• çərşənbə axşamı, 30 iyul, 19:00
  • Baku Bakı 29°C

Xocalı faciəsi ədəbiyyatımızda

22.02.16 10:24 6283
Xocalı faciəsi ədəbiyyatımızda
Xocalı faciəsindən 24 il ötür. Faciənin dünyaya çatdırılması istiqamətində xeyli iş görülüb. Bir çox ölkələr Xocalı faciəsini tanıyıb. Bu mövzuda filmlər, çarxlar çəkilib, kampaniyalar aparılıb. KİV faciəni daim gündəmdə saxlayır. Heç şübhəsiz, faciənin tanıdılmasında ədəbi əsərlərin də böyük rolu var.
Bəs çağdaş ədəbiyyatımızın səhifələrində faciə necə əksini tapıb? Faciəyə lazımi qədər əsər həsr olunubmu?
“Müzakirə” göstərdi ki, Xocalı faciəsi ilə bağlı həm poeziyada, həm də nəsr sahəsində əsərlərin yazılmasına ehtiyac var.
O qədər də asan iş deyil
Yazıçı Aqil Abbasın fikrincə, Xocalı faciəsi mövzusu ədəbiyyatda kifayət qədər yer alıb. Belə ki, ssenarilər yazılıb, filmlər çəkilib: “Xocalı ilə bağlı 10-a qədər əsər yazılıb. Bədii filmlər də çəkilib. Vahid Mustafayevin «Xoca» filmi bu faciə haqqındadır. Filmin gücü, ümumiyyətlə, daha böyükdür. Əgər kitabı yüz min adam oxuyursa, filmə yüz milyon adam baxır». Həmçinin «Xocalıya ədalət» kampaniyası çərçivəsində faciə haqqında materiallar bütün dünyaya yayılıb və yayılmaqda davam edir: “Düzdür, hər bir iş haqqında “tamamilə mükəmməl həyata keçirildi» demək çətindir. Bu baxımdan, Xocalı faciəsi də ədəbiyyatda mükəmməl olmasa da, kifayət qədər işıqlandırılıb”. Faciənin mediada daha çox işıqlandırılmasına gəlincə, yazıçı bildirir ki, ədəbiyyat fərqli sahədir: «Ədəbiyyat bir qədər ağır, ləngər vuran sahədir. Bəzən məsələlər isti olduğu üçün onu yazmaq asan olmur. Gərək məsələni araşdırasan, dərinliklərinə bələd olub onu qələmə alasan”. Yazıçının sözlərinə görə, faciə ilə bağlı əsərlər yazılsa da, aralarında zəif yazılanlar da çoxdur: «Cavan yazıçılar bu mövzuda yazmırlar. Onlara bu mövzu ona görə maraqlı deyil ki, onlar faciənin şahidi olmayıblar. Yazılan bəzi əsərlərdə kimdənsə eşitdikləri sözlər qələmə alınıb. Bəzən əsərlər hadisənin şahidi olmayanlar tərəfindən yazılıb. Ancaq faciəni bütünlüklə özündə əks etdirəcək səviyyədə bədii əsər, o cümlədən, roman yazılmayıb”. Yazıçı hesab edir ki, Xocalıda törədilənlər təkcə Xocalının faciəsi deyil. Hazırda dünyanın hər yerində faciələr baş verir. Bu baxımdan, Xocalı faciəsi insanlığın faciəsidir – insanlığa qarşı törədilən cinayətdir. Ona görə bu faciəyə soyqırımı deyilir». Yazıçının fikrincə, ədəbiyyatın gücü publisistikadan daha təsirli və genişdir: «Səfillər» romanını, Tolstoyun, Dostoyevskinin əsərlərini fikirləşin. «Qılınc və qələm»ə nəzər salaq. Bu baxımdan, bədii əsərin gücü daha böyükdür. Bədii əsər insanları öz təsiri altına salır, hadisənin detallarından xəbərdar edir. Məqalə isə fərqli janrdır - bu gün sayta qoyulur, sabah onu yeni yazılar əvəz edir. Bədii əsər isə dünyaya yayılır, dəfələrlə çap olunur, insanlar artıq ondan sitat gətirirlər, baş verənlərdən xəbərdar olurlar. Mediada isə baş verən hadisə ilə bağlı xəbərlər verilir. Ancaq ədəbiyyatda hadisəyə böyük bir əsər həsr olunur. Bu, dərin təhlil, tədqiqat, dünyagörüşü, müşahidə qabiliyyəti tələb etdiyi üçün onu qələmə almaq o qədər də asan iş deyil».
Gənclər bu mövzunu anlaya bilmirlər
Xocalı faciəsinə həsr olunan «Firuzə qaşlı xəncər» hekayəsi orta məktəblərin 5-ci sinfində tədris olunan yazıçı Elçin Hüseynbəylinin fikrincə, Xocalı faciəsinə nəsr əsərləri, hekayələr və s. həsr olunub. Həmçinin bu mövzuda xeyli filmlər çəkilib: «Mən hər il bir neçə məktəbdə həmin hekayə ilə bağlı görüşlər keçirirəm. Həmin hekayəni şagirdlərlə birgə təhlil edirik. Hətta onlar səhnəciklər hazırlayırlar və az qala peşəkar aktyorlar səviyyəsində ifa edirlər. Mən «Balıq adam» romanımda da bir Xocalı qaçqınının faciəsindən bəhs etmişəm». Yazıçı hesab edir ki, biz Xocalı faciəsini daim gündəmdə saxlamalıyıq: «Belə ki, hələ dünya üzrə bu faciəyə adekvat olan qərarlar və sənədlər əldə edə bilməmişik. Ancaq diplomatik yolla faciənin tanıdılması istiqamətində müəyyən addımlar atılıb. O cümlədən Xocalı faciəsi haqqında çoxlu disklər, materiallar hazırlanıb xarici ölkələrdə paylanılıb». E.Hüseynbəyli gənc yazarların yaradıcılığında Xocalı faciəsi ilə bağlı hər hansı əsərə rast gəlmədiyinə görə təəssüfünü bildirir: «Bu, çox pisdir. İndiki gəncləri daha çox kosmopolit düşüncələr maraqlandırır. Onlar tez məşhurlaşmaq, pul qazanmaq, dünyaya çıxa bilmək haqda daha çox düşünürlər. Onların çoxu köklərindən və milli düşüncədən uzaqdır». Yazıçı hesab etmir ki, bütün yazıçılar kütləvi şəkildə bu mövzuya müraciət etməlidir. Belə ki, hansı yazar hadisənin ağırlıqlarını ürəyindən keçirə bilirsə, bu mövzuda yaza bilər: «Elə mövzular var ki, onun haqqında yazmaq olmur. İnsanın ürəyi və hissi bu faciəyə tab gətirmir. Bu faciəni öz içərindən keçirib yazmaq çox çətindir. Sevgidən bəhs etmək, melodram yazmaq qat-qat asandır. Bir var, nəyisə təxəyyülündən keçirəsən və uydurasan, bir də var, olan hadisələri qələmə alasan. Mənim yadımdadır ki, o vaxt faciəni televizorda izləyəndə hamımız ağlayırdıq. İndiki cavanlara necə təsir etdiyini bilmirəm. Mənə elə gəlir ki, onlar bəlkə də həmin faciəni bütövlükdə anlaya bilmirlər. Çünki o dövrdə yaşamayıblar”.
Yazıçı hesab edir ki, sadəcə olaraq bu tip hadisələrin təqdimatı bir qədər dəyişilməlidir: «Telekanallarda hadisə ilə bağlı yayımlanan verilişlər bir-birini təkrarlayır. Eyni kompozisiyalar verilir. Bir qədər düşünüb faciəni fərqli formatda təqdim etmək lazımdır».
Faciəni hiss etməyəndə
Yazıçı İlqar Fəhmi hesab edir ki, təkcə Xocalı faciəsi deyil, ümumiyyətlə, oxşar faciələr bizim ədəbiyyatda yetərincə yer alıb. Sadəcə, üslub məsələsi var. Yəni indiyə qədər Xocalı faciəsi haqqında yazılanlar daha çox realist mövzuda yazılan əsərlərdir: «O mənada ki, hadisələrin təsviri, faciə iştirakçısı olan insanların hissləri onların xatirələri üzərində qurulmuş süjetlərdir. Mənə elə gəlir ki, artıq yeni metodlar tapmaq lazımdır. Hardasa onu metafizik, mistik formalarda yazmaq lazımdır. Mövzu, metod rəngarəngliyi baxımından əsərlər azdır. Hesab edirəm ki, müxtəlif formalarda və janrlarda əsərlər olmalıdır». İ.Fəhmi də hesab edir ki, gənclər bu mövzuya müraciət etmirlər: «Hadisəni geniş mənada qələmə alan hansısa gənc yazarın əsərini xatırlamıram». Yazıçı konfliktli mövzuların həmişə maraqlı olduğunu qeyd edir. Sadəcə, bu, yazıçının qələmindən, tərzindən asılıdır: “Açıq təbliğatın öz yeri var, gizli təbliğatın öz yeri. Mənə elə gəlir ki, bizim indiyə qədər yazdıqlarımız açıq təbliğat idi. Ancaq dünyada bu cür hadisələri qələmə alan yazıçıların əsərlərinə fikir versək, görərik ki, onlar daha çox gizli təbliğatla məşğul olublar. Yəni əsər ilk baxışda başqa mövzuda gedir, sonra gəlib bu hadisəyə toxunur – bu, məncə daha təsirli olur. Yazıçı hesab edir ki, açıq təbliğatın rolu, gizli təbliğatın rolundan zəif olur. O mənada ki, hadisələr açıq göstərildiyindən oxuyan insanların ruhuna o qədər təsir etmir. Mənə elə gəlir ki, birinci mərhələdə bu cür lazımdır. Yəni bu mərhələ sırf realist təbliğat olmalı idi. Həqiqətləri dünyaya tanıtdırmaq üçün çalışmaq lazım idi. İndi isə bu sahədə daha geniş işləmək lazımdır». Yazıçının fikrincə, yalnız bu hadisəni hiss edən, ruhunda yaşadan yazarlar bu mövzuda daha yaxşı yazarlar. Belə ki, faciəni hiss etməyənlərin əsərlərində saxtalıq hiss olunacaq.
Görməklə yaşamaq arasındakı fərq
Tənqidçi Əsəd Cahangir də hesab edir ki, bir sıra əsərlərdə Xocalı faciəsindən bəhs edilib. Həmçinin faciə ilə bağlı filmlər də çəkilib. «Aqil Abbasın «Dolu» filmi birbaşa Xocalı faciəsindən bəhs etməsə də, amma ümumilikdə faciələrimizi əks etdirir. Həmçinin faciə ilə bağlı «Xoca» filmi çəkilib. Bununla bərabər faciənin dəhşətini əks etdirən əsərlərə ehtiyac var: “Bu yaxınlarda Şəmil Sadıqovun «Ümidlərinin izi ilə» romanını oxudum. Xocalıda əsir düşən, sonra Avropaya gedən və həyatı faciə ilə bitən bir azərbaycanlının başına gələn dəhşətli faciələrdən bəhs edir. Ümumiyyətlə, roman janrında Xocalı faciəsinin əks etdirilməsinə böyük ehtiyac var. Bu, faciənin dəhşətini dünya insanına çatdıra bilən roman olmalıdır. Bu roman əsasında film də çəkilməlidir. Təbii ki, bu mövzuda silsilə şeirlər, publisistik yazılar, hekayələr də yazılıb. Məsələn, Zəlimxan Yaqubun, Ramiz Qusarçaylının və b. şairlərin Xocalı faciəsi ilə bağlı şeirləri var. Ancaq bu mövzunun poeziyada daha dərindən işlənməsinə ehtiyac var. Yüksək səviyyədə bir poema yazılmalıdır”. Tənqidçi ümumilikdə ədəbiyyatımızın bu mövzuya laqeyd olmadığını bildirir: “Amma demək olmaz ki, artıq bununla bağlı məsələ ədəbiyyatda bitib. Mənə elə gəlir ki, yazıçılarımızın, kinematoqrafçılarımızın, rejissorlarımızın, bəstəkarlarımızın dönə-dönə bu mövzuya müraciət etməsinə ehtiyac var». Tənqidçi çağdaş gənc yazarların yaradıcılığında bu mövzuya özəl maraq görmədiyini bildirir. Belə ki, onlar Xocalı faciəsi haqqında ancaq kitablardan oxuyub, telekanallardan seyr ediblər: “Gənclər bu faciəni yaşamadıqları üçün bəlkə də maraq göstərmirlər. Onlar bu faciədən uzaq olublar. Görməklə yaşamaq arasında böyük fərq var. Bu da təhlükəli meyldir. Düzdür, bu da unutqanlığa aparıb çıxarır. Onlar bu mövzunu unutmamalıdırlar. Mənə elə gəlir ki, Xocalı mövzusunda ən gözəl əsəri məhz o hadisələri bilavasitə müşahidə edən, uşaq ikən şahidi olan və böyüyəndə yazıçı ola biləcək o dövrün uşaqları yazacaqlar. Əsas məsələ odur ki. yazıçı o prosesi şəxsən özü yaşamalıdır. Əsər o zaman əsər olur».
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər