• bazar ertəsi, 01 sentyabr, 22:53
  • Baku Bakı 31°C

Uşaq kitab oxumursa...

04.05.15 05:55 2294
Uşaq kitab oxumursa...
Cəmiyyətdə ümumilikdə mütaliə probleminin yaşandığı, yazıçıların öz əsərlərinin satışı, yayımı və oxucunun tapılması ilə bağlı gileylərinin səsləndiyi bir vaxtda uşaq ədəbiyyatının az yazılması və azyaşlılar üçün keçənlərdə olduğu kimi mükəmməl əsərlərin yoxluğu ilə bağlı narazılıqlar da tez-tez gündəmə gəlir. Əgər yazan yoxdursa, uşaqlar nə oxusun? Və ya yazılanlar varsa, uşaqlar niyə oxumur? Bu gün bu iki sual qarşı-qarşıya dayanıb. Bəzi ekspertlər hesab edir ki, uşaq ədəbiyyatı var, sadəcə, oxucularının maraqları dəyişib. Yəni müasir uşaqlar kitabları vərəqləməkdənsə, mobil texnologiyalardan istifadəni daha çox sevirlər. Valideynlər isə uşaqların zövqünə uyğun əsər olmadığını deyirlər.
Uşaq ədəbiyyatı ətrafında səslənən fikirlər “Kaspi”ni mövzu ilə maraqlanmağa sövq etdi.
Dünya səviyyəsi ilə müqayisə etsək...
“Altun” kitab nəşriyyatının direktoru Rafiq İsmayılov ölkədə uşaq ədəbiyyatı ilə bağlı vəziyyəti o qədər də acınacaqlı hesab etmir: “Demək olmaz ki, uşaq ədəbiyyatı yox səviyyəsindədir. Uşaqlar üçün yazan yazıçılar da var, uşaq əsərləri də çap olunur. Xüsusən son dövrdə bu sahədə çalışan yazıçılarımız var. Sadəcə, ortada keyfiyyət və kəmiyyət məsələsindən söhbət gedir”. R.İsmayılovun fikrincə, yazılan əsərlər, ümumiyyətlə, daha çox uşaqların maraq dairəsinə yaxın olmalıdır. Məsələn, Qərblə müqayisədə öz ədəbiyyatımızla bağlı narazılıq edə bilərik. Belə ki, bu sahədə bizdə inkişaf bir qədər zəif gedir: “Son dövrlərdə qatıldığımız London, Frankfurt, İstanbul və başqa ölkələrin kitab sərgilərində nümayiş etdirilən uşaq ədəbiyyatı, onların çeşidi, tərtibatı, poliqrafik keyfiyyətini görəndə bir qədər narazılıq etməyə dəyər ki, biz hələ o səviyyəyə gəlib çatmamışıq. Uşaqlar üçün məşhur bədii obrazlar var ki, onlar daha çox həmin obrazlarla böyüyüblər. İndi isə uşaqları Cırtdanla, Göyçək Fatima ilə cəlb etmək olmaz. Hansısa mərhələdə bu alına bilər, amma onların bu obrazlara marağı uzun müddət davam etməyəcək. İndi Şrek, Tom və Cerri, Harri Potter kimi obrazlar daha çox maraq dairəsindədir”. Filoloq hesab edir ki, psixoloqlar bu məsələ üzərində işləməli və uşaqların nə üçün Qərbdən gələn obrazlara meyil etdiyini aydınlaşdırmalıdırlar: “Düzdür, hər bir kitabı oxuduqca uşaq mənəvi qida alır, intellektual hazırlığı yüksəlir, dünyagörüşü, məntiqi təfəkkürü genişlənir və söz ehtiyatı artır. Ancaq biz istərdik ki, uşaqlar daha çox öz milli obrazlarımıza meyil etsinlər. Məsələn, türklər bununla bağlı məqsədlərinə nail olublar. Onların Kəloglan obrazı nəinki Türkiyə, hətta brend kimi xaricə də çıxır. Bizdə isə, hələ ki, belə bir obraz yaranmayıb. Kitablarımızı da dünya səviyyəsi ilə müqayisə etsək, 80-90-cı illərin səviyyəsindədir”. R.İsmayılov qeyd etdi ki, müasir uşaq kitabı testlərdən və rəsmlərdən ibarət olmadığından bu sahədə müəyyən ideyalar üzərində düşünülməlidir. Belə ki, kitablara uşaqları maraqlandıra biləcək CD-lər, şəkilli broşürlər və s. əlavə edilir: “Indi kitabları elə çap edirlər ki, uşaqları istər-istəməz cəlb edir. Bizdə hələ ki, bu yeniliklər tətbiq olunmur. Yəqin ki, bu sahədə hansısa stimullaşdırıcı tədbirlər görmək lazımdır. Yaxşı yazanları mükafatlandırmağa da ehtiyac var ki, həvəslənsinlər. Hesab edirəm ki, kitab işinə də reklam lazımdır”.
Biz də istərdik ki...
Ölkədə fəaliyyət göstərən uşaq kitabxanaları üzrə elmi-metodiki mərkəz sayılan Firudin Köçərli adına Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova kitabların səviyyəsindən heç də həmişə razı qalmadıqlarını etiraf etdi: “Çap etmək xətrinə kitab çap edənlər var. Onlar istəyirlər ki, kitabın qiyməti ucuz olsun və kitabxanalar alsın. Elələri də var ki, əsərlərinin yüksək səviyyədə çıxmasını istəyirlər, amma hələ o səviyyəyə gəlib çata bilməyiblər”.
Direktor müavini uşaq kitabxanasına həm Azərbaycan, həm də xarici ölkələrin ədəbiyyatının daxil olduğunu bildirdi: “Biz kitaba baxırıq, əgər bizi qane edirsə, alırıq. Əgər kitab bizim oxuculara uyğun deyilsə, onu almırıq. Bu mənada bizdə sərbəstlik var”. Z.Dadaşova bildirdi ki, hazırda bizdə uşaq ədəbiyyatını yazanlar çox olmasa da, son vaxtlar bu sahədə nəzərçarpacaq canlanma yaranlb. Belə ki, Gülzar İbrahimova, Reyhan Yusifqızının yazdığı kitablar indi çox oxunur. Direktor müavini Təhsil Nazirliyinin mütaliə ilə bağlı qərarından sonra məktəblilərin kitabxanaya marağının artdığını da söylədi: “Əvvəllər uşaq vardı ki, bizim kitabxananın ünvanını bilmirdi. İndisə internetdən axtarıb tapırlar və gəlirlər”.
Z.Dadaşova kitabxanaya daxil olan ədəbiyyatla bağlı arzusunu da dilə gətirdi: “Rusiyada çap olunan bır sıra uşaq ədəbiyyatının, uşaqların zövqlərini oxşayan digər kitabların olmasını istərdim. Bu cür kitablar çox vəsait tələb etdiyindən bizim nəşriyyatlar hazırlamırlar. Rus ədəbiyyat nümunələri gözəl tərtibatla çıxır. Biz də istərdik ki, uşaqlarımız üçün o səviyyədə kitablar çıxsın. Məsələn, Bakının görməli yerlərindən ibarət kitab olsun və o yerlər uşaqların gözləri qarşısında canlansın”. Uşaqların marağına gəlincə, Z.Dadaşovanın dediyinə görə, aralarında detektiv, heyvanlar haqqında, fantastik janrda və s. oxumaq istəyənlər var. İstirahət günləri kitabxanada keçirilən “Nağıl saatı”nda isə uşaqların əlindən tərpənmək olmur: “Onlar burada bircə dəfə olandan sonra artıq kitabxana ilə tanış olur və müntəzəm gəlməyə başlayırlar. Sadəcə, onları kitaba həvəsləndirmək lazımdır. Ondan sonra uşaqlar oxucuya çevriləcəklər”.
Çox vaxt maraqsız kitablar çap olunur
“Kiçik dünya” Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin sədri, uşaq yazarı Gülzar İbrahimova uşaq ədəbiyyatı sahəsində çoxlu problemlərin olduğunu bildirdi: “Əgər bütün ölkə ərazisində kitabla bağlı problem varsa, bu, uşaq ədəbiyyatı ilə bağlı sahəyə də toxunur. Uşaqlar arasında mütaliə çox azalıb. Uşaq yazıçılarına münasibət də bir qədər soyuqlaşıb. Müxtəlif səviyyələrdə problem dilə gətirilir, amma yaxşı olardı ki, uşaq yazarlarına real kömək olsun. Yaxşı olardı ki, uşaq ədəbiyyatı nümunələri başqa dillərə də tərcümə olunsin. Elə uşaqlar var ki, rus dilində və ya ingilis dilində oxumaq istəyirlər”.
G.İbrahimova hesab edir ki, yazıçını həvəsləndirmə metodu onun kitablarının satılması və ünvanına çatdırılmasıdır. Bu istiqamətdə isə yazıçılar problem yaşayır: “Çap etdirdiyim jurnal və kitablar yüksək tirajla çıxmır. Eyni zamanda, tirajını artırmaq mümkün deyil. Çünki əvvəllər məktəblərdə satılırdısa, indi buna icazə verilmir. Hər bir valideyn də istəyir ki, onun uşağına kitab çatsın. Eyni zamanda, biz yazıçılar da istəyirik ki, yazdıqlarımız yerdə qalmasın, ünvanına yetişsin. Biz yazırıq, uşaqlar da oxumaq istəyir. Amma uşaqlarla aramızda körpü quran yoxdur”.
G.İbrahimova “uşaqlar oxumurlar”- deyə səslənən fikirlərlə də razılaşmır: “Demək olmaz ki, uşaqlar oxumurlar. Biz bəzən uşağa elə kitablar veririk ki, çox maraqsız olur. Kitab mağazalarında uşaqların zövqünə uyğun nağıllar, hekayələr tapmaq çətindir. Əsasən qorxulu nağıllar satılır. Bəziləri elə tərcümə olunur ki, uşaq dilindən çox uzaqdır. Ona görə bu sahəyə nəzarət olmalıdır ki, hər yazan öz məhsulunu təsadüfi adamlara tərcümə etdirməsin. Yazılanları uşaq dilini bilən peşəkarlar tərcümə etməlidir. Elə tərcümə olunmalıdır ki, uşaqlar o kitabı oxuyanda sevsinlər, kitabdan uzaqlaşmasınlar. Əgər böyüməkdə olan nəslin mütaliə mədəniyyətini inkişaf etdirmək, onları mənəvi baxımdan tərbiyə etmək istəyiriksə, bu sahədə hərtərəfli işlər görülməlidir. Bu yaxınlarda Təhsil Nazirliyinin mütaliə istiqamətində addımlar atdığını eşitdim və Bakı Təhsil İdarəsində bu sahə ilə əlaqəli şəxslə görüşmək istədim. Yəni gələcəkdə birgə əl-ələ verib işləyə bilək. Özüm haqqında məlumat verdim. Ancaq nə qədər gözlədimsə, məni qəbul edən olmadı. Bu cür yanaşma ilə uşaqların mütaliəsi üçün heç bir şey edə bilmərik. Çox insanlar var ki, bu işi öhdələrinə götürüblər, amma nəticə göz qabağındadır. Yəni uşaqlar mütaliəyə yaxınlaşmırlar”.
Yazıçının fikrincə, uşaqları mütaliəyə həvəsləndirməyin müxtəlif formaları var. Yazıçı və şairlərlə görüşlər, uşaq kitablarının sərgilərinin təşkili və s.: “Əgər bizim yazıçıların kitabları alınarsa, uşaq ədəbiyyatı da inkişaf edər, uşaqların oxumağa meyli də artar. Bizdə çox vaxt maraqsız kitablar çap olunur, ona görə də uşaqlar kitabdan uzaq düşürlər”. Yazıçı hesab edir ki, uşaqları yalnız mütaliə yolu ilə savadlandırmaq olar. Belə ki, nə telekanallar, nə də internet mütaliənin yerini verə bilər: “Yay günündə, bir sərin ağac kölgəsində uşaq üçün kitab oxumaq çox dəyərlidir. Bu onun əsəblərini sakitləşdirmək, dünyagörüşünü artırmaq və bədii təfəkkürünü formalaşdırmaq üçün ən gözəl vasitədir”.
Çərçivə daxilində
160 saylı tam gimnaziyanın Ana dili və ədəbiyyat müəllimi Məlahət Ələsgərova da hesab edir ki, bu gün uşaqlar üçün yaza bilən yazarlarımız var: “Gülzar İbrahimova maraqlı kitablar yazır, nağılvari hekayələr işləyir. Onun tariximizi əks etdirən hekayələr kitabı çoxdur. Bundan əlavə, uşaq mətbuat orqanları var. Qəzetlərdə uşaq ədəbiyyatını əks etdirən çoxlu hekayələr çıxır”.
M.Ələsgərova hesab edir ki, uşağın ədəbiyyata marağının yaranması müəllimdən çox asılıdır: “Hər rübün sonunda şagirdlərə ədəbiyyat siyahısı verilir. Dərslərdə daha hansı mövzuları keçəcəklərsə, onlar həmin ədəbiyyatı tətil dönəmində oxumalıdırlar. Müəllim tələb edirsə və uşaq nəticəsini görürsə, təbii ki, o əsəri oxuyur. Tələbat olmayanda və ya müəllim tətildən qayıdanda uşağı yoxlamayanda, o da oxumur”.
Müəllimin sözlərinə görə, müstəqil şəkildə kitabxanaya müraciət edən uşaqlar bu gün çox azdır. Belə ki, hər sinifdə 1-2 belə uşaq görmək olar: “Bizim oxuduğumuz dövrlərdən fərqli olaraq, artıq uşaqlarda belə səylər yoxdur. İndi uşaqların əllərində daha çox mobil telefon və planşetlər görmək olar. Onların maraq dairəsi dəyişib. Ona görə də mütaliədən uzaq düşüblər. Bu üzdən hər şey çərçivə daxilindədir. Dərslik nə verirsə, uşaq onunla kifayətlənir”. M.Ələsgərovanın sözlərinə görə, uşaqlar daha çox detektiv xarakterli kitablar oxuyurlar. Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq kimi görkəmli şairlərin şeirləri yalnız dərsliklərdən oxunur. Uşaqlar müstəqil şəkildə klassik şair və yazıçılara maraq göstərmirlər: “Tədris ili boyunca uşaqlar klassiklərin yazdıqları ilə tanış olurlar. Amma proqram daxilində. Əlavə mütaliə kimi bu cür klassiklərin yaradıcılığına maraq göstərmirlər”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər