Aralıq dənizində təsir savaşı
Emmanuel Makron Afrikada itirilmiş mövqelərini yeni mənbələr hesabına kompensasiya etmək istəyir. Kipr bu strategiyada ən uyğun seçim kimi ön plana çıxır. Parisin planları Ankarada etirazla qarşılanır.
Son illər beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, Yaxın Şərqdə davam edən münaqişələr və Şərqi Aralıq dənizində geosiyasi rəqabətin güclənməsi Fransanı regionda daha fəal siyasət yürütməyə sövq edir. Paris Afrika qitəsində, xüsusilə Sahel bölgəsində təsir imkanlarının zəifləməsi fonunda yeni strateji dayaqlar axtarır. Bu baxımdan Kipr Fransanın diqqət mərkəzinə düşüb. Həftənin ən önəmli hadisələrindən biri Fransa ilə yunan Kipri arasında imzalanan hərbi əməkdaşlıq və SOFA (Status of Forces Agreement) sazişi olub. Bu, Parisin Şərqi Aralıq dənizi və Yaxın Şərq strategiyasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Qərb mediası yazır ki, imzalanan yeni saziş Fransa hərbi qüvvələrinin Kipr ərazisində fəaliyyətinə hüquqi baza yaradır. Sənəd Fransa ordusunun adada yerləşdirilməsi, təlimlər keçirməsi, hərbi infrastrukturdan istifadə etməsi və birgə əməliyyatlarda iştirakını tənzimləyir.
Yaxın Şərqə çıxış üçün mühüm platforma
Əvvəllər yunan Kipri ilə Fransa arasındakı əməkdaşlıq əsasən hərbi təlimlər və dəniz qüvvələrinin müvəqqəti səfərləri ilə məhdudlaşırdısa, indi münasibətlər daha sistemli və institusional xarakter alır.
Kipr coğrafi baxımdan Avropa, Asiya və Afrika qitələrinin kəsişməsində yerləşir. Ada Livan, Suriya, İsrail və Misirə yaxınlığı ilə Yaxın Şərqə çıxış üçün mühüm platforma hesab olunur. Son illərdə bölgədə baş verən hadisələr - Qəzza müharibəsi, İran-İsrail qarşıdurması, Suriyadakı qeyri-sabitlik və enerji resursları uğrunda rəqabət – adanın strateji əhəmiyyətini daha da artırıb. Fransanın müdafiə naziri Ketrin Votren də Kipri Fransanın Şərqi Aralıq dənizi və Yaxın Şərqdəki hərbi əməliyyatları üçün mühüm dəstək nöqtəsi kimi xarakterizə edib.
Kipr-Fransa yaxınlaşmasının arxa planı
Son illərdə Kipr Respublikası ilə Fransa arasında münasibətlər nəzərəçarpacaq dərəcədə dərinləşib. Bu yaxınlaşmanın əsas səbəbləri Şərqi Aralıq dənizində təhlükəsizlik məsələləri, enerji layihələri, Aİ çərçivəsində əməkdaşlıq və regional geosiyasi maraqlardır. Ən mühüm istiqamətlərdən biri hərbi-siyasi əməkdaşlıqdır. Tərəflər dəniz təhlükəsizliyi, axtarış-xilasetmə əməliyyatları, pilotsuz uçuş aparatları və xüsusi təyinatlı qüvvələrin hazırlığı sahələrində əməkdaşlıq edirlər. 2025-ci ilin sonunda Fransa Prezidenti Emmanuel Makron və Kipr Prezidenti Nikos Xristodulidis iki ölkə arasında Strateji Tərəfdaşlıq Sazişi imzalayaraq münasibətləri yeni mərhələyə yüksəltdilər.
Yunan Kipri ilə müdafiə əməkdaşlığı yeni mövzu deyil
Xatırladaq ki, Fransa ilə yunan Kipri arasında müdafiə əməkdaşlığı yeni deyil. Hələ 2017-ci ildə imzalanmış və 2020-ci ildə qüvvəyə minmiş müdafiə sazişi bir çox məsələləri əhatə edirdi. 2025-ci ilin sonlarında Parisdə imzalanmış Strateji Tərəfdaşlıq Sazişi və 2026–2030-cu illəri əhatə edən fəaliyyət planı Fransa-Kipr münasibətlərini sadəcə müdafiə əməkdaşlığından çıxararaq geniş təhlükəsizlik ittifaqına çevirmək istiqamətində mühüm addım olub. Bu çərçivədə Mari hərbi-dəniz bazasının genişləndirilməsi və Fransa hərbi gəmilərinin Şərqi Aralıq dənizində daimi mövcudluğu üçün şərait yaradılması nəzərdə tutulur.
Paris ada vasitəsilə Livan, Suriya, İsrail, Misir və Süveyş istiqamətində hərbi-logistika imkanlarını genişləndirmək niyyətindədir.
Türkiyə və Şimali Kipr narahatdır
Geosiyasi baxımdan bu saziş Şərqi Aralıq dənizində qüvvələr balansına təsir göstərə biləcək addım kimi qiymətləndirilir. Türkiyə və Şimali Kipr haqlı olaraq sənədi tənqid edərək bunun regional gərginliyi artıra biləcəyini bildiriblər. Fransa-Kipr yaxınlaşmasının ən çox diqqət çəkən tərəflərindən biri onun Türkiyə ilə əlaqələrə təsiridir. Ankara uzun illərdir Kipr məsələsində öz mövqeyini qoruyur və Şərqi Aralıq dənizində enerji yataqları ətrafında yaranmış mübahisələrdə aktiv iştirak edir. Şimali Kipr Türk Respublikası sazişi narahatlıqla qarşılayaraq bildirib ki, belə təşəbbüslər adadakı iki icma arasında balansı poza və həll prosesinə mənfi təsir göstərə bilər. Baş nazir Ünal Üstel sazişin təkcə türk kiprlilərin deyil, uzunmüddətli perspektivdə yunan kiprlilərin də təhlükəsizliyi üçün risk yaratdığını bəyan edib. O, Fransanın bölgədə hərbi nüfuzunu genişləndirməyə çalışdığını və bunun Şərqi Aralıq dənizindəki həssas tarazlığı poza biləcəyini vurğulayıb. Ankaranın əsas etirazlarından biri ondan ibarətdir ki, Kipr məsələsi hələ də həll olunmamış qalır və adadakı türk icmasının razılığı olmadan atılan birtərəfli addımlar yeni gərginlik mənbəyi yarada bilər. Türkiyə hesab edir ki, Cənubi Kipr bütün adanı təmsil edən yeganə tərəf kimi davranaraq hərbi sazişlər imzaladıqda, bu vəziyyət Şimali Kiprin hüquq və maraqlarını nəzərə almır. Parisin həm Yunanıstan, həm də Kiprlə müdafiə əməkdaşlığını genişləndirməsi regionda yeni bloklaşma təəssüratı yaradır. Bu isə NATO müttəfiqləri arasında əlavə fikir ayrılıqlarına səbəb ola bilər. Türkiyənin mövqeyinə görə, bölgənin təhlükəsizliyi xarici hərbi qüvvələrin sayını artırmaqla deyil, bütün tərəflərin iştirak etdiyi dialoq və əməkdaşlıq mexanizmləri ilə təmin olunmalıdır.
Fransa və Kipr rəsmiləri isə əməkdaşlığın heç bir ölkəyə qarşı yönəlmədiyini, əsas məqsədin regional təhlükəsizlik, beynəlxalq hüquq və dəniz naviqasiyasının qorunması olduğunu vurğulayırlar.
Proseslər göstərir ki, Afrika qitəsində itirilən mövqelərin kompensasiya edilməsi, Aİ-də liderlik ambisiyalarının gücləndirilməsi və Yaxın Şərqdə təsir imkanlarının genişləndirilməsi Parisin əsas məqsədləri sırasındadır.
Azər Nuriyev