• şənbə, 18 Iyul, 04:14
  • Baku Bakı 27°C

Şuşa Qlobal Media Forumu dünya mətbuatında

18.07.26 02:48 18
Şuşa Qlobal Media Forumu dünya mətbuatında

"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumu beynəlxalq medianın böyük marağına səbəb olub. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər dünyanın aparıcı media orqanları tərəfindən geniş şəkildə işıqlandırılıb.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa növbəti dəfə dünya mediasının diqqət mərkəzinə düşdü. Azərbaycan Prezidenti İlham Əliyevin forumda istər regional, istərsə də qlobal problemlərlə bağlı səsləndirdiyi fikirlər dünyanın aparıcı media orqanları tərəfindən geniş şəkildə işıqlandırıldı. Qeyd edək ki, iki gün davam edən Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsini təmsil edən 160-a yaxın jurnalist və media nümayəndəsi iştirak edib.

“Biz yalnız qardaş və dost deyilik, həm də müttəfiqik”

Türkiyənin Anadolu Agentliyi Şuşa Forumuna dair yaydığı xəbərdə Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı mühüm fikirlərinə geniş yer ayırıb. Agentlik dövlət başçısının Türkiyə və Azərbaycanın dünyada bir-birinə ən yaxın iki ölkə olduğuna dair fikirlərini qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyev Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin regional sabitlik və əməkdaşlıq baxımından da mühüm element olduğunu söyləyib. Agentlik Prezident İlham Əliyevin bu sözlərini sitat gətirir: “Bu, həm də təhlükəsizlik baxımından vacib amildir. Çünki burada, beş il əvvəl Şuşada Türkiyə Prezidenti ilə birlikdə Şuşa Bəyannaməsini imzaladıq. Bu sənəd münasibətlərimizi faktiki olaraq müttəfiqlik səviyyəsinə qaldırdı. Buna görə də biz yalnız qardaş və dost deyilik, həm də müttəfiqik. Birimizin başına bədbəxt bir şey gələrsə, digərimiz onu müdafiə etmək üçün hərbi potensialı da daxil olmaqla, əlindəki bütün vasitələrlə qardaşının yanında olacaq”.

Anadolu Agentliyi ilə yanaşı, Türkiyənin “TRT Avaz”, “Milliyet”, “Saray Medya”, “Haber365”, “Akşam”, “Hürriyet”, “Haber1”, “Yeni Akit”, “İhlas Haber Ajansı”, “Manşet Haber”, “Birlik” və “Haber Global” kimi digər aparıcı xəbər saytları və media platformaları da Şuşa Qlobal Media Forumunu və Prezident İlham Əliyevin çıxışını diqqət mərkəzində saxlayaraq geniş materiallar yayımlayıblar.

Bakı-Moskva münasibətləri

Rusiya mətbuatı da Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışını geniş şəkildə işıqlandırıb. Dövlət başçısının bəyanatları Rusiyanın aparıcı xəbər agentlikləri və nəşrlərində, o cümlədən TASS, “İzvestiya”, “Kommersant”, “Rossiyskaya qazeta”, “Vedomosti”, “Arqumentı i faktı”, “Vzqlyad”, “Moskovski komsomolets” və digər qəzetlərdə günün əsas beynəlxalq mövzularından birinə çevrilib. Rusiya mediası Azərbaycan Prezidentinin Bakı ilə Moskva arasında münasibətlərin tam normallaşdığı və müsbət istiqamətdə inkişaf etdiyi barədə bəyanatına xüsusi diqqət yetirib. Prezident İlham Əliyevin “3+3” regional əməkdaşlıq formatı ilə bağlı bəyanatlarına da Rusiya mətbuatında geniş yer verilib. Media qurumları Azərbaycan liderinin bu mexanizmin bütün Cənubi Qafqaz məsələlərini əhatə etməli və regional əməkdaşlığın təməlini təşkil etməli olduğu barədəki mövqeyinə diqqət çəkib. Rusiya nəşrləri Azərbaycan dövlət başçısının Avropa Şurası ilə münasibətlərə dair açıqlamalarına geniş istinad edib. 

Rusiya-Ukrayna müharibəsinə dair fikirlər 

Ukraynanın dövlət informasiya agentliyi olan “Ukrinform”da, “Gordon”, “Tsenzor”, “Korrespondent”, “24tv.ua”, “Apastrof” və digər xəbər portallarında da dövlətimizin başçısının jurnalistlərin suallarını cavablandırarkən söylədiyi fikirlərə dair xəbərlər dərc edilib. Həmin xəbərlərdə Prezident İlham Əliyevə istinadla qeyd olunur ki, Rusiya və Ukrayna arasında müharibə zamanı Avropa İttifaqına Azərbaycan təbii qazının tədarükü 65 faiz artıb və Azərbaycan hasilatı daha da artırmağa hazırdır. Hazırda mövcud nəqliyyat infrastrukturunun genişləndirilməsi zəruridir. Hasilatın əhəmiyyətli dərəcədə artırılması əhəmiyyətli investisiya tələb edir. Azərbaycan da enerji ixracatını şaxələndirmək üçün çalışır və artıq Suriyaya qaz tədarükünə başlayıb və Suriya vasitəsilə Yaxın Şərq bazarlarına çıxış imkanlarını nəzərdən keçirir.

Ukrayna mediasında Prezident İlham Əliyevin Rusiya-Ukrayna müharibəsinə aid fikirlərinə dair xəbərlər də dərc edilib.

Regional məsələlərlə bağlı bəyanatlara geniş yer ayrılıb

İranın “İSNA”, “Fararu”, “Mardom Salari”, “Akharin Khabar” və “Vista” kimi tanınmış media qurumları da Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışını və regional məsələlərlə bağlı bəyanatlarını geniş işıqlandırıb. Gürcüstanın “İnterpressnews”, “Ambebi”, “Newshub Georgia”, “1tv.ge”, “imedinews.ge”, “news.ge”, “resonancedaily.com”, “for.ge”, “mcm.ge”, “aktual.ge”,“interpress.ge”, “qafqazturk.com”, “24news.ge” kimi mətbuat orqanlarında dərc olunan materiallarda Prezident İlham Əliyevin Azərbaycanın Avropa Şurası və Avropa İttifaqı ilə münasibətləri barədə fikirlərinə yer ayrılıb. Qeyd edilib ki, Prezident İlham Əliyev Azərbaycanın qarşıdurma axtarmadığını və normal münasibətlərə üstünlük verdiyini bildirib.

“Forum çərçivəsində formalaşan müsbət mühit”

İordaniyanın aparıcı kütləvi informasiya vasitələri – “Petra”, “Ammun” və “Nayrouz” xəbər agentlikləri, “Əl-Məmləkə” televiziya kanalı, eləcə də “Əl-Dustur” və “Jordan Daily” nəşrləri Şuşada keçirilən Qlobal Media Forumu və Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı barədə materiallar yayımlayıblar. Yazılarda Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunun əhəmiyyəti, Azərbaycanın bir sıra məsələlər üzrə siyasi mövqeyi və İslam ölkələri ilə münasibətləri barədə fikirlərinə geniş yer verilib.

Qeyd olunub ki, forum çərçivəsində formalaşan müsbət mühit beynəlxalq iştirakçılar arasında əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. İordaniya mediası Azərbaycanın beynəlxalq əlaqələri və xarici siyasət prioritetləri ilə bağlı Prezident İlham Əliyevin fikirlərini də diqqətə çatdırıb. 

F.Abasoğlu

banner

Oxşar Xəbərlər