• şənbə, 25 Iyul, 06:07
  • Baku Bakı 29°C

Bakı-Berlin xəttində yeni dinamika

25.07.26 04:28 26
Bakı-Berlin xəttində yeni dinamika

Prezident İlham Əliyevin Avropa İttifaqının lider dövlətlərindən olan Almaniyaya rəsmi səfəri ölkəmizin müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq kursunun davamı kimi qiymətləndirilə bilər. İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə Azərbaycan-Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur.

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə əlaqələri rəsmi Bakının üzv dövlətlərlə ikitərəfli münasibətləri dərinləşdirməsi fonunda yeni mərhələyə keçib. Bu dəfə Azərbaycan Prezidenti İlham Əliyev Aİ-nin ən böyük iqtisadi gücü sayılan Almaniyada rəsmi səfərdə olub. 

İkitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə

Dövlət başçısı səfər çərçivəsində almaniyalı həmkarı Frank-Valter Ştaynmayer ilə görüşüb. Daha sonra Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə bir araya gəlib. Tərəflər ikitərəfli münasibətləri əhatə edən əməkdaşlığa dair kompleks müzakirələr aparıblar. Daha sonra Azərbaycan və Almaniya arasında ikitərəfli əməkdaşlığa dair sənədlər imzalanıb. Prezident İlham Əliyev və Kansler Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzalayıblar. İmzalanan sənədlər arasında Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə də xüsusi qeyd olunmalıdır. 

Regional müharibələrin təsiri

Səfər çərçivəsində müzakirə edilən məsələlər və gələcək əməkdaşlıqla bağlı planlara dair tərəflər mətbuata birgə bəyanatları zamanı açıqlamalar veriblər. 

Almaniya üçün Azərbaycanın artan əhəmiyyəti və strateji çəkisi Fridrix Merts tərəfindən bəyan edilib. Hər iki ölkənin yaxın coğrafiyada davam edən münaqişələrdən təsirləndiyi qeyd olunub. “Həmin müharibələr Almaniyaya və Azərbaycana onların təhlükəsizliyi və iqtisadi maraqları baxımından böyük təsir göstərib. Baxmayaraq ki, hər iki münaqişə təfərrüatlarına görə fərqli ola bilər. Biz istənilən halda danışıqlar yolu ilə həll variantlarını təşviq edirik. Bizi eyni qənaət birləşdirir ki, yekun nəticədə yalnız danışıqlar yolu ilə nizamlama uzunmüddətli sülhü, təhlükəsizliyi və sabitliyi gətirə bilər”, - Merts bildirib.

Cənubi Qafqazda sülh çağırışı

Almaniya kansleri bəyan edib ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik ölkəsi üçün də zəruridir: “Almaniya və Avropa İttifaqı həmin geosiyasi baxımdan mühüm bölgədə davamlı dincliyə nail olmaqda çox maraqlıdırlar. Bu səbəbdən, cənab Prezident, biz Sizi Almaniyada salamlamaqdan xüsusi olaraq məmnunuq. Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanmasına nail olmağınız münasibətilə Sizi təbrik edirik. Bu, tarixi razılaşmadır. Onilliklərlə davam etmiş münaqişəni onun sayəsində aradan qaldırmaq fürsəti yaranır. Bölgədə daha böyük sabitlik ölkələrimiz arasında iqtisadi sahədə də geniş əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

Azərbaycanın Almaniya üçün artan əhəmiyyəti 

Fridrix Merts Azərbaycanın ölkəsi üçün artan əhəmiyyətini şərtləndirən amillərə də toxunub. Bildirib ki, hazırkı böhran şəraitində xam neftin və Cənub Qaz Dəhlizi ilə təbii qazın təchizatında əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir: “Biz Azərbaycanla əməkdaşlıq yolu ilə enerji təchizatımızı daha da şaxələndirmək istəyirik”. Onun sözlərinə görə, Cənubi Qafqazın Avropa ilə Asiya arasında körpü kimi əhəmiyyəti də artır. 

Cənubi Qafqazda alman kapitalı

Prezident İlham Əliyev səfər çərçivəsində imzalanmış Birgə Bəyannamənin əhəmiyyətinə toxunub. Bildirib ki, Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcək. Onun sözlərinə görə, Almaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Fəal iş görən şirkətlərin sayı 200-dən çoxdur: “Əminəm ki, bugünkü səfərdən sonra onların sayı daha da artacaq. Qarşılıqlı sərmayə qoyuluşu məsələləri müzakirə edilir. Alman şirkətlərinin daha geniş çərçivədə Azərbaycanda fəaliyyəti üçün konkret təkliflər irəli sürülmüşdür”.

Enerji və bağlantılar sahəsində əməkdaşlıq

Dövlət başçısı enerji və bağlantılar sahəsində əməkdaşlıq perspektivlərindən də danışıb. Bildirib ki, bu ildən başlayaraq Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlayıb. Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir: “Bağlantılarla və tranzit imkanları ilə bağlı da Azərbaycan-Almaniya əməkdaşlığının çox böyük əhəmiyyəti var. Çünki Almaniya şirkətləri bu istiqamətdə çox böyük uğurlar əldə edib. Azərbaycan öz nəqliyyat infrastrukturunu təkmilləşdirir. Keçən il Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmaqla, Azərbaycan bir növ Orta Asiya ilə Avropa arasında körpü rolunu oynayır və bu rol getdikcə artacaqdır”. 

Artan etimadın göstəricisi

Qeyd edək ki, Azərbaycan Prezidentinin Aİ-nin lider dövlətlərindən olan Almaniyaya səfəri ölkəmizin müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu əməkdaşlıq kursunun davamı kimi qiymətləndirilə bilər. Bu baxımdan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” Azərbaycan-Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bəyannamənin açıqlanan mətnindən də göründüyü kimi, sənəd bu zamana qədər iki ölkə arasında ayrı-ayrı sahələr üzrə əməkdaşlıq istiqamətlərini vahid strateji çərçivəyə salmaqla əsas prioritetləri özündə cəmləşdirir. Buraya tərəflər arasında siyasi dialoq, iqtisadiyyat, enerji, təhlükəsizlik, elm, texnologiya, təhsil və humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsi daxildir. Qeyd edək ki, Almaniya İtaliyadan sonra Azərbaycanın Qərbi Avropanın böyük dövlətləri ilə strateji çərçivə sənədi imzaladığı ikinci ölkədir. Bu amili nəzərə alsaq, Aİ-nin əsas siyasi və iqtisadi güc mərkəzləri ilə münasibətlərin dərinləşdirilməsinə hesablanan bu addımlar Azərbaycanın artan gücünün və yaratdığı yeni reallıqların qəbul olunması kimi dəyərləndirilə bilər. Dövlət başçısının Almaniya səfəri bu baxımdan tək ikitərəfli münasibətlərin yeni mərhələsinin başlanğıcı kimi yox, həm də Bakı ilə Aİ arasında artan etimadın göstəricisi kimi qəbul edilməlidir. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər