• şənbə, 01 Avqust, 05:03
  • Baku Bakı 26°C

Qardaşlıq əlaqələri yeni zirvədə

01.08.26 03:22 20
Qardaşlıq əlaqələri yeni zirvədə

Prezident İlham Əliyevin Qırğızıstan səfəri tək ikitərəfli münasibətlərin inkişafı baxımından yox, həm də bütövlükdə Türk Dünyası çərçivəsində inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ikitərəfli münasibətləri genişlənməkdədir. Prezident İlham Əliyevin Qırğız Respublikasına son dövlət səfəri Bakı-Bişkek əlaqələrinin inkişafında yeni dinamika kimi dəyərləndirilir.

Səfər çərçivəsində iyulun 31-də Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub. Daha sonra Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib. Sadır Japarov 1-ci dərəcəli “Manas” ordenini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev isə “Heydər Əliyev” ordenini Qırğız Respublikasının Prezidenti Sadır Japarova təqdim edib. Dövlət səfəri çərçivəsində iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı çoxsaylı ikitərəfli sazişlər də imzalanıb. Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.

Qırğız xalqının əziz dostu

Qeyd edək ki, Çolpon-Ata şəhərində Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası da keçirilib. 

Prezident S.Japarov bildirib ki, Qırğızıstanda Prezident İlham Əliyevə - qardaş Azərbaycanın liderinə və qırğız xalqının əziz dostuna böyük hörmət bəsləyirlər: “Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bu gün ölkə böyük təəssürat doğuran nəticələr nümayiş etdirir, ardıcıl olaraq genişmiqyaslı islahatlar həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir”. 
S.Japarovun sözlərinə görə, Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığın inkişafına mane ola biləcək həll edilməmiş heç bir məsələ yoxdur: “Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir. Məhz belə bir ab-havada ikitərəfli əməkdaşlığın gələcəyini formalaşdıran mühüm prinsiplər və təşəbbüslər yaranır, qərarlar qəbul edilir. Əldə edilən bütün razılaşmaların birgə inkişafa və ortaq məqsədlərə çatmaq üzrə səmimi səylərə əsaslanması xüsusilə vacibdir. Qırğız-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əhəmiyyətli potensiala malikdir”.

Qarşılıqlı münasibətlərdə keyfiyyətcə yeni mərhələ

Prezident İlham Əliyev S.Japarova Qarabağın bərpasında köməyə görə təşəkkür edib: “Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, orada uşaqlar artıq təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır”. 

Qeyd edək ki, son illərdə Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dövlətlərin ali rəhbərlikləri arasında formalaşmış yüksək etimad, fəal siyasi dialoq, bunun məntiqi nəticəsi olaraq qarşılıqlı səfərlərin intensivliyi, həmçinin beynəlxalq təşkilatlar səviyyəsində qarşılıqlı dəstək ikitərəfli münasibətlərin strateji məzmununu daha da dərinləşdirir. Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şuranın 3-cü iclasının yekununda imzalanan Qərarda iki ölkə arasında münasibətlərin artıq müttəfiqlik səviyyəsinə yüksəlməsinin xüsusi vurğulanması Azərbaycan-Qırğızıstan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə daxil olduğunun bariz nümunəsidir. Bu, tərəflərin yalnız siyasi məsələlərdə deyil, iqtisadiyyat, enerji, nəqliyyat, investisiya, humanitar əməkdaşlıq və təhlükəsizlik kimi istiqamətlərdə də uzunmüddətli və sistemli tərəfdaşlıq qurmaq niyyətini əks etdirir.

İqtisadi-ticari münasibətlərdə müsbət dinamika

Hazırda Azərbaycanda, xüsusilə qeyri-neft sektorunda fəaliyyət göstərən Qırğızıstan investisiyalı 97 kommersiya qurumu qeydiyyatdadır, onlardan 39-nun fəaliyyəti aktivdir. İndiyədək Azərbaycandan Qırğızıstana birbaşa investisiya axınlarının həcmi 68,8 milyon dollar təşkil edir. Qırğızıstandan isə Azərbaycana birbaşa investisiya 25,2 milyon dollardır və bu, əsasən qeyri-neft-qaz sektorunun payına düşür. Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 29 milyon ABŞ dolları olub. Yarım ildə Azərbaycandan Qırğızıstana 25,5 milyon dollarlıq məhsul ixrac olunub, Qırğızıstandan ölkəmizə isə 3,4 milyon dollarlıq məhsul idxal edilib. Keçən il isə iki ölkə arasında ticarət dövriyyəsi 77,1 milyon dollardan çox olub. Qarşılıqlı investisiyaların artması həm iqtisadi əlaqələrin şaxələndirilməsinə, həm də özəl sektorun fəallığının yüksəlməsinə töhfə verir. Qırğız Respublikası ilə əməkdaşlıq bir sıra istiqamətlər, xüsusilə iqtisadi-ticarət, investisiya, nəqliyyat və energetika üzrə genişlənir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığı dəstəkləmək məqsədilə yaradılmış Azərbaycan-Qırğız İnkişaf Fondu çərçivəsində tərəfdaşlığın inkişafına önəm verilir. 

Fondun nizamnamə kapitalının 200 milyon ABŞ dollarınadək artırılması planı iki ölkənin iqtisadi əməkdaşlığının maliyyə təminatının gücləndirilməsinə xidmət edir. 

Azərbaycan və Qırğızıstanı yaxınlaşdıran əsas amillərdən biri də Avrasiyanın yeni nəqliyyat xəritəsində hər iki ölkənin artan roludur. Orta Dəhliz boyunca formalaşan yeni iqtisadi imkanlar Azərbaycan ilə Qırğızıstan arasında yükdaşımaların artırılması, tranzit potensialının genişləndirilməsi və Avrasiya məkanında qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi üçün əlverişli zəmin yaradır.

Beləliklə, dövlət başçısının Qırğızıstan səfəri tək ikitərəfli münasibətlərin inkişafı baxımından yox, həm də bütövlükdə Türk Dünyası çərçivəsində inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

F.Abasoğlu

banner

Oxşar Xəbərlər