• şənbə, 20 Iyun, 06:39
  • Baku Bakı 26°C

Güclü logistika mərkəzinə çevrilmək hədəfi 

20.06.26 04:53 17
Güclü logistika mərkəzinə çevrilmək hədəfi 

Prezident İlham Əliyev: “Biz Azərbaycanı daha da güclü nəqliyyat-logistika mərkəzinə çevirməyə davam etməliyik. Məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik”.

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan regional və qlobal səviyyədə güclü əlaqələr sayəsində bir çox aspektdə mühüm iştirakçıya çevrilib: “Müstəqil xarici siyasətimiz beynəlxalq ictimaiyyətin güclü dəstəyini qazanıb. Dostlarımızın sayı ilbəil artır. Beynəlxalq ictimaiyyətin verdiyi dəstək çox nümunəvi anlarda öz əksini tapır”.

“Biz təbii qazı 16 ölkəyə nəql edirik”

Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan boru kəməri ilə qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir: “Biz təbii qazı 16 ölkəyə nəql edirik. Onların sayı ilbəil artır və artmaqda davam edəcək. Neft təchizatı daha çox ölkələri əhatə edir və bu, hasilatçı, tranzit ölkələrə və istehlakçıların hamısına fayda gətirir. Beləliklə, bu, yaradılmış komanda işidir və həqiqətən, layihələrin mürəkkəb icrası, maliyyələşməsi, relyefi, qarşımızda olan müxtəlif siyasi maneələr baxımından unikaldır.

Biz əsasən infrastruktura sərmayə yatıraraq diqqətimizi təkcə ölkə daxilindəki infrastruktur üzərinə yox, ölkə daxilində olan beynəlxalq əhəmiyyətli infrastruktura cəmlədik. Digər sözlə, biz bildiyiniz kimi, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq nəqliyyat qovşağına çevirməyə, güclü nəqliyyat infrastrukturunu qurmaq üçün coğrafiyamızdan bünövrə kimi istifadə etməyə çalışdıq”. Prezident bildirib ki, Azərbaycandan keçən dəhlizlər bir çox ölkə üçün əlaqələndirilmiş və razılaşdırılmış nəqliyyat vətərini yaradır. 

İqtisadi inkişafı müsbətdir

Prezident qeyd edib ki, Azərbaycanın iqtisadi inkişafı müsbətdir və iqtisadiyyat sabitdir: “Biz dəyəri 350 milyard ABŞ dollarından çox olan birbaşa investisiyaları, onların yarısını son 20 ildə demək olar ki, xarici mənbələrdən cəlb edə bilmişik. Bizim investisiya planlarımız davam edir, çünki bu gün investorlar sabit yerlərin axtarışındadır. Əfsuslar olsun ki, vaxt ötdükcə sabit yerlərin sayı artmır. Təəssüf ki, bu, günümüzün reallığıdır. Buna görə yaxşı investisiya mühiti, investisiyaların qorunması, qanunvericilik bazası və artıq həyata keçirilmiş layihələr bizə təkcə enerji sahəsinə yox, həm də qeyri-enerji sahəsinə investisiyaları cəlb etməyə imkan verir ki, bu da, yeri gəlmişkən, bizim prioritetlərimizdən biridir”. 

“Ehtiyatlarımız xarici borcumuzu 20 dəfə üstələyir”

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın xarici valyutada ehtiyatları xarici borcumuzu 20 dəfə üstələyir: “Hesab edirəm ki, bu göstəriciyə görə Azərbaycan çox sabit maliyyə vəziyyəti, tarazlaşdırılmış büdcəsi olan aparıcı ölkələrdən biridir və bu hal reytinqimizi investisiya reytinqinə qaldıran “Moody's” və “Fitch” kimi aparıcı reytinq agentlikləri tərəfindən dəyərləndirilir. Onların verdiyi proqnoz müsbət və sabitdir. Beləliklə, iqtisadi inkişafımızla bağlı hər hansı bir çətinlik görmürük və irimiqyaslı sosial proqramlarımız da buna uyğundur. Ötən bir neçə ildə əhalimizin demək olar ki, 30 faizindən çoxunu əhatə edən bir neçə sosial dəstək layihəsini icra etmişik”. 

17 milyard dollarlıq investisiya

Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə görülən işlərə də toxunub. Bildirib ki, bu gün artıq Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 min insan yaşayır, çalışır və təhsil alır: “Müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard ABŞ dollarından artıq vəsait ayrılıb. Bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır.
Hazırda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bunlara su anbarları, su kanalları, elektrik stansiyaları, artıq istifadəyə verilmiş beynəlxalq hava limanları, tunellər və körpülər daxildir. Azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində bizim səylərimizi dəstəklədiyinə görə İslam İnkişaf Bankı Qrupuna minnətdarıq”. 

Gələcək prioritetlər

İlham Əliyev Azərbaycanın gələcək prioritetlərindən də danışıb: “Biz Azərbaycanı daha da güclü nəqliyyat-logistika mərkəzinə çevirməyə davam etməliyik. Məqsədimiz Azərbaycan ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmaqdır. Hazırda bu göstərici təxminən 14–15 milyon ton təşkil edir və biz bu rəqəmi ikiqat artırmağı hədəfləyirik. 
Ərzaq təhlükəsizliyi ilə bağlı planlarımız da tam aydındır. Kənd təsərrüfatının inkişafına dair bu yaxınlarda qəbul edilmiş dövlət proqramı çərçivəsində əsas istehlak məhsulları üzrə maksimum özünütəminetmə səviyyəsinə nail olmağı planlaşdırırıq”.

Növbəti prioritet olaraq bərpaolunan enerji qeyd olunub. Artıq beynəlxalq və yerli şirkətlərlə imzalanmış müqavilələr 2032-ci ilədək ölkəmizə 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal gücü qazandıracaq: “Bu, minimum göstəricidir. Söhbət niyyət protokollarından deyil, artıq imzalanmış konkret müqavilələrdən gedir və bu rəqəm gələcəkdə daha da artacaq. Hazırda biz ötürücü xətlərin yaradılması və enerji ixracı istiqamətində çalışırıq, çünki qeyd etdiyim kimi, bu qədər enerjiyə ehtiyacımız olmayacaq. Buna görə də enerjiyə ehtiyacı olan bazarlara, ilk növbədə, Avropaya enerji ötürülməsini təmin edəcək infrastruktur üzərində işləyirik”.

Çıxışlardan sonra tədbirdə “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi üzrə Çərçivə (Kredit) sazişi, “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi üzrə Qrant Sazişi və “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikası üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanmasına dair Anlaşma Memorandumu” imzalanıb.

banner

Oxşar Xəbərlər