• cümə, 26 Iyun, 02:19
  • Baku Bakı 25°C

İslam dünyasının parlamentariləri Bakıda 

26.06.26 00:15 21
İslam dünyasının parlamentariləri Bakıda 

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib. 

İyunun 24-25-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyası keçirilib. Açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqının sədrliyi İndoneziyadan Azərbaycana keçib.

Müsəlman ölkələri ilə münasibətlər prioritetdir

Milli Məclisin sədri, İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının sədri Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, müsəlman ölkələri ilə həm ikitərəfli əsasda, həm də ortaq təşkilatlarımız çərçivəsində münasibətlərin inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona üzv dövlətlər ərazilərimizin işğalı dövründə, eləcə də münaqişədən sonra hər zaman Azərbaycanla həmrəy olduqlarını ifadə ediblər. O bildirib ki, son 30 ildə İƏT və İƏT Parlament İttifaqı tərəfindən Ermənistanın təcavüzünü pisləyən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qərarlar və qətnamələr qəbul edilib.

“Beynəlxalq ədalət sistemində uçurum dərinləşir”

İttifaqın baş katibi Muhammed Xurayçi Niyass İslam dünyasında dayanıqlı və inklüziv inkişafın təşviqi məqsədilə keçirilən konfransa göstərdiyi yüksək himayəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Baş katib vurğulayıb ki, bu, Prezident İlham Əliyevin İslam əməkdaşlığına verdiyi dəyərin bariz nümunəsidir. Eyni zamanda, Bakının bu cür genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi üçün etibarlı və fəal rolunu bir daha nümayiş etdirir. O qeyd edib ki, bu tədbir son dərəcə mürəkkəb bir dövrdə baş tutub. Beynəlxalq ədalət sistemində uçurum dərinləşir, İslam aləmi isə ciddi çağırışlarla üz-üzədir. Dağıdıcı müharibələr xalqları tükəndirir, qlobal ərzaq təhlükəsizliyinə və enerji təminatına birbaşa təsir göstərir. Bu səbəbdən münaqişə və müharibələrin bütün formalarının rədd edilməsi zəruridir. Fikir ayrılıqlarının həllində dialoqdan ən optimal vasitə kimi istifadə olunması vacibdir.

Bakı Bəyannaməsi qəbul edildi

İyunun 25-də Milli Məclis sədrinin müavini Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasın bağlanış mərasimində İƏT Parlament İttifaqı komitələrinin hesabatları, Bakı Bəyannaməsi müzakirə edilib. Müzakirələrin yekununda 28 maddədən ibarət Bakı Bəyannaməsi və digər sənədlər qəbul edilib.

Bəyannamədə bildirilir ki, tədbir iştirakçıları Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqliyi bir daha təsdiq ediblər.

Qeyd olunub ki, İƏT Parlament İttifaqının parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə, ortaq dəyərlərin təşviqinə, dialoqun, qarşılıqlı anlaşmanın və qlobal çağırışların həllində birgə fəaliyyətin inkişafına töhfə verməyə davam edəcək.
Bəyannamədə Fələstin məsələsinin bütün İslam ümməti üçün mərkəzi əhəmiyyət daşıdığı və Fələstin xalqının hüquqlarına dəstək qeyd olunub. Sənəddə həmçinin artmaqda olan islamofobiya ilə bağlı dərin narahatlıq ifadə edilib, din və ya etiqad zəminində törədilən bütün zorakılıq aktları, nifrət nitqini və dini ayrı-seçkilikdən qaynaqlanan ekstremizm qətiyyətlə pislənilib.

Sessiya iştirakçıları beynəlxalq ictimaiyyəti milli və qlobal səviyyədə ekstremizm, nifrət nitqi, dinlərin təhqiri, mənfi stereotipləşdirmə və insanların dininə, etiqadına və ya etnik mənsubiyyətinə görə damğalanması ilə mübarizə aparmaq üçün təsirli tədbirlər görməyə çağırıblar.

Bəyannamədə Kipr türk müsəlmanlarının öz ayrılmaz hüquqlarını təmin etmək istiqamətində səylərinə dəstək bildirilib. Kipr probleminin danışıqlar yolu ilə, qarşılıqlı məqbul, ədalətli, davamlı və uzunmüddətli həllinin tapılmasının vacibliyi vurğulanıb. Həmçinin onlara tətbiq edilən ədalətsiz təcridin aradan qaldırılması məqsədilə Kipr türk müsəlmanları ilə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edilib.

Xatırladaq ki, tədbirdə 400-dən artıq nümayəndə iştirak edib.

 

banner

Oxşar Xəbərlər