Enerji, sülh və strateji tərəfdaşlıq
Avropa İttifaqı üçün Azərbaycan ilk növbədə mühüm enerji təchizatçısı və etibarlı tərəfdaş statusuna malikdir. Brüssel Azərbaycanla nəqliyyat, iqtisadi dayanıqlılıq və regional sabitlik sahələrində də əməkdaşlığı dərinləşdirmək istəyir.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bir neçə illik fasilədən sonra yenidən Azərbaycana səfər etdi. Cənubi Qafqaz ziyarətinin ilk dayanacağının Bakı olması bu səfərin Brüssel üçün nə dərəcədə əhəmiyyətli olduğunun göstəricisi kimi dəyərləndirilir. Səfər çərçivəsində Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə öncə təkbətək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşüblər. Aparılan müzakirələrin detalları və gələcək əməkdaşlıq perspektivlərinin konturları isə tərəflərin mətbuata birgə bəyanatında açıqlanıb.
“Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk”
Prezident İlham Əliyev bildirib ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələdədir. Əməkdaşlığı genişləndirmək və tərəfdaşlığı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərdə görünməmiş dinamika müşahidə olunur: “Biz Avropa Komissiyası ilə münasibətləri yüksək dəyərləndiririk”.
Bu əməkdaşlığı genişləndirmək və daha böyük müstəviyə çıxartmaq üçün ciddi əsaslar da var. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmizin xarici ticarət dövriyyəsinin 40 faizindən çoxu məhz İttifaq ölkələrinin payına düşür. Qarşılıqlı olaraq Azərbaycan da Aİ üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Regionda ticarətin təxminən 70 faizi Azərbaycanla aparılır.
Etibarlı enerji təchizatçısı
Təbii ki, Aİ üçün Azərbaycan ilk növbədə mühüm enerji təchizatçısı və etibarlı tərəfdaş statusuna malikdir. Dövlət başçısının da bəyan etdiyi kimi, tərəflər arasında Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu imzalandıqdan sonra Aİ-nin üzv dövlətlərinə Azərbaycanın təbii qaz ixracı təxminən 65 faiz artıb. “Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqının üzv dövlətlərinə gedir və bütövlükdə, Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, bu coğrafiyanı genişləndirmək potensialı da mövcuddur”, - Prezident İlham Əliyev bildirib.
Bağlantılar, bərpa olunan enerji, təhlükəsizlik məsələləri
Aİ-Azərbaycan əməkdaşlığının gündəliyində bağlantılar, bərpa olunan enerji, regional təhlükəsizlik məsələləri kimi digər mühüm strateji sahələr də önəmli yer tutmaqdadır. Prezident İlham Əliyevin Ursula Fon der Lyayenlə görüşündə bu sahələr də xüsusi diqqət mərkəzində olub. Qarşı tərəfə Azərbaycanın sözügedən istiqamətdə atdığı addımlar, gələcək perspektivlər və mövcud imkanları ilə bağlı ətraflı məlumat verilib.
Azərbaycan Prezidenti Ermənistanla sülh prosesindən də danışıb. “Biz göstəririk ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Torpaqlarımız 30 il ərzində işğal altında qalmışdı. Biz suverenliyimizi, ərazi bütövlüyümüzü güc və siyasi vasitələrlə bərpa etdik. Biz Ermənistana sülh təklif etmişik. Bir sözlə, sülh artıq reallıqdır. Lakin biz onu gücləndirmək, uzunmüddətli və əbədi etmək üçün ürəkdən çalışmalıyıq. Əlbəttə, biz Avropa Komissiyasının dəstəyini çox yüksək dəyərləndiririk”, - İlham Əliyev bildirib.
Səfərin məqsədini aydın ifadə edən mesaj
Təbii ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin də Bakıda səsləndirdiyi bəyanatlar xüsusi diqqət çəkir. Məqsədin tərəfdaşlığı dərinləşdirmək olduğunu bildirən Lyayen Azərbaycanın Aİ üçün önəmli aktor olduğunu bir daha təsdiqləmiş oldu. Aİ rəhbərliyi Azərbaycan Prezidenti İlham Əliyevin regionda sülhün əldə olunması istiqamətindəki fəaliyyətinə və dövlət başçısının liderlik keyfiyyətlərinə də yüksək dəyər verir. “Siz regionda sülhün və əməkdaşlığın təşviq olunmasında şəxsi liderlik keyfiyyətlərini nümayiş etdirdiniz. Bu, sabitlik, etimad və ortaq rifah üçün yeni imkanlar yaradır. Avropa İttifaqı bu prosesi qəti şəkildə dəstəkləyir. Biz bunu davam etdirəcəyik. Biz kağız üzərində sülhü birlikdə real sülhə çevirə bilərik. Məhz buna görə biz bu gün burada birlikdə çalışırıq”, - Ursula Fon der Lyayen bildirib.
Aİ-nin Cənubi Qafqaz prioritetləri
Avropa Komissiyasının Prezidentinin təmsil etdiyi qurumun Azərbaycan və Cənubi Qafqazla bağlı açıqladığı prioritetlər də maraq doğurur. Diqqət çəkən məqam bu məlumatların ilk olaraq Bakıdan dünyaya bəyan edilməsidir. Ursula Fon der Lyayen bildirib ki, Aİ bağlantı vasitəsilə sülhü gücləndirmək istəyir: “Biz “Qlobal Qapılar” Sərmayə Proqramımız vasitəsilə Cənubi Qafqazda nəqliyyata, enerjiyə və rəqəmsal keçidlərə 200 milyon avroya qədər qrant şəklində sərmayə yatıracağıq. Bunun dövlət və özəl sərmayələr formasında 2 milyard avroya qədər vəsaitləri cəlb etmək potensialı var. Layihələrə Naxçıvandan keçən dəmir yolu bağlantısı və ya Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər. Cənubi Qafqaz Avropanı, Xəzər regionunu və Mərkəzi Asiyanı birləşdirən dünyanın ən möhtəşəm kəsişmələrindən biridir. Onun strateji əhəmiyyəti artmaqda davam edir. Azərbaycan burada əsas rol oynaya bilər. Regional əməkdaşlığı və sabitliyi irəli aparmaq üçün çox az sayda ölkənin sizin ölkəniz kimi yerləşməsi var. Azərbaycan öz strateji coğrafiyasını artan iqtisadi, siyasi və regional nüfuzu ilə düşünülmüş şəkildə birləşdirir. Məhz buna görə biz Avropa İttifaqı-Azərbaycan Bağlantı Tərəfdaşlığının başlanılmasını təklif edirik”.
Beləliklə, “Euronews” kanalının vurğuladığı kimi, Brüssel enerji, nəqliyyat, iqtisadi dayanıqlılıq və regional sabitlik sahələrində əməkdaşlığı dərinləşdirməyə çalışdığı bir vaxtda, Aİ Cənubi Qafqaz və Türkiyə ilə əlaqələri gücləndirmək üzrə daha geniş strategiyaya başlayıb. Bu strategiyada isə əsas aktor Azərbaycandır.
Azad Əliyev