Ermənistandakı seçkilərdə Azərbaycan amili
Son seçkilər Ermənistan cəmiyyətinin sülh prosesinə nə dərəcədə hazır olduğunu ortaya qoydu. Bu imtahanın nəticələri müəyyən məqamlar nəzərə alınmaqla kafi olaraq dəyərləndirilə bilər.
İyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin qalibi gözlənildiyi kimi Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələr oldu. Bu seçkilər özünün gərginliyi, tamamilə əks qütblərlə əməkdaşlıq planları quran siyasi qüvvələrin mübarizəsi, daha çox isə Moskva ilə Brüsselin qarşıdurması kimi xarakterizə edilirdi. Azərbaycan üçün seçkilər Ermənistan cəmiyyətinin sülh prosesinə tamam, yoxsa davam deməyi baxımından əhəmiyyət daşıyırdı.
Seçkidən öncə istər Qərbin, istərsə də Rusiyanın özünə yaxın hesab etdiyi siyasi qüvvələrə açıq dəstək verməsi müşahidə edilirdi. Proseslərə heç bir müdaxilə etməyərək kənardan müşahidə modelinə üstünlük verən Azərbaycan üçün yuxarıda qeyd edilən məqamlar ən azından həmin mərkəzlərin Cənubi Qafqaz və sülh gündəliyinə yanaşmasının konturlarını bir daha nəzərdən keçirtmək üçün əlavə fürsət yaratdı.
İqtidar savaşının əsas gündəliyi
Seçkilərin nəticələri sülh prosesinin davamlı olacağına dair ümidlər yaradıb. Lakin revanşist qüvvələrin siyasi fəallığı fonunda Ermənistan cəmiyyətində hələ də təhlükəli tendensiyaların qaldığı ciddi şəkildə özünü büruzə verməkdədir. Bu baxımdan, iqtidar savaşında əsas gündəliyin məhz Azərbaycan amili olması xüsusilə diqqət çəkir. Əgər seçki təbliğatı dövrünə nəzər yetirsək, ölkənin daxili problemlərindən daha çox məhz Azərbaycanla aparılan danışıqlar, sülh prosesi ilə bağlı məqamlar ətrafında daha ciddi müzakirələrin getdiyini görərik.
Nikol Paşinyanın əsas şüarı “sülh, yoxsa müharibəyə səs verəcəksiniz?” çağırışı idisə, revanşistlər artıq tarixə qovuşmuş Qarabağ kartını gündəmə gətirməyə çalışdılar. Ölkənin iqtisadi, sosial inkişafını nəzərdə tutan proqramlar əvəzinə erməni seçicilərini Azərbaycan amili ilə qorxudaraq revanşist meylləri yönləndirməyə cəhd etdilər. Bu tapşırıqların hansı mərkəzdən idarə olunduğu, arxasında hansı məkrli planların dayandığı isə heç kimə sirr deyil.
Bu yanaşma özünü seçkilərin nəticələri elan olunandan sonra beynəlxalq reaksiyalarda da büruzə verdi. Qərb bloku Nikol Paşinyanı təbrik edərək seçkilərin nəticələrini tanıdığı açıq şəkildə bəyan etdi. Rusiya isə hələlik tələsmir. Əksinə, proseslə bağlı narazılığını dilə gətirərək, seçki prosesinin nəticələrini şübhə altına almağa çalışır. Kreml rəhbərliyinin Ermənistan Baş nazirini hələ də təbrik etməməsi əslində bir çox məqamlardan xəbər verir.
De-fakto sülh dayanıqlılığı davam edəcək
Bütün bu məqamlar nəzərə alındıqda Azərbaycan üçün seçkilərin nəticələrinə dair müəyyən qənaətə gəlmək mümkündür. Nikol Paşinyanın qələbəsi ən azından de-fakto sülh dayanıqlılığının davam edəcəyindən xəbər verir. İrəvan və Bakı arasında nəzərdə tutulan təmaslar, qarşılıqlı görüşlər və səfərlər davam edəcək. Zəngəzur dəhlizi – TRIPP marşrutunun reallaşması, sərhədlərin delimatisiyası prosesinin də davamlılığı təmin olunacaq. Çünki bu məqamlar Nikol Paşinyanın seçki gündəliyinin əsasını təşkil edib. Ona səs verənlər isə bu layihələrin tezliklə həyata keçirilməsində maraqlıdırlar.
Revanşistlərin sülhü pozmaq planları
Bununla belə, parlamentdə təmsilçilik hüququ əldə edən revanşistlər və sülh prosesinə qarşı olanların müəyyən əngəllər yaratmaq cəhdləri də unudulmamalıdır. Ən azından, de-fakto sülhün tamamilə legitimlik qazanması üçün Ermənistan Konstitusiyasında ərazi iddialarının ortadan qaldırılması prosesində çətinliklərin yaranacağı istisna edilməməlidir. Seçkilərdən sonra müxalifət təmsilçilərinin bu fonda bəyanatları da mövcuddur. Onlar açıq şəkildə Azərbaycanla mövcud şərtlər daxilində sülhün imzalanmasına imkan verməyəcəklərini, Konstitusiya dəyişikliyini əngəlləyəcəklərini bildirirlər.
Biz doğru bildiyimiz yoldan dönməməliyik
Rəsmi Bakının mövqeyi isə hər zaman olduğu kimi özünün davamlılığı və dəyişməzliyi ilə seçilir. Seçkinin nəticələrindən asılı olmayaraq, ərazi iddialarına son qoyulmalı, Zəngəzur dəhlizi açılmalıdır. Çünki Azərbaycan dövləti sülhü Ermənistan hökumət ilə yox, məhz erməni xalqı və dövləti ilə imzalayacaq. Son seçkilər isə Ermənistan cəmiyyətinin sülh prosesinə nə dərəcədə hazır olduğunu ortaya qoydu. Bu imtahanın nəticələri müəyyən məqamlar nəzərə alınmaqla kafi olaraq dəyərləndirilə bilər. Lakin Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz doğru bildiyimiz yoldan dönməməliyik. Bu yol isə güclü orduya, güclü iqtisadiyyata, sabit və davamlı inkişafa, müstəqil xarici siyasətə malik olmaqdır. Azərbaycan işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin layiqli qayıdışını davam etdirməli, hərbi-siyasi üstünlüyünü qorumalı və sülh prosesində meydana çıxa biləcək təhdidləri ortadan qaldırmaq qüdrətini inkişaf etdirməlidir. Çünki bölgəmizdə yaranan sülh reallığının əsas təkanverici qüvvəsi məhz Azərbaycan olub. Bu prosesin milli maraqlarımız çərçivəsində irəlilədilməsi isə başlıca şərtdir.
Azad Əliyev