Diplomatik hüdudları aşan əməkdaşlıq
Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana budəfəki səfəri də özünün əhatə dairəsi, müzakirə edilən gündəliyin zənginliyi baxımından xüsusilə seçildi. Bu səfər həm Bakı-Bratislava münasibətlərinin gələcək inkişafı, həm də Azərbaycanın beynəlxalq miqyasda artan rolunun göstəricisi olaraq mühüm əhəmiyyətə malikdir.
Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana səfəri tək Bakı ilə Bratislava arasında ikitərəfli münasibətlər baxımından yox, həm də Avropa İttifaqı ilə əməkdaşlıq kontekstində təhlil edilir. Bu səfəri əhəmiyyətli və dəyərli edən digər bir məqam Pelleqrininin Prezident İlham Əliyev tərəfindən öncə yeni diplomatik mərkəz statusu adını daşıyan Şuşada rəsmi olaraq qarşılanması, ikitərəfli müzakirlərin də məhz burada aparılması idi. Qeyd edək ki, xarici dövlət başçılarının Şuşada qəbulu artıq bir ənənə halını almaqdadır.
Xatırladaq ki, Slovakiya Prezidenti səfər çərçivəsində Prezident İlham Əliyevlə bir araya gəlib, tərəflər ikitərəfli əməkdaşlığın mövcud durumu və gələcək perspektivlərini müzakirə ediblər. Daha sonra dövlət başçıları Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar.
Qarabağda Slovakiya təcrübəsi
Baş Qərvənd kəndi Bərdə-Ağdam avtomobil yolunun və Bərdə-Ağdam dəmir yolu xəttinin sağ tərəfində, Ağdam şəhərinin mərkəzindən 18 kilometr məsafədə yerləşir. Uzun illər erməni işğalı altında qalan kənd 2020-ci il noyabrın 20-də azad edilib. Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri iştirak edirlər. Kənddə inşa olunacaq məktəb isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur. Ümumi ərazisi 480 hektara yaxın olan kəndin tikintisi 2 mərhələdə aparılacaq. Birinci mərhələ 200 hektardan çox sahəni əhatə edir.
“Siyasi təmaslarımız müntəzəm xarakter alır”
İki ölkə arasındakı münasibətlərin mövcud durumuna gəldikdə isə, bu sahədə atılan addımlar və planlaşdırılan layihələr barədə Prezidentlər mətbuata birgə bəyanatları zamanı danışıblar.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla gedir: “Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır”. Dövlət başçısı qeyd edib ki, bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir: “2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir. Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir”.
Əla münasibətləri əyani əməkdaşlığa çevirən dostlar
Slovakiya Prezidenti Peter Pelleqrini isə vurğulayıb ki, iki ölkə arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil: “Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz, həqiqətən, dost ölkələrik. Biz bir-birimizə xeyli kömək edən və əla münasibətlərimizi konkret layihələrə, əyani əməkdaşlığa çevirən dostlarıq”. Onun sözlərinə görə, Slovakiya praqmatik münasibətlər qurur, dünyanın istənilən yerində özünə tərəfdaş və dost axtarır: “Çox məmnunam ki, Azərbaycan onların sırasındadır. Azərbaycan mühüm regional iştirakçıdır. O, sabitliyin və inkişafın qarantıdır, Şərqlə Qərbi birləşdirən logistika və nəqliyyat marşrutlarının əsas qovşağı rolunu oynayır. Azərbaycan bu baxımdan mühüm əhəmiyyətə malikdir. Cənab Prezident, mən, həmçinin enerji böhranı zamanı Azərbaycanın operativ cavabına görə Sizə və Azərbaycana təşəkkürümü bildirmək istərdim”.
İkitərəfli əlaqələrdə dönüş nöqtəsi
Xatırladaq ki, Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü il noyabrın 23-də qurulub. İkitərəfli münasibətlərinin inkişafında mühüm dönüş nöqtəsi 2024-cü il mayın 6-da Slovakiyanın Baş naziri Robert Fitsonun Azərbaycana rəsmi səfəri zamanı Prezident İlham Əliyev ilə Azərbaycanla Slovakiya arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin imzalanmasıdır. Məhz bu sənədin imzalanmasından sonra Bakı-Bratislava münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
İqtisadi əməkdaşlıq imkanları
Təbii ki, ikitərəfli əlaqələrin dərinləşməsində qarşılıqlı iqtisadi münasibətlər mühüm əhəmiyyətə malikdir. Bu günədək iki ölkə arasında müxtəlif sahələri əhatə edən 19 sənəd imzalanıb. Xüsusilə 2021-ci ildə imzalanan iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş və onun əsasında yaradılan Birgə İşçi Qrupu sənaye, kənd təsərrüfatı, logistika, innovasiya və investisiya istiqamətlərində yeni layihələrin həyata keçirilməsi üçün institusional mexanizm formalaşdırıb. Enerji sahəsində əməkdaşlıq isə strateji əhəmiyyət daşıyır. 2024-cü il dekabrın 1-dən ilk dəfə Azərbaycan qazının Slovakiyaya ixracına başlanılıb.
Müdafiə sahəsində əməkdaşlıq genişlənir
Slovakiya həm də Azərbaycanın müdafiə qabiliyyətinin artırılmasında mühüm rol alan ölkələr sırasındadır. Bu sahədə əməkdaşlığın hüquqi bazası 2024-cü ilin mayında “Hərbi-texniki əməkdaşlıq haqqında Memorandum” və “Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in imzalanması ilə yaradılıb. 2025-ci ildə isə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiyanın Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. Bundan əlavə, “World Defense Show” beynəlxalq müdafiə sərgisi çərçivəsində əldə olunmuş razılaşmaya əsasən, Slovakiyanın “ZŤS Špeciál” şirkəti tərəfindən istehsal olunan SAM-120 avtomatik minaatan sistemlərinin Azərbaycana tədarükü nəzərdə tutulur.
Beləliklə, Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana budəfəki səfəri də özünün əhatə dairəsi, müzakirə edilən gündəliyin zənginliyi baxımından xüsusilə seçildi. Bu səfər həm Bakı-Bratislava münasibətlərinin gələcək inkişafı, həm də Azərbaycanın beynəlxalq miqyasda artan rolunun göstəricisi olaraq mühüm əhəmiyyətə malikdir.
Azad Əliyev