• şənbə, 18 Iyul, 04:14
  • Baku Bakı 27°C

Pekin 2027-ci ilə hazırlaşır

18.07.26 02:52 23
Pekin 2027-ci ilə hazırlaşır

Çində maraqlı proseslər gözlənilir. 2027-ci ildə keçiriləcək növbəti XXI partiya qurultayında ölkənin hazırkı başçısı dördüncü müddətə yenidən seçiləcək. Lakin başqa variantlar da istisna edilmir. 

Si Cinpinin Çin Kommunist Partiyasının baş katibi postunda üçüncü beşillik səlahiyyət müddətinin son ilidir. Hazırda hər şey elə görünür ki, 2027-ci ildə keçiriləcək növbəti XXI partiya qurultayında ölkənin hazırkı başçısı dördüncü müddətə yenidən seçiləcək. Lakin başqa variantlar da istisna edilmir. Qərb mətbuatında mümkün varis kimi daha çox Tsay Tsi barədə yazırlar. Hazırda bu şəxs Si Cinpinə ən yaxın olan şəxsdir. Amma onun varis kimi hazırlandığına dair heç bir açıq əlamət yoxdur. 

15 il ərzində sabitlik şəraitində yaşayırlar

Si Cinpinin hakimiyyətə gəlməsindən ötən 15 il ərzində Çin sarsıntısız yaşayır. Ölkənin iqtisadiyyatı əvvəlki kimi sürətlə olmasa da, böyüyür. Gənclər arasında işsizlik səviyyəsi yüksəkdir, lakin heç kim küçələrə çıxmır, iğtişaş yaratmır. Xarici cəbhədə də sakitlikdir. Çin gəmiləri və təyyarələri Tayvan yaxınlığında hərbi manevrlər keçirir, lakin toqquşmalar yoxdur. Üstəlik, Pekin Vaşinqtonu Tayvana növbəti silah partiyasının satışını təxirə salmaq üçün yola gətirə bilib. 

Si dilemma qarşısındadır

"The New York Times"ın yazdığına görə, hazırda Si dilemma qarşısındadır – hakim elitanı təzə qanla necə yeniləsin ki, bu, öz statusuna xələl gətirməsin. Qəzet Tsay Tsi barədə yazır ki, bu şəxs Çinin ali məmurlarının standartlarına görə o qədər də yaşlı deyil. Onun 70 yaşı var və bunun son iki onilliyi ərzində o, Si Cinpinin yaxın silahdaşı olub. Hazırda Tsay Tsi Siyasi Büronun Daimi Komitəsinin üzvü, Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibidir. Bundan əlavə, o, Mərkəzi Partiya Məktəbinə də rəhbərlik edir. Bu isə o deməkdir ki, yüksək səviyyəli partiya kadrlarının hazırlanması da onun əlindədir. Potensial olaraq, bu, ona böyük aparat imkanları açır.

Hər şeyi partiya həll edir

Çin sədri artıq üç müddətdir hakimiyyətdədir və indi söhbət səlahiyyətlərin dördüncü dəfə uzadılmasından gedir. Formal olaraq, məsələni 2027-ci ilin payızına planlaşdırılan Kommunist Partiyasının növbəti qurultayı həll etməlidir. Lakin reallıqda qərar Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin aparatı tərəfindən hazırlanacaq və Mərkəzi Komitənin Siyasi Bürosunun müzakirəsinə təqdim ediləcək.

2018-ci ildə Çin Konstitusiyasına dəyişiklik edilib. Çin sədri üçün əvvəllər mövcud olan iki beşillik müddət məhdudiyyəti ləğv edilib. Bu, Si Cinpinin 10 ildən çox dövlət başçısı qalması üçün formal maneəni aradan qaldırdı. Lakin əsas post Çin sədri deyil, Çin Kommunist Partiyasının baş katibi və Mərkəzi Hərbi Şuranın sədridir - ordunun və partiyanın rəhbəri. Liderin öz postunda qalacağını və ya ona əvəzləyici lazım olub-olmadığını qanunvericilər və ya ali dövlət məmurları həll etmir. Hər şeyi partiya həll edir. Əlbəttə, onun sıravi üzvləri deyil, partiya aparatının ali orqanlarında işləyən, Mərkəzi Komitənin və Siyasi Büronun tərkibinə daxil olan məsul şəxslər.

“Bu, partiya rəhbərliyində böhranlara səbəb olurdu”

Ekspert Vasili Kaşin məsələyə fərqli yanaşır: "Gəlin, Çinin tarixindən başlayaq. Mao Tszedun 1976-cı ildəki vəfatına qədər partiya və dövlət üzərində nəzarəti saxlamışdı. Bir müddət nəzarəti Maonun təyin etdiyi xələf Xua Qofen saxladı. Lakin o, hakimiyyəti tezliklə itirdi və ömrünün qalan hissəsini ikinci dərəcəli, mərasim xarakterli vəzifələrdə keçirdi. Düzdür, o, Mərkəzi Komitənin üzvü olaraq qaldı, lakin real hakimiyyət Den Syaopinə keçdi. Den partiya və dövlət postlarında əsas fiqurların yerini dəyişə bilirdi. Bu, partiya rəhbərliyində böhranlara səbəb olurdu. Bunun nəticəsi 1989-cu ildə Pekində Tyananmen meydanındakı kütləvi etirazlar oldu".

“Biz hazırlanmış hər hansı bir xələf fiquru görmürük"

Bundan sonra rəhbərlərin beş ildən ibarət iki müddətə postda qala biləcəyi və daha sonra yeni nəslə yol verəcəyi bir sistem bərqərar oldu. Ehtimal olunurdu ki, baş katib və hökumət başçısı onların idarəçiliyinin ilk beşilliyindən sonra dəyişdiriləcək. Bu sistem 20 il, iki rəhbərin – Tszyan Tszemin və Xu Szintao dövründə mövcud oldu. Xu Szintaodan sonra hər şeyi dəyişdirən Si Cinpin gəldi. Doğrudur, Tszyan Tszemin hakimiyyətlə dərhal vidalaşmadı. Hətta baş katib olmağı dayandırdıqdan sonra da öz adamlarını mühüm vəzifələrə irəli çəkirdi. Lakin nəticədə sistem sıradan çıxmağa başladı.

"Bizdə Si Cinpinin hakimiyyətin növbəti nəslə ötürülməsini necə gördüyü barədə səhih məlumat yoxdur. Yəqin ki, çox şey Çinin bu və ya digər şəkildə iştirak etdiyi regionlardakı böyük siyasi hadisələrdən və hazırkı Çin sədrinin səhhətindən asılı olacaq. Xarici şərhçilər düzgün müşahidə ediblər ki, indi onun əhatəsində məmur və siyasi xadim Tsay Tsi böyük rol oynamağa başlayıb. O, hazırda Sinin sağ əlidir. Həqiqətən də ən həssas, məsuliyyətli tapşırıqlar onun üzərinə qoyulur. Eyni zamanda, Tsay Tsi formal olaraq Si Cinpindən sonra ikinci şəxs deyil. Siyasi Büronun Daimi Komitəsində onun mövqeyi 5 nömrəlidir. Yekun olaraq əminliklə deyə bilərik ki, Si Cinpinin səlahiyyətlərinin yeni müddətə uzadılması baş tutacaq, çünki biz hazırlanmış hər hansı bir xələf fiquru görmürük", – Kaşin qeyd edib.

Göründüyü kimi, Çində maraqlı proseslər gözlənilir. Lakin hakimiyyətə kimin gələcəyindən asılı olmayaraq kurs dəyişməyəcək. Ölkə fövqəldövlət statusunu gücləndirməkdə davam edəcək. 

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər