• şənbə, 25 Iyul, 06:09
  • Baku Bakı 29°C

Şimali Əfqanıstanda güc savaşı

25.07.26 03:16 24
Şimali Əfqanıstanda güc savaşı

"Taliban"ın Əfqanıstanın şimalındakı vilayətlərə nəzarəti sarsılır. Mərkəzi hakimiyyətdə təmsil olunanların qızıl hasilatı və narkotik tranzitinə nəzarəti əllərinə almaq istəkləri müqavimətlə qarşılanıb. 

“Taliban” 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra ölkənin bütün ərazisi, o cümlədən şimal bölgələri de-fakto nəzarətə alınıb. Əvvəllər şimal vilayətləri “Taliban”ın ən zəif olduğu ərazilər hesab edilirdi və burada əsasən tacik, özbək və türkmənlər yaşayırdılar. Lakin ABŞ və NATO qüvvələrinin ölkədən çıxmasından sonra “Taliban” sürətlə irəlilədi və qısa müddətdə şimaldakı Məzari-Şərif, Qunduz və digər mühüm şəhərləri də ələ keçirə bildi. Son vaxtlara qədər “Taliban” Şimali Əfqanıstanda inzibati idarəetməni və sərhəd keçidlərini tam nəzarətdə saxlayıb. 

Qızıl hasilatı və narkotik tranzitinə nəzarət uğrunda mübarizə 

Son vaxtlarsa vəziyyət bir qədər dəyişib. Yayılan məlumatlara görə, “Taliban" hərəkatı Əfqanıstanın şimal-şərqində yerləşən Bədəxşan vilayətində ciddi idarəetmə problemləri ilə üzləşib. Yerli səhra komandirləri təkcə Kabul və Qəndəhardan gələn əmrlərə tabe olmaqdan imtina etmir, həm də “Taliban” silahlı dəstələrini tərk-silah edərək "İslam Əmirliyi"nin zəifliyini nümayiş etdirirlər. 

Müşahidəçilər hesab edirlər ki, bu hadisələr “Taliban” üçün daha təhlükəli proseslərin başlanğıcı ola bilər. 
Bədəxşanda hərbi-siyasi sabitsizliyin güclənməsi 2025-ci ilin ikinci yarısında aydın görünməyə başlayıb. Bu, əsasən “Taliban” daxilində müxtəlif etnik qruplar arasında iqtisadiyyatın ən gəlirli iki sahəsi – qızıl hasilatı və narkotiklərin tranziti üzərində nəzarət uğrunda mübarizə ilə bağlı olub.

“Cihad veteranları”nın daha çox varlanmaq istəkləri

2023-2024-cü illərdə Bədəxşanda qızıl hasilatı demək olar ki, tamamilə yerli nüfuzlu şəxslərin, xüsusilə “Taliban” ordusunun Baş Qərargah rəisi Qari Fasihuddin Fitrata yaxın olan simaların nəzarətində idi. Onlara çinli iş adamları da fəal şəkildə yardım göstərirdilər. Həmin şəxslər arasında Çin xüsusi xidmət orqanlarının əməkdaşları da az deyildi. Onlar "qızıl layihələri"ni örtük kimi istifadə edərək, Şimali Əfqanıstanda fəaliyyət göstərən uyğur cihadçı qrupların fəaliyyətini də izləyirdilər. 2024-cü ildən etibarən Kabul və Qəndəhardakı digər “Taliban” rəhbərləri də Bədəxşandakı qızıl hasilatı layihələrinə maraq göstərməyə başlayırlar. "Cihad veteranları”nın daha çox varlanmaq istəkləri bu marağı bir qədər də gücləndirır. Bu istiqamətdə ən fəal fiqurlardan biri “Taliban” lideri Molla Heybətullah Axundzadənin yaxın silahdaşlarından olan Hacı Bəşir Nurzay olur. Nurzay 1994-cü ildə “Taliban”a ilk maliyyə dəstəyini verib, həm də ölkənin narkotik sənayesinin baş koordinatoru kimi tanınır. O, yerli tərəfdarlarının və “Taliban”ın güc strukturlarının köməyi ilə Bədəxşandakı yerli nüfuzlu şəxslərin əlindən qızıl hasilatı biznesinə, həmçinin Tacikistan və Çin istiqamətində narkotik tranzitinə nəzarəti ələ keçirməyə başlayıb. 

Qarşıdurmanın etnik tərəfi də var

Təbii ki, Bədəxşanın yerli nüfuzlu şəxsləri bu gəlirli biznesdən sakitcə imtina etmirlər. Həm də münaqişə yalnız iqtisadi maraqlarla məhdudlaşmır. Kabul və Qəndəhardan gələn “Taliban” nümayəndələri özlərini kobud aparır, yerlilərə ikinci dərəcəli insanlar kimi yanaşırlar. Qarşıdurmanın etnik tərəfi də var. Bədəxşanın yerli komandirləri əsasən taciklər, onların biznesini ələ keçirməyə çalışan “Taliban” nümayəndələri isə cənubdakı puştun elitasının dəstəklədiyi puştunlardır.
Bədəxşanda müqavimətin qarşısını almağa çalışan “Taliban” əvvəlcə bəzi yerli liderləri qorxutmağa, sonra isə ələ almağa çalışıb. Məsələn, Bədəxşandan olan tanınmış tacik talibançı İmam Din heç bir problemlə üzləşmədən Bəşir Nurzainin narkotik qaçaqmalçılığı şəbəkəsinə inteqrasiya olunub və "pis polis" kimi fəaliyyət göstərməyə başlayıb. 

İlk etirazı 34 yaşlı nüfuzlu komandir Cuma Xan Fateh edir 

Gəlmələrə qarşı ilk etirazı Bədəxşandakı Dərvaz rayonuna faktiki nəzarət edən 34 yaşlı nüfuzlu komandir Cuma Xan Fateh edib. Gəlmələr əvvəlcə onu cənubdakı puştun əyalətlərindən birinin vitse-qubernatoru vəzifəsinə keçirərək, zərərsizləşdirməyə çalışırlar. Lakin Cuma Fateh puştunların ona qarşı iki intiharçı hazırladıqlarını öyrəndikdən sonra evə qayıdıb və iyulun əvvəlində mərkəzin əmrlərinə tabe olmaqdan imtina edərək üsyan qaldırıb. “Taliban” üç həftə ərzində onunla danışıqlar aparıb. Paralel olaraq Helmand və Qəndəhardan 2000 nəfərlik puştun korpusunu bölgəyə köçürüb. 
Amma görünən budur ki, “Taliban” liderləri Bədəxşan üsyançısı ilə açıq düşmənçilikdən yayınıblar. Çünki ehtiyat ediblər ki, Cuma Fatehlə açıq müharibə Bədəxşanda “Taliban” rejiminə qarşı kütləvi xalq üsyanına səbəb ola bilər. 

Son məlumatlara görə, Cuma Xan Fateh “Taliban”la danışıqlar üçün Kabilə gəlməyə razılaşıb. Müxtəlif mənbələrə görə, onun təhlükəsizliyinə Dərvazda fəxri məhbus kimi qalan bir neçə puştun “Taliban” komandiri (onların arasında “Taliban” xüsusi təyinatlı qüvvələrinin komandiri də var) tərəfindən zəmanət verilir. 

Daha bir üsyançı keçmiş xüsusi təyinatlı olub 

Cuma Fatehlə paralel olaraq, 25 yaşlı Bədəxşan komandiri Əbdül Qayum Malanq da 17 iyul gecəsi özünü "Vətən Döyüşçüləri" adlandıran 50 tərəfdarı ilə birlikdə Yaftali-Pain rayonuna nəzarəti ələ keçirib. Əbdül narkotik ticarəti və ya qızıl mədəni ilə əlaqəsi olmayan keçmiş xüsusi təyinatlı əsgərdir. O, bir neçə saat ərzində və faktiki olaraq atəş açmadan “Taliban” administrasiyasının, polisin və rayon təhlükəsizlik təşkilatının binalarını ələ keçirə bilib. Amma rayonu bir neçə saat əldə saxladıqdan sonra könüllü olaraq silahlarını təhvil verib. Müşahidəçilərin fikrincə, Bədəxşandakı hadisələr tezliklə Əfqanıstanın şimalındakı digər bölgələrdə də davam edə bilər. 

Azər Nuriyev 

banner

Oxşar Xəbərlər