SƏMİMİYYƏT RƏNGİ
Sözə könül bağlayan qələm
adamlarından biri də şair Damət Salmanoğludur. O, dörd seir kitabının müəllifidir.
Damətin şeirlərində yurd, vətən, doğma ocağa bağlılıq hissi məxsusi poetika ilə
səciyyələnir. Milli-mənəvi dəyərlərin, el-oba sevgisinin, övlad, valideyn məhəbbətinin,
ləyaqət və insanpərvərlik duyğularının bədii tərənnümü onun poetik nümunələrində
səmimi bir koloritdə öz ifadəsini tapır. Həmçinin onun şeirlərində Allaha,
islam dininə və müqəddəslərə dərin sevginin tərənnümü ilə yanaşı, həyatda
xeyirxahlıq, həssaslıq və qayğıkeşlik ruhunun təbliği, sadə insanların arzu,
istək və amallarının gerçəkləşməsi konspektində bu amillərin rolunun böyüklüyü
də səciyyəvi xarakter daşıyır.
Gənc yaşlarından ədəbi-bədii yaradıcılığa
maraq göstərən Damət Salmanoğlunun qələm təcrübələrinin tarixi xronikası onun
püxtələşməyə can atmasından, getdikcə buna nail olmasından soraq verir. Əlbəttə,
uğurlu yaradıcılıq prosesi üçün peşəkarlıqla yanaşı, şair ovqatının "sarı sim”
də gəzişməsi də vacib şərtlər sırasındadır. Bu mənada da Damət öz yaradıcılıq
yolunda bu önəmli şərtə diqqət yetirir, yəni könlünə yatan, onu həyəcanlandıran
mövzular, hadisələr qəlbinin poetik işığında təqdim edir.
Damət Salmanoğlu vətən sevdalı
şairdir. Doğma Azərbaycanımızın gözəlliklərini, sərvətini, əzəmətini vəsf etməkdən
yorulmur. "Azərbaycanım” şeiri də bu baxımdan səciyyəvidir.
Baxıram dənizə deyirəm, Allah,
Bəndənə nə gözəl nemət vermisən.
Qeyb olub qəlbimdən qüssə, kədər,
ah,
Sən öz dərgahından sərvət vermisən...
Poeziya aləmində elə şairlər var
ki, onların bədii qüdrəti, istedadının gücü mürəkkəb poetik obrazlar silsiləsində
deyildir. Onların poetik ruhunun mayası folklor zənginliyindən qaynaqlanaraq,
insanın arzusunu, ümidini, kədərini, sevincini, bütövlükdə mənəvi aləmini
aydın, rəvan və özünəməxsus səmimiyyətlə əks etməsindədir.
Damət Salmanoğlunun şeirləri
gerçəkliklə, reallıqla yanaşı, həm də ilahi məqamlarla, mənəvi dəyərlərlə
bağlıdır. Bu poetik nümunələrdə həyatın səsi, zamanın nəfəsi, insanın daxili aləminə,
ürəyinə nüfuz edən insan işığı duyulur. Şeirlərdə həqiqət duyğusu, haqq-ədalət
yanğısı, heyranlıq hissi bədii düşüncənin başlıca məzmununa çevrilir. "Həyat
bir imtahan imiş” şeirində şairin "həyat”, "ölüm” nəsnələri haqqında bədii-fəlsəfi
düşüncələrinin poetik inikasını görürük.
Ay Damət, gələn köçəcək,
Ağlayan, gülən köçəcək.
Ta yollardan gözünü çək.
Həyat bir imtahan imiş.
Onun poetik təfəkkürü bədii-ictimai
mənanı aydın, səmimi və sadə formada ifadə etdiyinə görə onun şeirlərindəki
forma sadəliyi, yəni ənənəvi xalq ruhuna bağlılıq bədii nümunələrin poetik təsirini
qüvvətləndirir.
Damət Salmanoğlunun şeirlərində
ictimai, mənəvi, əxlaqi tamlıq və halallıq, pak sevgi, məhəbbət, yurdsevərlik,
təbiət mövzusu geniş yer tutur və onun bədii-estetik məfkurəsinin
formalaşmasında əhəmiyyətli önəm kəsb edir. Bu şeirlərin səciyyəvi cəhətlərindn
biri də onların müasirliyidir, yəni şair müasir həyatın təzadlarını, onun
insanlara səadət bəxş edən məqamlarını və eyni zamanda insanları əzab məngənəsində
sıxan anları bədii məzmunda ehtiva edərək, onu yeni məna çalarları ilə zənginləşdirməyə
çalışır.
İnanıram ki, səmimi təvözökar,
iddiasız qələm və işıqlı ürək sahibi olan şair Damət Salmanoğlunun ədəbi
uğurları onun ünvanına çevriləcək.
Balayar SADIQ