söz deyilə bilər: “Düzdür, bu o demək deyil ki, televiziya bütün gününü ona həsr etsin. Amma müəyyən proqramlar həsr oluna bilər. Bu, bir borcdur. Əgər bir insan bütün həyatını öz millətinə, dövlətinə veribsə, onun o xidmətinin xatırlanması, əziyyətinin dəyərləndirilməsi müəyyən mənada ona olan borcun qaytarılmasıdır. Bir insan ömrünü təmənnasız şəkildə bütövlüklə millətinə həsr edir, sözünü yazır, özünü istismar edir, ruhunu, ürəyini kitablara köçürürsə, millətin müəyyən nəsillərinin tərbiyəsində rolu olursa, onun yubileyinin keçirilməsi normal bir hadisədir”. S.Rüstəmxanlının fikrincə, sadəcə, yubileylərin hansı formatda təşkilini düşünmək lazımdır. Belə ki, hər bir xalq bu yubileyi bir cür qeyd edir: “Azərbaycanda da tutaq ki, bir axşam teatrda və ya salonda yığışıb söz deyirlər, bununla da qurtarırsa, bu, düzgün deyil. Mənə elə gəlir ki, bu məsələlərə daha geniş və yaradıcı yanaşmaq lazımdır”.
Hər gün bir yubileylə qarşılaşırıq
Filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədli hesab edir ki, yubileyləri keçirməkdə bir neçə məqsəd var. Belə ki, yubiley tədbirləri keçirilərkən hər şeydən öncə unudulmuş, keçmişdə yaşamış dəyərli yazıçılar və şairlərin həyatları və fəaliyyətləri təbliğ olunur. Onların əsərləri üzə çıxır, çap olunur. Bu mənada yubileylərin keçirilməsini müsbət qarşılamaq olar. Çünki onlar hər zaman yad olunmur və ya hər zaman onları yad etmək mümkün olmur: “Buna görə də düşünürəm ki, yazıçı və şairlərin, elm adamlarının və başqalarının yubileylərinin keçirilməsi təqdirəlayiq haldır. Ancaq yubileylər o insanlara keçirilməlidir ki, onların Azərbaycan elmi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti qarşısında böyük xidmətləri olsun. Çox təəssüf ki, yubileylər keçirilərkən hər şey qarışdırılır, hər gün bir yubileylə qarşılaşırıq. Hərə özünə bir yubiley keçirir. Tamaşaçı da o yubileylərin içərisində itib-batır. Bilmək olmur ki, əslində xalq, dövlət və ya cəmiyyət üçün hansı insanlar daha gərəklidir, hansının daha böyük xidmətləri olub. Bu mənada yubileylərin keçirilməsinin həm müsbət, həm də mənfi tərəfləri var”. Yubileylərin keçirilmə formatına toxunan filoloq hesab edir ki, yubileylərin cəmiyyətə xeyri dəyməlidir. Yəni cəmiyyət yubileyi keçirilən insanı tanımalı, fəaliyyəti ilə tanış olmalıdır. Bu mənada yubileylərin keçirilməsi təqdirəlayiqdir. Filoloqun fikrincə, hər hansı bir şəxsin yubileyinin keçirilməsi təkcə iclaslardan ibarət olmamalıdır: “Onun haqqında təkcə yubiley gecəsi deyil, həmçinin yaradıcılığı haqqında konfranslar, elmi sessiyalar keçirilməsi, əsərlərinin nəşr olunması lazımdır. Məncə, bu, cəmiyyətimizə çox şey verə bilər». B.Əhmədlinin fikrincə, təmtəraqlı yubileylər və ya hər ad gününü yubiley səviyyəsində keçirmək düzgün deyil. Belə ki, daha çox 60-70 yaş yubiley səviyyəsində keçirilməlidir. Eyni zamanda, daha çox xidmətləri olan insanların yubileyi təşkil olunmalıdır. B.Əhmədli hesab edir ki, yubileylərin keçirilib-keçirilməməsi müzakirə mövzusu olmamalıdır. Əsas olan keçirilən yubileylərin formatının təqdim olunmasıdır: “Bu, yubileyləri keçirən təşkilatların fəaliyyətindən də asılıdır». Filoloq Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə təşkil olunan yubileylərin formatının onu qane etdiyini bildirir: «Həmin tədbirlərdə çıxışlar 5-6 dəqiqədən artıq olmur. Sonra həmin xadimin əsərləri dinlənilir, haqqında məlumat verilir və s. Hələlik bu format bizi qane edir. Bəzi təşkilatların təşkil etdiyi yubiley tədbirlərinin səviyyəsi bir qədər fərqli olur. Bununla belə, yubileylərin formatında dəyişiklik olmalı, modernləşmə getməlidir ki, oradan tamaşaçı bir şey götürə bilsin».
Layiq olan adam həqiqi qiymətini alsın
Tənqidçi Əsəd Cahangir yazıçıların öz yubileylərinin keçirilməsinə can atmasını normal qarşılayır. Bir şərtlə ki, yazıçının yubiley keçirilməyə layiq yaradıcılığı olsun: “Məsələn, Elçinin, yaxud Kamal Abdullanın yubileyi əlbəttə ki, dövlət səviyyəsində olmalıdır. Əgər ortalıqda dövlət səviyyəsində qeyd olunmağa layiq yaradıcılıq yoxdursa, o zaman yubiley qeyri-rəsmi formatda, ailə üzvləri, dostlar, qohumlarla qeyd olunmalıdır. Ən pisi odur ki, bizdə hamı istəyir ki, onun yubileyi dövlət səviyyəsində qeyd olunsun, hamı istəyir ki, yubileyi Heydər Əliyev adına Sarayda olsun, hamı istəyir ki, yubileydə Prezident ona təbrik məktubu ünvanlasın və s. Çünki heç kəs özünə tənqidi gözlə yanaşa bilmir. Heç kəs öz ayranına turş demir”. Yubileylərin lazımlılıq səbəbini izah edən tənqidçi hesab edir ki, ilk növbədə müəyyən ömür yaşamış, yaradıcılıq yolu keçmiş adamın başqalarının fikrinə ehtiyacı olur. Yubileydə o, bu sözləri bir az mübaliğəli şəkildə olsa da, eşidir. Bu onun zəhmətinə verilən mənəvi qiymətdir: “Həmçinin yubileydə artıq yaşlaşmış adamın müəyyən maddi ehtiyacları da təmin edilir. Odur ki istər mənəvi, istərsə də maddi cəhətdən sənətkarın yubileyə ehtiyacı var”. Yubileyi sənət bayramı hesab edən Ə.Cahangir yubilyarın timsalında sanki o gün sənət hesabatı verildiyini qeyd edir: “Sənətə hesabat verirlər. Sənətin hörməti artır. Sənə diqqət artır. Yubilyarın yaradıcılığına yeni rakursdan qiymət verilir. Gənc nəsil yubilyarı tanıyır. O, təbliğ olunur”. Tənqidçinin sözlərinə görə, yubiley formatı bütün dünyada standartdır: “Məncə, burda heç xüsusi orijinallığa zəruri ehtiyac da yoxdur. Əgər kimsə yeni format tarapsa, bu onun əlavə üstünlüyü olar. Məsələn, şair Vaqif Bəhmənli özünün 60 illiyini Gənc Tamaşaçılar Teatrında orijinal formatda keçirdi. Özü əvvəldən sonacan səhnədə oldu, şeirlərini özü söylədi, teatrlaşdırılmış səhnələri özü apardı və məncə, pis alınmadı. Ümumən isə format zahiri məsələdir. Əsas odur ki layiq olan adam həqiqi qiymətini alsın”.
Sənətə olan münasibət
Yazar Səxavət Sahil yubileylərin, xatirə günlərinin qeyd edilməsini vacib hesab edir. Belə ki, bu cür tədbirlər yazıçı və şairi həmişə insanların yaddaşında saxlamağa kömək edir, onları unudulmağa qoymur: “Bu eyni zamanda ədəbiyyata, sənətə olan münasibətdir. Qiymətli sənətkarların hər zaman dəyərini vermək, onları layiqincə yaşatmaq lazımdır”. Yubiley tədbirlərinin formatından danışan yazar hesab edir ki, indi bizdə bunun formatı o qədər də qənaətbəxş deyil, yəni sovet ənənəsindən qalma formada davam edir: “Kimsə tədbirə aparıcılıq edir, növbə ilə hamını təqdim edərək kürsüyə çağırır, çıxışçılar da öz xatirələrini danışır. Lakin yaradıcılıq, sənət məsələləri arxa plana keçir, bir növ görüntü xarakteri daşıyır. Bu cür tədbirlər yubileyi keçirilən şəxsin şəxsiyyəti haqqında deyil, sənəti və ya yaradıcılğı haqqında olmalıdır”.
Maraqlı və canlı
Tənqidçi və tərcüməçi Cavanşir Yusifli yubiley tədbirlərinin keçirilməsini zəruri hesab edir: “Buna birmənalı müsbət yanaşıram. Bizim ədəbiyyatda izi olan hər kəsin müəyyən çərçivədə yubileyi keçirilməlidir, insan unudulmamalıdır”. Tənqidçi hesab edir ki, yubileyin bi şəxsə keçirilib digərinə keçirilməməsi düzgün deyil: “ Buna haqqı çatan hər kəsə yubiley keçirilməlidir”. Yubileylərin formatının zəhlətökən olduğunu bildirən C.Yusifli bu tip tədbirlərin yalnız tərif, xatirələr və s-dən ibarət olduğunu bildirir: “Bu, format deyil. Mən yubiley tədbirlərini qısa və maraqlı görmək istərdim. Əlibala müəllimin yubileyini qızları və dostları hazırlamışdılar. Maraqlı və canlı idi. Ssenarisi vardı. Yoxsa, indi də söz verilir filankəsə… bu, format deyil. Yola verməkdir”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər