Şuşada təqdim olunan uğur modeli
Bu gün Azərbaycan Çin, ABŞ, Rusiya, Avropa İttifaqı, Afrika ölkələri, həmçinin region dövlətləri ilə çox sıx və qarşılıqlı faydaya, iqtisadi maraqlara əsaslanan uğurlu əməkdaşlıq modeli qurub.
IV Şuşa Qlobal Media Forumu bir daha bütün dünyaya Azərbaycanın xarici siyasət kursunun nümunəvi bir model olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər rəsmi Bakının xarici siyasətdə üstünlük verdiyi prinsipləri bir daha gündəmə gətirdi.
Böyük siyasi zəka, iradə tələb edən iş
Bu düstur “qonşular və qonşularının qonşuları ilə yaxşı münasibətlər” kimi sadə görünən bir prinsipə əsaslansa da, onun uğurla reallaşdırılması çox böyük diplomatik və siyasi zəka, iradə tələb edir. Bu gün Prezident İlham Əliyev dünya siyasətində bu modeli uğurla reallaşdıran azsaylı liderlərdən biri kimi qəbul edilir. Məhz bu siyasət nəticəsində Azərbaycan hazırda beynəlxalq aləmdə təhlükəsiz və etibarlı logistik mərkəz, tranzit ölkə və tərəfdaş kimi qəbul edilir. Ölkəmiz hazırda bağlantılar sahəsində dünyanın əsas diqqət yetirdiyi strateji məkanlardan biridir.
Uğurlu əməkdaşlıq modelinin sirri
Bu uğurun sirrini isə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı belə izah edib:
“Biz kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləmişik. Biz bəlkə də 10 ildən artıqdır çalışdıq, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq. İkincisi, qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq. Avrasiyanın böyük coğrafi məkanında, Azərbaycandan Şərq və Qərb, Şimal və Cənub istiqamətlərdə geniş beynəlxalq əməkdaşlığı qurmaq, prosesi apardığımız kimi inkişaf etdirmək, məsələn, Azərbaycanın təşəbbüskar olduğu, əsas maliyyə töhfəsini verən tərəf olduğu və çoxtərəfli əməkdaşlığı təşkil edən tərəf kimi enerji layihələrimizin həyata keçirilməsi həmin meyarlar sırasındadır. Bu isə bu gün, enerji təhlükəsizliyi məsələlərinin həllində, həmçinin bir çox ölkələrə kömək edir.
Beləliklə, eyni yanaşmanı bağlantılara da tətbiq edirik. Söylədiyim kimi, fiziki infrastruktur qurulub. İndi isə biz yalnız onun genişləndirilməsi yolları üzərində çalışırıq, çünki biz gözləmirdik ki, coğrafiyamız son vaxtlar bu qədər lazımlı olacaq. Şərq və Qərbdəki qonşularla - istər Mərkəzi Asiya ölkələri, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın qonşularımızla qarşılıqlı fəaliyyət çox yaxşıdır. Əlbəttə, bütün bunları bir araya gətirmək üçün bizə dəhlizi səmərəli edə biləcək bir çox addımları atmaq vacib idi”.
Bakının səyləri nəticəsini verir
Bu gün Azərbaycan uzun illər əvvəl əsası qoyulan bu siyasətin bəhrəsini görür desək, yanılmarıq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda Orta Şərqdəki vəziyyət bu dəhlizi daha cəlbedici edir: “Əgər siz mübarizənin qaynar dövründə təkcə uçuşların xəritəsinə nəzər salsanız, görərsiniz ki, Azərbaycandan çox dar dəhliz keçir. Eyni vəziyyəti Xəzər dənizi ilə və quru ərazi ilə daşımalara da aid etmək olar. Bir sözlə, bütün həmin meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Xoşbəxtlikdən, biz yüklərin artan həcminin daşınmasını təmin etməyə hazır idik. Hazırda biz öz imkanlarımızı artırırıq. Dəniz ticarət limanımıza gəldikdə, hazırda o, 15 milyon ton imkanı ilə Xəzərdə ən iri limandır və onun həcmi 25 milyon tonu təmin etmək üçün artırılacaq. Hazırda biz Avropaya və geriyə yükləri daşımaq üçün öz gəmiqayırma zavodumuzda 10 gəmini tikirik. Mərkəzi Asiya ölkələri və Avropa Komissiyası ilə sıx münasibətlərimiz hər iki istiqamətin mərkəzində dayanır və bu, həqiqətən böyük üstünlük yaradır. Əlbəttə, Azərbaycanın hər zaman əməkdaşlığa, qonşularımızı narahat edən məsələlərin həllinə yönələn siyasəti narahatlıqlarımızı aradan qaldırmağa və mühit yaratmağa imkan verir. Burada, Şuşada, Media Forumda bəhs etdiyim mühiti bir çox beynəlxalq iştirakçılar arasında yaratmağa çalışırıq və ümid edirəm ki, yaratmağa nail olmuşuq”.
“Mən hər kəsi məsuliyyətli olmağa çağırıram”
Azərbaycanın dünyaya nümunə kimi təqdim etdiyi uğurlu xarici siyasət modelindən bəhrələnən tək Azərbaycan deyil. Bu gün Bakının Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi siyasət Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Şimaldan cənuba, şərqdən Qərbə (Çin-Mərkəzi Asiya-Azərbaycan-Avropa marşrutu) davamlı və etibarlı daşımaların həyata keçirilməsinə imkan yaradır.
Şuşa Qlobal Media Forumunda dövlət başçısına ünvanlanan sualların miqyası, Azərbaycanın ikitərəfli və çoxtərəfli əlaqələri ilə bağlı səsləndirilən fikirlər mövcud mənzərəni bir daha aydın şəkildə təsəvvür etməyə imkan yaradır. Bu gün Azərbaycan Çin, ABŞ, Rusiya, Avropa İttifaqı, Afrika ölkələri, həmçinin region dövlətləri ilə çox sıx və qarşılıqlı faydaya, iqtisadi maraqlara əsaslanan uğurlu əməkdaşlıq modeli qurub.
Beynəlxalq aləmin hazırda özünün ən çətin dövrlərdən birini yaşadığı məqamda bu modelin əsas təşəbbüskarı və memarı olan Prezident İlham Əliyevin müharibələrdən əziyyət çəkən qonşularımıza məsləhəti isə belədir: “Mənim qonşularımıza mesajım məsuliyyətli olmaq, mümkün qədər tez dayanmaq, münasibətləri normallaşdırmağa çalışmaq və bu prosesi qlobal münaqişəyə çevriləcək səviyyəyədək eskalasiya etdirməməkdir. Bu, çox böyük təhlükədir və mən hər kəsi məsuliyyətli olmağa çağırıram”.
Azad Əliyev