• şənbə, 13 Iyun, 07:21
  • Baku Bakı 22°C

Xilas yolunun başlanğıcı

13.06.26 05:26 19
Xilas yolunun başlanğıcı

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdi. Onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonrakı 10 il ərzində Azərbaycanda dərin təməllərə söykənən hərtərəfli islahatlar həyata keçirildi.

15 iyun tarixi Azərbaycan xalqının xaos və anarxiyadan, dövlətin və dövlətçiliyin məhv olmasından, şəhidlərimizin qanı bahasına bərpa olunan müstəqilliyin itirilməsi təhlükəsindən qurtuluş günüdür. Ötən əsrin 80-ci illərinin sonlarına doğru Azərbaycanda geniş vüsət alan Milli Azadlıq Hərəkatı 1990-cı ilin Qanlı yanvar hadisələrindən sonra özünün məntiqi sonluğuna çatdı. “Azadlıq” şüarı altında birləşən xalq SSRİ adlı nəhəng imperiyanın əsarətindən qurtuldu. Düz 70 il davam edən totalitar rejim 1991-ci ildən başlayaraq müstəqil idarəetmə ilə əvəz olundu. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması tarixi varisliyi təmin etdi. Müasir Azərbaycan Respublikasının 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu bütün dünyaya bəyan oldu.

Böhran daha da dərinləşirdi

Lakin yenicə müstəqilliyinə qovuşmuş Azərbaycan 1918-1920-ci illərdə mövcud olan AXC-nin aqibətini yaşamaq - cəmi iki ildən sonra işğal olunmaq, dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdi. Dövlət idarəetməsində naşılıq, siyasi qüvvələrin hakimiyyət uğrunda mübarizəsi ölkədə hər il yeni prezidentin vəzifəyə gətirilməsinə, əksəriyyəti təsadüfi adamlardan ibarət məmur kontingentinin formalaşmasına səbəb oldu. Azərbaycan daxilində bu cür iqtisadi-siyasi böhranın mövcudluğu fonunda isə Ermənistan silahlı birləşmələri ərazilərimizi işğal etməyə başladı. 

Çox təəssüf ki, o dövrdə xaricdən hərbi müdaxilə, rayonların bir-birinin ardınca erməni işğalına məruz qalması Azərbaycandakı siyasi qüvvələri vahid ideya ətrafında birləşdirə bilmədi. Əksinə, 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi başıpozuq silahlı dəstələrin qanunsuz əməlləri böhranı daha da dərinləşdirdi. Ölkə daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yarandı, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meylləri baş qaldırdı.

Qiyamçılar paytaxta irəliləyirdi

Qardaş qırğınına səbəb olan hadisələr 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ilə başladı. Vəziyyəti nəzarətə almaq üçün mövcud hakimiyyətin atdığı tələsik addımlar isə durumu daha da gərginləşdirdi. Gəncəyə yola düşən dövlət nümayəndələri Sürət Hüseynovun adamları tərəfindən girov götürüldü, dövlət maraqlarını müdafiə edən hərbçilərə atəş açıldı. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir Pənah Hüseynovun və Milli Məclisin sədri İsa Qəmbərin, sonra isə Prezident Əbülfəz Elçibəyin istefasını tələb etdi. Qiyamçı polkovnik bu tələblərlə kifayətlənmirdi. O, ətraf rayonların icra hakimiyyətlərinə öz adamlarını yeni başçı olaraq təyin edir, onlar vasitəsilə regionu nəzarətdə saxlayırdı. Hakimiyyətin özünə qarşı gücsüzlüyünü hiss edən S.Hüseynov tabeliyindəki hərbi hissənin Bakıya doğru irəliləməsinə əmr vermişdi. 

Azərbaycan xalqı öz xilaskarına üz tutdu

Əminliklə qeyd edə bilərik ki, o zaman Azərbaycanın dövlət kimi varlığına birdəfəlik son qoyulması planı tam gücü ilə işə salınmışdı. Xarici təhlükənin qarşısını almaq əvəzinə, daxili çəkişmələrə daha çox maraq göstərən sapı özümüzdən olan baltalar bilərəkdən və ya bilməyərəkdən bu planın əsas icraçılarına çevrilmişdilər. Məhz belə bir vaxtda Azərbaycan xalqı müdrik qərar qəbul edərək öz xilaskarına üz tutdu. Xalqın təkidli tələbi qarşısında aciz qalan siyasi rəhbərlik Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməkdən başqa çıxış yolu görmədi. Ümummilli Lider Heydər Əliyev iyunun 9-da Bakıya qayıdandan 4 gün sonra Gəncəyə səfər edərək hadisələri yerindəcə araşdırdı. Öz həyatını riskə atan Ulu Öndər Heydər Əliyev Gəncədə qiyamçı polkovniklə danışıqlar aparıb vəziyyəti nəzarət altına ala bildi. İyunun 15-də isə Ali Sovetin sədri seçildi.

Ulu Öndərin çağırışı

Həmin dövrdə dövləti məhv olmaqdan xilas edən Ümummilli Lider Heydər Əliyev parlamentdəki tarixi çıxışında Azərbaycanın gələcəyi naminə hamını birliyə, bərabərliyə səsləyirdi: “Mən burada Milli Məclisin iclasında, bu tribunadan üzümü bütün Azərbaycan vətəndaşlarına tuturam, bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza tuturam və müraciət edirəm və bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir. Ona görə bütün daxili iğtişaşlar, daxili didişmələr kənara qoyulmalıdır”. 

Xalqın öz xilaskarına hörmət və ehtiramı

Xalqımızın tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özünün əsas vəzifələrindən biri hesab edən Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdi. Onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonrakı 10 il ərzində Azərbaycanda dərin təməllərə söykənən hərtərəfli islahatlar həyata keçirildi. Təsadüfi deyil ki, Cənubi Qafqazın lider dövləti kimi dünyaya səs salan müasir və müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəri sayılır. Əldə etdiyimiz bütün uğurların təməlində məhz onun böyük uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi kurs dayanır. Bu siyasi kurs 2003-cü ildən başlayaraq Prezident İlham Əliyev tərəfindən də layiqincə davam etdirilir. Ərazi bütövlüyü, suverenliyi təmin olunan, güclü və qüdrətli Azərbaycan beynəlxalq birliyin hörmət etdiyi inkişaf etmiş dövlətdir. Bu dövlətin təqvimindəki 15 iyun tarixi isə Qurtuluş Günü kimi qeyd olunmaqla xalqın öz keçmişinə, xilaskarına minnətdarlıq borcu, hörmət və ehtiramıdır.

Ərturan İSMAYIL

banner

Oxşar Xəbərlər