Qayıdış və hüquqi islahatlar
İşğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır. Belə ki, yeni yaradılacaq fonda daxil olan yaşayış sahələri vətəndaşlara artıq icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində həm hüquqi, həm də praktiki addımlar atılmaqdadır. Bir tərəfdən bərpa edilən yaşayış məntəqələrinə əhalinin köçürülməsi təmin edilir, digər tərəfdən isə yeni reallıqlara uyğun qanunvericiliyə nəzərdə tutulan dəyişikliklər təsdiqlənir.
Daimi Məskunlaşdırma Fondu yaradılır
Belə ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara dəyişiklik təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı adıçəkilən qanunlara dəyişiklikləri imzalayıb.
Bu dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılır. Belə ki, yeni yaradılacaq fonda daxil olan yaşayış sahələri vətəndaşlara artıq icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək.
Fondun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Bundan başqa, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanuna edilən dəyişikliklə şəxs işğaldan azad edilən ərazidə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya imkandan imtina etdikdə statusun itirilməsi hüquqi baxımdan dəqiq müəyyən olunur.
"Məcburi köçkünlərin sosial müdafiəsi haqqında" qanuna edilən dəyişiklik isə sosial müdafiə tədbirlərinin 3 il müddətində davam etməsini dəqiqləşdirir. Bu müddətin hesablanması statusun itirildiyi gündən başlanacaq. Artıq yeni ərazilərdə mənzil almış məcburi köçkünlər də təklif olunan hüquqi imtiyazlardan yararlana biləcəklər.
Köç prosesi də davam edir
İşğaldan azad edilmiş ayrı-ayrı yaşayış məntəqələrinə keçmiş məcburi köçkünlərin köçürülməsi prosesi də davam etməkdədir. Növbəti köçün ünvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndidir. Bu mərhələdə 12 ailə doğma yurduna qovuşub. Mənzil başına çatan ailələrə mənzillərin açarları təqdim olunub. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Şükürbəyli kəndi ilə yanaşı, Ağdərənin Həsənriz, Kolatağ, Aşağı Oratağ, Vəngli, Xocalının Təzəbinə, Badara, Xanabad, Daşbulaq və Seyidbəyli kəndlərinə də növbəti köç reallaşıb. Ağdərənin Aşağı Oratağ kəndinə 10 ailə, 34 nəfər, Vəngli kəndinə 6 ailə, 26 nəfər, Həsənriz kəndinə 6 ailə, 17 nəfər, Kolatağ kəndinə 3 ailə, 19 nəfər məskunlaşdırılıb. Həmçinin Xocalının Xanabad kəndinə 10 ailə, 31 nəfər, Təzəbinə kəndinə 9 ailə, 39 nəfər, Badara kəndinə 6 ailə, 24 nəfər, Daşbulaq kəndinə 2 ailə, 7 nəfər, Seyidbəyli kəndinə 1 ailə, 5 nəfər köçürülüb.
“17 yaşında çıxmışdım, 52 yaşında qayıdıram”
Doğma yurdlarına qayıdan sakinlər də yaradılan şəraitdən və köç prosesinin uğurla reallaşmasından razıdırlar.
“Xocalının azad olunması Prezident İlham Əliyevin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun şücaəti sayəsində mümkün olub”. "Report" xəbər verir ki, bunu 17 yaşında Xocalı rayonunun Meşəli kəndindən çıxan Elşən İbadullayev Badara kəndinə köçürülən zaman deyib.
"Çox sevincliyik, Xocalı rayonunun Badara kəndinə köç edirik", - deyə 52 yaşında Xocalıya qayıdan E. İbadullayev əlavə edib. Cəbrayıl sakini Abdullayeva Zoya bu sevinci onlara yaşatdığına görə Azərbaycan Prezidentinə və hərbçilərə minnətdarlıq edib.