• şənbə, 20 Iyun, 03:32
  • Baku Bakı 28°C

Tikintisi davam edir, risklər də qalır 

20.06.26 02:16 15
Tikintisi davam edir, risklər də qalır 

Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri regionun gələcəyi üçün böyük perspektivlər vəd edir. Amma layihənin reallaşmasını çətinləşdirən amillər həllini tapmır. 

Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistanın adlarının baş hərflərindən formalaşan TAPI layihəsinin aktuallığı artır. Mərkəzi və Cənubi Asiya arasında enerji əməkdaşlığını genişləndirməyi hədəfləyən bu layihənin əsas məqsədi Türkmənistanın zəngin qaz ehtiyatlarını Əfqanıstan üzərindən Pakistan və Hindistan bazarlarına çatdırmaqdır. Təxminən 1800 kilometr uzunluğunda nəzərdə tutulan qaz kəmərinin illik ötürmə gücünün 33 milyard kubmetr olması planlaşdırılır. Layihənin mənbəyi isə dünyanın ən böyük qaz yataqlarından olan “Kalkınış”dır. 

Layihənin İqtisadi və geosiyasi əhəmiyyəti

TAPI layihəsi iqtisadi baxımdan iştirakçı ölkələr üçün mühüm üstünlüklər vəd edir. Türkmənistan üçün bu layihə qaz ixracı marşrutlarının şaxələndirilməsi və yeni bazarlara çıxış deməkdir. Pakistan və Hindistan sürətlə artan enerji tələbatını qarşılamaq üçün əlavə və sabit qaz mənbəyi əldə edə bilərlər. Əfqanıstan isə tranzit ölkə kimi hər il milyonlarla dollar gəlir əldə etməklə yanaşı, yeni iş yerlərinin açılmasından və infrastrukturun inkişafından faydalanacaq.

Layihənin geosiyasi əhəmiyyəti də böyükdür. TAPI region ölkələri arasında qarşılıqlı iqtisadi asılılığı artıraraq əməkdaşlığın dərinləşməsinə töhfə verə bilər. Eyni zamanda, layihə Mərkəzi Asiyanın enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut kimi çıxış edir.

Həllini gözləyən problemlər

Bununla yanaşı, TAPI-nin həyata keçirilməsi çətinliklərlə müşayiət olunur. Ən ciddi problemlərdən biri təhlükəsizlik məsələsidir. Qaz kəmərinin Əfqanıstan ərazisindən keçməsi layihənin təhlükəsizliyi ilə bağlı riskləri artırır. Bundan əlavə, maliyyələşdirmə, regional siyasi münasibətlər və enerji bazarlarında dəyişən şərtlər layihənin icrasına təsir göstərən amillər sırasındadır.

Son illərdə layihənin reallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, TAPI hələ də tam şəkildə istismara verilməyib. 

Layihənin gələcəyi region ölkələrinin siyasi iradəsindən, təhlükəsizlik mühitindən və beynəlxalq investisiya dəstəyindən asılı olacaq. Lakin hazırda türkmən qazının yolunda hələ çox problem var – Kabil hələ də beynəlxalq təcrid altındadır və magistralın müdafiəsini təmin edə biləcəyi məlum deyil. Əfqanıstan, Pakistan və Hindistan arasındakı münasibətlər də tərəfdaşlıqdan uzaqdır. Buna baxmayaraq, TAPI layihəsi açar əhəmiyyətli 153 kilometrlik Sərhadabat (keçmiş Kuşka) – Herat hissəsində intensiv tikinti mərhələsinə keçib. Türkmənistanın “Nebit-qaz” nəşrinin məlumatına görə, Əfqanıstan ərazisində iş qaynayır: Türkmənistandan olan 700-dən çox mütəxəssis, buldozer və ekskavatordan ibarət 250 ağır texnika sutka boyu işləyir. 

Taliblər üçün özlərini təsdiq şansı

TAPI Əfqanıstanı idarə edən taliblər üçün əlverişlidir: layihə onların idarəetmə qabiliyyətini, təhlükəsizliyi təmin etmək bacarığını sınamış olacaq. Tam beynəlxalq tanınmanın olmadığı şəraitdə infrastruktur layihələri Kabil üçün diplomatik legitimliyin simvoluna çevrilə bilər. Əgər kəmər çəkilir, yollar salınır, xarici tərəfdaşlar gəlib müqavilələri müzakirə edirsə, deməli, Əfqanıstanın indiki hakimiyyəti ilə iş görmək olar. Lakin risklər də var. Kəmər Əfqanıstan ərazisində taliblərin mütləq nəzarətə malik olmadığı ərazilərdən də keçməlidir. 

İkinci risk – Pakistandır. Pakistan hissəsi olmadan TAPI mənasını itirir. Qaz kəməri Türkmənistan-Əfqanıstan borusu kimi deyil, Cənubi Asiya bazarlarına uzanan marşrut kimi nəzərdə tutulub. Amma heç kimə sirr deyil ki, Kabil və İslamabadın münasibətləri yenidən gərginləşir. 

Üçüncü risk – Hindistandır. TAPI əvvəlcədən dördtərəfli sxem kimi qurulmuşdu, lakin Nyu-Delhi və İslamabadın mürəkkəb münasibətləri Pakistan vasitəsilə hər hansı böyük tranzit layihəsini siyasi iqlimə asılı edir. 
Xatırladaq ki, 2025-ci il aprelin 22-də Kuala-Lumpurda keçirilən TAPI-yə investisiyaların cəlb edilməsi forumundan bir gün əvvəl Hindistanın Cammu və Kəşmir regionundakı Pahalqam şəhəri rayonunda, faktiki olaraq TAPI-nin keçəcəyi ərazilərdə terror aktı törədildi. Bu da TAPI üzrə qazın hipotetik alıcıları olan Hindistan və Pakistan arasında tam miqyaslı hərbi toqquşmaya çevrildi. 

ABŞ-nin geosiyasi planlarının və ambisiyalarının girovu

TAPI-nin tikintisinə və işinə ABŞ-nin "Taliban"a qarşı sanksiyaları da mane ola bilər ki, bu da faktiki olaraq boru kəmərinin işləməsini Vaşinqtonun geosiyasi planlarının və ambisiyalarının girovuna çevirir. Türkmənistan ABŞ hakimiyyətinə TAPI-nin tikintisinin və fəaliyyətinin sanksiyalar siyahısından çıxarılması barədə müraciət edib, lakin Vaşinqtonun cavabı haqqında hələlik heç nə məlum deyil. 

Göründüyü kimi, TAPI yalnız regional enerji əməkdaşlığı təşəbbüsü deyil, həm də Əfqanıstanın gələcək iqtisadi inkişafı və siyasi sabitliyi üçün mühüm strateji platformadır. 

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər